Azərbaycan sərhədçiləri İŞİD-çini yaxaladı

13:26 | 22.10.2015
Azərbaycan sərhədçiləri İŞİD-çini yaxaladı

Azərbaycan sərhədçiləri İŞİD-çini yaxaladı


Oktyabrın 15-də Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonu I Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Şirinov Babək Pərviz oğlu saxlanılıb.
                                     
Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşmüş B. Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq olub.
 
Keçirilmiş əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Zaqatala rayonunun Əliabad kənd sakini Şamxalov Əfqan Niyazi oğlu da saxlanılıb.
 
Oktyabrın 18-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana qaçaqmal gətirilməsi cəhdinin qarşısı alınıb. Sərhəd naryadı tərəfindən təqib olunan sərhəd pozucusu iki bağlamada Çin istehsalı olan 254 ədəd mobil telefonu hadisə yerində ataraq geri qaçmağa müvəffəq  olub.
 
Oktyabrın 20-də Ağstafa rayonunun ərazisində yerləşən "Dəmirtəpə” sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini Məmmədov Elsevər Rasim oğlu Gürcüstandan Azərbaycana 30 baş iribuynuzlu mal-qara gətirərkən saxlanılıb.
 
Hər üç fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM