Məşhur Azərbaycan rejissoru Tahir Tahiroviç Rusiyanın Ukraynaya hərbi təcavüzünə etiraz olaraq rejissoru olduğu filmin Rusiyada keçirilən "Zolotoy vityaz" festivalında nümayişindən imtina edib. Bu barədə rejissor özü məlumat verib.
Festival təşkilatçılarına ünvanladığı müraciətdə Tahir Tahiroviç rejissoru olduğu "Qırmızı" filminin festivaldan çıxarılmasını xahiş edib.
"Hörmətli həmkarlar! Sizə festivalda uğurlar arzulayıram. Təəssüflər olsun ki, mən sizin festivalda iştirak etmək istəmirəm. Ukraynada baş verən hadisələrə etiraz əlaməti olaraq sizdən xahiş edirəm ki, filmimi "Zolotoy Vityaz" festivalı proqramından çıxarasınız", - rejissorun festivala ünvanladığı müraciətdə bildirilir.
"Qırmızı” qısametrajlı bədii filmi uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs edir. Valideynləri ayrıldığına görə evdə tək qalan məktəbli qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir.
Tahir Tahiroviç Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində təhsil alıb. O, "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor, AzTV-nin "Xüsusi layihələr" departamentində rejissor, "Salnamə" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb.
Tahir Tahiroviç hazırda Aran Film Yaradıcılıq Mərkəzinin bədii rəhbəri olub.
O, "Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir. Bir çox Beynalxalq Kino Festivalların iştirakçısı və qalibi olub. Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyyətinin və Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının üzvdür.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !