Azərbaycan və Allahın suyu - YAZI

16:50 | 24.09.2014
Azərbaycan və Allahın suyu - YAZI

Azərbaycan və Allahın suyu - YAZI

Cavid Ramazanlı
Avropalılarla, amerikalılarla müqayisə olunanda bizim camaatın Sabirdən tez-tez sitat gətirdikləri misra var. Hərdən dəxlisiz də olsa, bu misraları harda gəldi işlədirlər:
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyirik.
İndi bu misaraların aktual olduğunu iddia etmək yalan olardı. Vaxt ötdü, dövran dəyişdi, bizim camaat nəinki normal avtomobilə minməyi, hətta avtomobilin tank, BTR formasından da istifadə eləməyi öyrəndi. İndi növbə avropalılardadır. İndi onlar Bakının maşın cəngəlliyini xatırladan tıxaclarında ilişib qalmış nəhəng, bahalı avtomobilləri görəndə dəhşətə gəlirlər. Bakının yollarında şütüyən avtomobillərdən heç Avropa, Amerika şəhərlərində yoxdur. Sentyabrın 15-i dərs başlayanda İqtisad universitetində oxuyan tələbə dərsə 500-600 minlik avtomobildə gəlmişdi. Bakıda adi tələbə belə artıq belə super avtomobillərə minir. Bütün bunlar artıq bizim üçün gündəlik həyat tərzidir. 
Bir müddət əvvəl bir tanış camaatımızdan şikayətlənəndə başqa bir tanışım ona çox yerində cavab verdi ki, nə istəyirsən, azərbaycanlıların nefti, qazı, pulu, malı, sərvəti, hətta müstəqil dövləti var, özləri üçün yaşayırlar, Sabir, Cəlil Məmmədquluzadə, Haqverdiyev o vaxtı camaatımızı tənqid edəndə, heç ağıllarının ucundan belə keçməzdi ki, heç yüz il keçməmiş azərbaycanlıların müstəqil dövləti olacaq, daxili və xarici siyasətdə balanslaşdırılmış siyasət yürüdə biləcəklər, bunlar az haqq-hesab deyil. 
Doğurdan da bu cavabın qarşısına hansısa arqumet qoymaq müşkül məsələdir. AzTv demişkən, Azərbaycanın artıq dünyada öz yeri, öz çəkisi var, dünya ölkələri Azərbaycanın uğurlarını qəbul edir, Azərbaycanla əməkdaşlıq etmək istəyir, Azərbaycanın çox parlaq gələcəyinin olduğunu vurğulayırlar. Buna heç kimin şübhəsi yoxdur. Amma yeganə problem odur ki, dünya dağılır. Dünya dağılandan sonra çox güman Azərbaycanın da mövcudluğu sual altına düşəcək. 
Bahalı avtomobillərə minib qabağa düşmək istəyirdik, amma nəsə oldu yenə geri düşdük. Bizimkilər təzəcə dəbdəbəli şəhər tikib, bahalı avtomobillərə minib əcnəbilərə oxşamağa çalışırdılar, amma bunların bir qəpiklik dəyərinin olmadığı üzə çıxdı. Səbəb də odur ki, avtomobil sevgisi, parıltı, göstəriş, sünilik sevdası təkcə fərdləri, cəmiyyətləri deqradasiyaya uğratmır, həm də bəşəriyyəti, planetin gələcəyini təhlükə altına qoyur. 
Bu artıq nağıl yox, reallıqdır: dünya məhv olmaq təhlükəsiylə üz-üzədir. İnsanın görməmişliyi, tamahkarlığı o yerə çatdı ki, artıq həyatın mövcudluğu, insanın yeganə evi olan Yer planetinin gələcəyi şübhəyə çevrildi. Azərbaycanda bu yay regionlarda baş verən dəhşətli quraqlıq, su problemi, anomal hava şəraiti də bu məhvolmanın tərkib hissəsidir. Və proses getdikcə sürətlənir. Azərbaycan dünyada ən ciddi su problemi olan ölkələrdən biridir, hökumət ehtiyatda olan su rezervinin böyük hissəsindən istifadə edib. Hətta BMT bununla bağlı Azərbaycan hökumətinə dəfələrlə xəbərdarlıq edib. Nə faydası. Bizimkilər fikirləşir ki, bütün dünyada su problemi olanda, bir Azərbaycanda olmayacaq, Allahın suyudu da, ən pis halda, yağış suyundan içmək olar.
Ötən bazar əhalimiz istirahət edəndə, nəhəng maşınlarıyla yollarda şütüyəndə, restoranda kabab yeyəndə dünyanın bir çox şəhərlərində iqlim müdafiəsiylə bağlı yüz minlərlə insanın iştirakıyla aksiyalar keçirilirdi. Nyu-Yorkdakı nümayişlərin nəzarətdən çıxmasından qorxan polis çox sayda insanı həbs eləmişdi. 
Böyük məsələlər barədə düşünmək böyük ağıl, böyük dünyagörüş, böyük vicdan tələb edir. Öz evi kimi yalnız yaşadığı mənzili düşünən, ən böyük qayğısı gündəlik məişət problemlərini həll eləmək olan, dünyagörüşü ancaq mətbəx söhbərləri, yeyib-içib yatmaqdan ibarət olan insan üçün, iqlim müdafiəsiylə bağlı aksiya keçirən yüzminlərlə insan təbii ki, yüzminlərlə axmaqdan başqa bir şey deyil. Bu, başa düşüləndi. 
Dünən BMT-də tarixi bir sammit keçirilirdi. Dünyadakı qlobal böhran, gərginlik, irqi-dini-cinsi ayrıseçkilik, iqlim dəyişikliyi kimi problemlər  müzakirəyə çıxarılmışdı. Say-seçmə ağıllı adamlar bu məsələlər barədə danışır, cavablar, həll yolları axtarırdılar. Xüsusilə yadda qalan çıxışlar qadın-kişi ayrı seçkiliyi barədə “Harry-Potter” filmlər seriyasından tanınan aktrisa Emma Vatson və qlobal iqlim dəyişikliyi ilə bağlı aktyor Leonardo Di Kaprionun çıxışları oldu. 
Tribunadan bu çıxışları eləyənlər öyrədilmiş kuklalar deyil, insanlığın gələcəyini düşünən, problemlərdən çıxış yolları axtaran, suallara cavab istəyən sıravi, səmimi vətəndaşlar idi. 
Di Kaprio, Emma Vatson kimi şəxslərin timsalında bir daha bəlli oldu ki, fərqi yoxdur, sən aktyorsan, ulduzsan, gözəlsən, yaraşıqlısan, cazibədarsan, əgər qabında bir şey yoxdursa, əgər düşünmürsənsə, onda sən sadəcə mövcudluqsan, iki ayaq üstə gəzən məməli, yeyib- yatan orqanizmsən. Emma Vatson və Di Kaprio bu çıxışlarıyla təkcə siyasətçilərə, sıravi insanlara deyil, parıltı, əyləncə və çürük şou biznes dünyasına da mesaj göndərdilər.
 
 Leonardo Di Kaprionun çıxışı xüsusilə yadda qalan idi və qərara gəldim ki, aktyorun tarixi çıxışının mətnini olduğu kimi tərcümə edib sizlərə təqdim edim. Bər-bəzək, parıltı, sünilik və bayağılığın bol olduğu, ətraf mühiti çirkləndirən neft-qaz ölkəsinin vətəndaşları olan bizlərə də bu çıxış nəsə deməlidir. Çıxışı aşağıda oxuya və izləyə bilərsiniz:
“Zati aliləri cənab Baş Katib, xanımlar və cənablar, seçilmiş qonaqlar, təşəkkür edirəm. Mən bu gün burada olmaq şərəfinə layiq görülmüşəm. Və mən sizin qarşınıza mütəxəssis kimi deyil, bazar günü Nyu-York küçələrində aksiya keçirən 400 min nümayişçidən biri və dünyanın müxtəlif ölkələrində qlobal iqlim böhranının həll olunmasını istəyən milyonlarlarla sıravi vətəndaşdan biri kimi çıxmışam. 
Aktyor kimi də həyatın davam etməsində israrlıyam. Mən tez-tez saxta problemləri həll edən saxta qəhrəman obrazları yaratmışam. İnanıram ki, insanlıq da iqlim dəyişikliyi məsələsinə eyni cür yanaşıb: sanki bu, hansısa uzaq planetdə baş verən nağıldır, sanki iqlim dəyişikliyi real deyil, sanki kimsə bu problemi asanlıqla bizdən uzaqlaşdıra bilər. 
Ancaq mən vəziyyətin nə yerdə olduğunu çox yaxşı dərk etdiyimizi düşünürəm. Biz hər həftə yeni, qarşısıalınmaz iqlim problemlərinə şahid olur, iqlim dəyişikliyinin indi və burada olduğunu görürük. Biz quraqlığın intensivləşdiyini, okeanların istiləşdiyini, okean döşəməsindən qalxan metanın turşulaşmağa səbəb olduğunu bilirik. Biz dəhşətli metereoloji hadisələrin, tempraturun yüksəlməsinin, Qərbi Antarktikada, Qrenlandiyada buzlaqların proqnozlaşdırılandan onilliklər öncə, görünməmiş sürətlə əridiyini görürük. 
Bunların heç bir ritorika, heç biri isteriya deyil. Bu faktdır. Elm ictimaiyyəti, sənaye, dövlətlər bunu bilir, hətta ABŞ hərbi komandanlığı da bunu bilir. ABŞ-ın Atlantika hərbi dəniz komandanlığının rəhbəri, admiral Samuel Loklear bu yaxınlarda verdiyi açıqlamada bildirdi ki, bizim təhlükəsizliyimizi təhdid edən yeganə və ən böyük fakt iqlim dəyişikliyidir.    
Dostlar, bu təşkilat indi yəqin ki, bəşəriyyət tarixində başqa heç bir qurumun üzləşmədiyi böyük bir tapşırıqla üz-üzədir. Siz ya tarix yarada... ya da tarixin qarğışına tuş gələ bilərsiniz.
Sözün açığı, burada insanlara avtomobillərinizin işıqlarını dəyişin, ya da hibrid maşınlardan istifadə edin deməkdən uzağam. Bu fəlakət fərdlərin edəcəyi seçimlərdən daha nəhəngdir. İndi bu problemin həlli bizim müəssisələrin, dünya dövlətlərinin verəcəyi qərardan, böyük-ölçülü fəaliyyət planından asılıdır. 
Mən elm adamı deyiləm, heç buna ehtiyac da yoxdur. Çünki dünya elm birliyi artıq yetərincə danışıb, proqnozlar verib, əgər biz birlikdə hərəkətə keçməsək, yüz faiz məhv olacağıq. 
İndi hərəkət zamanıdır.
Biz karbonun buraxılmasına görə qiymət vergisi qoymalı, daş kömürə, qaza və neft şirkətlərinə dövlət subsidiyalarını azaltmalıyıq. Biz azad bazar adından ətraf mühiti çirkləndirən sənaye müəssisələrinin azadlığına son verməliyik, onlar bizim dollar vergimizə deyil, nifrətimizə layiqdirlər. Əgər ekosistem məhv olsa, onlar da məhv olacaqlar. 
Yaxşı xəbər odur ki, bərpa olunan enerji təkcə qazanc deyil, həm də iqtisadi siyasət üçün də faydalıdır. Yeni tədqiqatlar göstərir ki, 2050-ci ildə təmiz, bərpaolunan enerji mövcud texnologiyanın istifadəsi üçün dünya enerjisinin 100 faizini təmin edə bilər və bu, milyonlarla yeni iş yerinin açılmasına səbəb olacaq.  
Bu, partizan çəkişməsi deyil, bu insanlıq üçündür. Təmiz hava və su, yaşanılası iqlim heç bir ayrı-seçkiliksiz insan hüquqlarıdır. Bu problemin həlli siyasət məsələsi deyil. Bu, bizim əxlaqi borcumuz və şübhəsiz ki, yerinə yetirilməsi çətin olan borcdur.
Bizim sadəcə bir planetimiz var. Bəşəriyyət bizim ümumi evimizi ağlasığımaz miqyasda ağılsızcasına dağıdanda, ortaya çıxacaq nəticələri də nəzərə almalıdır. Bu planetin gələcəyinin mühafizəsi bir növ kimi bizim şüurumuz təkamülündən asılıdır. 
Bu, ən önəmli zaman, ən önəmli mesaj olmalıdır.  
 
Yüzlərlə nümayəndə heyəti, dünya ölkələrinin liderləri, mən həyatın davam etməsində israr edirəm. Ancaq siz yox. Bazar günü bütün dünyada insanlar öz səslərini yüksəltdilər və bu davam edəcək. İndi isə SİZİN növbənizdir, bizim bu planetdəki mövcudluq sınağımıza cavab vermək zamanınızdır... indi.
Sizdən rica edirəm, bu məsələyə cəsarət və səmimiyyətlə yanaşasınız. Təşəkkür edirəm”.

    

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM