“Azərbaycan həsrəti” kitabının imza günü keçirilib

21:42 | 06.03.2014
“Azərbaycan həsrəti” kitabının imza günü keçirilib

“Azərbaycan həsrəti” kitabının imza günü keçirilib

Martın 6-da Məhəmməd Əmin Rəsulzadənin anım günü münasibətilə Bakı şəhərindəki Zero Kitab Evində “Azərbaycan həsrəti” kitabının imza günü keçirilib. 

Kitabın müəllifi jurnalist Nəcibə Bağırzadə bildirib ki, bu tədbiri keçirməkdə əsl məqsədi Rəsulzadəsevərləri bir araya yığmaq olub. Azər Rəsulzadəyə həsr edilən bu kitab vasitəsilə Məhəmməd Əmin bəyin özünü və bütün əzizlərini yad etmək istəyib. 

M.Ə.Rəsulzadənin kiçik oğlu rəssam Azər Rəsulzadəyə həsr olunan “Azərbaycan həsrəti” kitabı ötən il onun vəfatının 20-ci ildönümünə ithaf edilərək nəşr olunub. Kitab Qazaxıstanda sürgün həyatı yaşamış Azər bəyin ömür yolunu, həyat hekayəsini anladır. Burada yaşanan məhrumiyyətlər, Vətən həsrəti və yarımçıq qalan arzular təbii bir şəkildə qələmə alınıb. 

Kitabın müəllifi qeyd edib ki, bütün bunları yazmağı özünə borc bilib. Azər bəy 20 ildir aramızda yoxdur, amma onun şəxsiyyətinin böyüklüyü, əqidəsi qəlbimizdə həmişə yaşayacaq. Və gələcəkdə bu mövzunu davam etdirəcək. Çünki Rəsulzadələr haqqında nə qədər kitab yazılsa, azdır. 

İmza günündə iştirak edən oxucular, Rəsulzadəsevərlər, o cümlədən, professor Ədalət Tahirzadə, publisist Teyyub Qurban kitab haqqında öz fikirlərini bölüşüblər. 

Tədbirdə Azər Rəsulzadənin oğlu əməkdar rəssam, Azərbaycan Pedaqoji Universitetinin dosenti Rəis Rəsulzadə də iştirak edib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM