Azərbaycan qadınları dini cərəyanlara necə qoşulur?

14:50 | 08.07.2014
Azərbaycan qadınları dini cərəyanlara necə qoşulur?

Azərbaycan qadınları dini cərəyanlara necə qoşulur?

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hədəfə aldğı ölkələrdə daxili gərginlik hökm sürməkdədir.

Cinsi diskriminasiyanı leqallaşdırmağa çalışan radikal terror təşkilatları bu sahədə iyrənc addımlar atmaqda davam edir.

Qadınlara qarşı qeyri-ənənəvi üsullardan istifadə edilməklə sanki qarşıya “mənəvi hədəf” qoyulub.

Terrorçuların statistikasına əsasən, çeçen qadınlar radikal qruplaşmaya liderlik edir.

Səudiyyə Ərəbistanında da terrorçu qadınlar üstünlük təşkil edir. Suriyada baş verən son hadisələrdən sonra adıçəkilən ölkədə vuruşmaq üçün terror təşkilatlarına çoxlu sayda qadınların müraciət etdiyi məlum olub.

Azərbaycanda məzhəb ayrı-seçkiliyinə yol açan qüvvələrin çoxalması qadınların da bu sahədəki fəaliyyətini istisna etmir.

Radikal qruplaşmalar qadınlardan “hədəfə dəqiq zərbə” kimi istifadə edirlər. Eyni zamanda, qadınlar müxtəlif yollarla terror təşkilatlarına üzv qəbul olunur.

Dini ekspert, fəlsəfə elmləri doktoru Əli Abbasov Modern.az-a açıqlamasında radikal terror təşkilatlarına qoşulan azərbaycanlı qadınlardan danışıb: “Düzdür, terror təşkilatları daha çox kişilərlə işlədiyindən, qadınlara elə də üstünlük vermirlər. Yalnız öz evində, öz ailəsində qadına xas olan istiqamətdə əlaqə qura bilərlər. Ən böyük problem odur ki, Azərbaycanda dövlət tərəfindən rəsmi olaraq radikal terror təşkilatına qoşulan qadınlarla bağlı sosioloji tədqiqatlar aparılmır. Aparılanda da rəqəmlər, informasiyalar mətbuatda görünmür. Ona görə də bu məsələdə bir az çətinlik var. Sadəcə olaraq, Azərbaycanda bu cür təşkilatlara qoşulma gizli formada olur”.

Əli Abbasov terror təşkilatına qoşulan kişilərlə bərabər qadınlara qarşı da məhkəmə proseslərinin olduğunu deyib.  

“Bizdə bir-iki məhkəmə prosesi sırf terrora qoşulan qadınlarla bağlı olub. Çünki 1990-2000-ci illər arasında ərəblərin burda humanitar təşkilatı olub. 1993-cü ildə dinlə bağlı qəbul edilən qanuna görə, Azərbaycanda olan dini təşkilatlar xaricdə olan mərkəzlərə tabe ola bilərdi. Sonra isə bu qanunda dəyişikliklər oldu. Ancaq xristian və yəhudi icmalarınfa belə icazə qalıb. Azərbaycanda olan bütün müsəlman dini təşkilatlar fəaliyyət üçün Azərbaycanın rəsmi orqanlarından icazə almalıdır. Ona görə də terror təşkilatlarına qoşulan qadınlar qeyri-rəsmi olaraq, gizli formada bunu edib”. 

Dini ekspertin sözlərinə görə, azərbaycanlı qadınlar müxtəlif yollarla həmin radikal təşkilatlara qoşulur. 

“Əvvəla, azərbaycanlı qadınların həyat yoldaşları hansısa formada təzyiq göstərərək onlardan qruplaşmaya üzv olmağı xahiş edir. İkinci tərəf odur ki, dini təşkilatlar qadınlardan orda olan insanlara kömək etmək, birlik yaratmaq və ya hansısa tədbirləri keçirtmək üçün istifadə edirlər.

Paytaxtdan fərqli olaraq, regionlarda qadınların radikal təşkilatlara qoşulması haqqında düşünmək olar. Amma paytaxt qadınları arasında hansısa radikal qruplaşmaya meyl olduğunu izləmirik. Əlavə olaraq onu da deyim ki, bu gün Azərbaycanda “ikinci nəsil” əmələ gəlib.

Birinci nəsil odur ki, əvvəllər əcnəbilər gəlib burada işləyirdilər. O vaxtlar belə imkan var idi. Lakin qadağa olandan sonra Azərbaycanda vəhhabiliyi yayanların ikinci nəsli yetişdi. Onların  əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Deyə bilərəm ki, o insanlar buna ya ürəkdən inanırlar, ya da məsələnin içində maliyyə dayanır”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM