Azərbaycan kimyasının cəngavəri

10:20 | 15.10.2015
Azərbaycan kimyasının cəngavəri

Azərbaycan kimyasının cəngavəri

Oktyabrın 15-də Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Şamxal Məmmədovun anadan olmasının 105 illiyi tamam olur. 

ANS PRESS-in məlumatına görə, kimya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş ilk azərbaycanlılardan biri olan Şamxal Məmmədov Azərbaycan elmində dərin iz buraxıb. O, 400-dən artıq elmi işin, 70-dən artıq ixtiranın müəllifi olmaqla yanaşı, 55 illik elmi fəaliyyəti nəticəsində yüzlərlə yüksək ixtisaslı kimyaçının yetişdirilməsinə dəstək verib. Onun yetirməsi olan alimlər yalnız Azərbaycanda deyil, Rusiyada və Orta Asiya respublikalarında kimya elminin inkişafına böyük töhfələr veriblər.

Şamxal Məmmədov 74 illik ömründə qazandığı bütün uğurlara dərin zəka və əhatəli savadı ilə yanaşı böyük iradəsi və əzmi sayəsində nail olub. 1910-cu il oktyabr ayının 15-də Azərbaycanın Fizuli (keçmiş Qaryagin) şəhərində yoxsul ailədə dünyaya gəmiş kimyaçı 1929-cu ildə doğma şəhərində orta təhsilini başa vurub. Həmin il Bakıya gələrək Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (APİ), yəni indiki Tusi adına ADPU-nun təbiət-riyaziyyat fakültəsinin kimya-biologiya şöbəsinə daxil olub, 1932-ci ildə oranı uğurla bitirib. 1932-35-ci illərdə APİ-də aspiranturada oxumuş Şamxal Məmmədov 1936-cı ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü Konstantin Adamoviç Krasuskinin rəhbərliyi altında "Alfa qlikollar” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 

Beləliklə, 26 yaşlı gənc böyük elmin keşməkeşli yollarına vəsiqə qazanıb və elmi fəaliyyətini Azərbaycan Dövlət Universitetinin, yəni indiki BDU-nun "Üzvi kimya” kafedrasında davam etdirib. Kafedrada əvvəlcə assisent, sonra isə dosent kimi fəaliyyət göstərib. 

1942-ci ildə 32 yaşlı Şamxal Məmmədov "Sadə qlikol efirlərin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etməklə üzvi kimya ixtisası üzrə kimya elmləri doktoru adı almış ilk azərbaycanlı kimi tarixə düşüb. Müdfiə zamanı onun opponentləri olan dünya şöhrətli kimyaçı alimlər - professor A.F.Dobryanski, N.M.Karavayev və E.V.Alekseyev dissertasiya işini yüksək qiymətləndiriblər. 

1943-1952-ci illərdə Şamxal Məmmədov Azərbaycan Dövlət Universitetinin "Üzvi kimya” kafedrasının müdiri olub. Həmçinin o, 1937-ci ildən o, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Kimya İnstitutunun "Üzvi kimya” laboratoriyasının müdiri, həmçinin 1943-49-cu illərdə isə həmin institutunun direktoru işləyib. 

Təbiətcə yaradıcı insan və əsl ziyalı olan Şamxal Məmmədov həmin dövrün bir çox ədəbiyyat və elm ximləri ilə yaxından tanış olub. Xalq şairi Səməd Vurğun, yazıçı Sabit Rəhman, uzun müddət Azərbaycanın maarif naziri işləmiş professor Mehdi Mehdizadə onunla yaxın dost olublar. 

Lakin 1937-ci ildən başlamış repressiya dövrü Şamxal Məmmədovdan da yan keçməyib. Stalinin hakimiyyətinin son illərinə yaxın ona qarşı böyük ədalətsizlik olmuş, yuxarıdan verilmiş bir əmrlə doktorluq dissertasiya ləğv edilmişdi. Ancaq Şamxal Məmmədov sınmamış, 1954-cü ildə yenidən doktorluq dissertasiyası müdafiə edib. Beləliklə, Şamxal Məmmədov Azərbaycan elminin tarixinə həm də doktorluq dissertasiyasını iki dəfə müdafiə etmiş ilk alim kimi düşüb. 1956-cı ildə ona professor adı verilib. 1956-1959-cu illərdə o, APİ-nin "Kimya” kafedrasına rəhbərlik edib. 

1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutunun tərkibində professor Şamxal Məmmədovun rəhbərliyi altında "Bioloji aktiv maddələrin sintezi və texnologiyası” laboratoriyası yaradılıb. O ömrünün 20 ilini bu laboratoriyaya rəhbərliyə həsr edib, 1967-ci ildə laboratoriyada qazandığı nailiyyətlərə görə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1978-ci ildə xəstəliyinə görə təqaüdə çıxmış professor ömrünün son günlərinə qədər laboratoriyanın elmi məsləhətçisi olub. Laboratoriya 1984-cü ildə dünyasını dəyişmiş professorun ölümündən sonra da fəaliyyət göstərib, sənayenin və kənd təsərrüfatının bir çox problemlərinin həllində böyük rol oynayan bioloji aktiv maddələrin alınmasında önəmli rol oynayıb.

Şamxal Məmmədovun bilavasitə rəhbərliyi altında çox sayda yeni üzvi birləşmələr alınıb və bunların əksəriyyəti ABŞ-ın "Index Chemical” sistemində qeydiyyatdan keçib. 
Laboratoriyada sintez edilmiş yeni qlikol efirlərinin öyrənilməsi nəticəsində pestisid xassəli bioloji aktiv birləşmələr aşkar edilib. Şərti adı "Efiran” olan bu maddələr kənd təsərrüfatının müxtəlif sahələrində tətbiq edilib. Məsələn, professorun yaratdığı "Efiran 12-19” adlanan yüksək seçicilik təsirinə malik herbisid iki ləpəli alaq otlarına qarşı mübarizədə istifadə edilib. Bu, dünya elmi üçün yenilik idi. O, dənli bitkilərin alaq otlarından mühafizəsi üçün nəzərdə tutulmuşdu. Əvvəl Azərbaycanda, sonra SSRİ-nin müxtəlif iqlim qurşaqlarında sınaqdan keçirilmiş "Efiran 12-19” herbisid preparatının kütləvi istehsalına icazə verilmişdi. 
Professorun rəhbərliyi altında baytarlıqda müalicə məqsədi ilə işlədilən "Efiran B”, "Efiran-111” preparatları, pambıq sovkasına qarşı nəzərdə tutulan "Muğan” preparatı, kənd təsərrüfatı heyvanlarında rast gəlinən ziyanvericilərə qarşı nəzərdə tutulan müxtəlif yeni preparatlar da kənd təsərrüfatında geniş praktikitətbiq tapıb. Onun kəşf etdiyi "ANAZ” adlanan bioloji xassəli plastifikatoru xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq edilib. Alınan yeni kimyəvi birləşmələr həmim illərdə xaricdən yüksək qiymətə alınan çox sayda bahalı maddələri əvəz etməyə imkan yaratdı.

Azərbaycan elminə çox sayda elmi kadrlar yetişdirməklə töhfələr vermiş Şamxal Məmmədov öz doğma övladlarını da elm yolu ilə getmələrinə həvəsləndirib. Bununla da Azərbaycan elmi istiqamətinə yeni istedadlı və peşəkar kadrlar bəxş edib. Onun 1940-cı ildə anadan olmuş oğlu Erkin Məmmədov da kimya sahəsində böyük elmi nəticələr əldə edib. 63 yaşında dünyasını dəyişmiş professor Erkin Məmmədov uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya Problemləri İnstitutunda laboratoriya müdiri olub. "Erkin çox gözəl pianoçu idi. Orta məktəbi bitirdikdən sonra müəllimləri ona müsigiçi olmağı tövsiyə edirdilər. Lakin atam onun kimya sahəsində daha yüksək nəticələr edəcəyini söylədi və ona kimyaçı oımağı tövsiyə etdi”, - deyə bacısı Pərvin xanım söyləyir
AMEA-nın Aşqarlar Kimyası İnstitutunla laboratoriya müdiri, professor Pərvin Məmmədovanın da ixtisas seçimində atasının böyük təsiri olub. O, həkim olmaq istəyirmiş, amma atasının tövsiyyəsi ilə kimya ixtisasını seçib. O da bioloji aktiv maddələrin tədqiqi baxımından yüksək elmi nailiyyətlər əldə edib, eyni zamanda, o da atası kimi uzun illərdir ki, pedaqoji fəaliyyətlə də məşğuldur. Ailənin üçüncü övladı Elnur Məmmədov da atasının yolu ilə gedir. O, kimya üzrə fəlsəfə doktoru, AMEA-nın "Kimya elmləri” bölməsinin elmi katibidir. Ailənin kiçik övladı Leyla Məmmədova kimyaya yaxın olan biologiya üzrə mütəxəssisdir.

Şamxal Məmmədov 1970-80-cı illərdə Azərbaycan elminin canlı əfsanəsi idi. Elm yoluna qədəm qoymuş hər bir gənc onun mübarizə dolu elmi yaradıcılıq yolunu özünə örnək seçirdi. Repressiya olunaraq elmi adı əlindən alındıqdan sonra yenidən doktorluq dissertasiyası müdafiə etmiş bu igid alimin cəngavər xarakteri gəncləri heyran edirdi. Azərbaycana elmi işinə bilavasitə rəhbərlik etdiyi 3 elmlər doktoru, 50 elmlər namizədi bəxş etmiş Şamxal Məmmədovun yetirmələri ömrü boyu onu xoş sözlərlə xatırlayıblar. Onun yetirməsi professor Cavid Xıdırov yazırdı: "Nəcib, insanpərvər, qürurlu, öz elmi ənənələrinə sadiq və öz xalqına bağlı olan Şamxal müəllim mənim hafizəmə vüqarla dayanan, başı qarlı dağlar kimi həkk olunub”.

Professor Şamxal Məmmədovun bu cəngavərlik dolu xatirəsi Azərbaycanın indiki gəncliyi üçün də örnək olmalıdır. Cəmi 97 ildir ki, imzasını imzalar içinə atmış millətmiz və dövlətimiz üçün elmin təməlini qoymuş belə insanların igidlik və mübarizə dolu yolu bu günkü Azərbaycan gənclərini də böyük elmin zirvələrinə səsləməlidir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM