Azərbaycan və Ermənistan hələ sülhə hazır deyil - Rusiya XİN rəsmisi

10:45 | 04.08.2023
Azərbaycan və Ermənistan hələ sülhə hazır deyil - Rusiya XİN rəsmisi

Azərbaycan və Ermənistan hələ sülhə hazır deyil - Rusiya XİN rəsmisi

Azərbaycan və Ermənistan heç bir şərtlə sülh müqaviləsi bağlamağa hazır deyillər. Bunu TACC agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
 
O bildirib ki, həll olunmasını gözləyən hələ çətin məsələlər qalıb. 
 
"Bakı və İrəvandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi ilə bağlı siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdır. Biz hələ də bir sıra çətin mövzular üzrə həll yollarını tapmalıyıq", - Qonçar vurğulayıb. 
 
XİN rəsmisi söyləyir ki, Rusiya sülh müqaviləsinin hazırlanmasında hər iki tərəfə kömək edir. 
 
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputatı Elman Nəsirov bildirir ki, sülh prosesi Ermənistan və Azərbaycanın işi olsaydı çoxdan həll üçün ikitərəfli danışaqlar aparılıb, həll olunardı.
 
"Post müharibə dövrünün bir nömrəli məsələsi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Biz müharibəni qazanmışıq. İndi isə sülhü qazanmaq bizim üçün əsasdır. Bu istiqamətdə də mühüm işlər görülür. Müsbət bir dinamika var. Baxmayaraq ki, Ermənistanın arası kəsilməyən təxribatları mövcuddur. Vəziyyəti gərginləşirdirən isə Rusiyadır. Həlli gözləyən məsələlər ki var, həm sərhədlərin müəyyən edilməsi ilə bağlı məsələlər, komnikasiyalarin bərpası, Zəngəzur dəhlizinin işə salınması və. s proseslər Ermənistan və Azərbaycanın işi olsaydı çoxdan həll üçün iki tərəfli qaydada danışaqlar aparıb nəticə tezliklə hazır olardı. Ancaq danışıqlar prosesində digər ölkələrin də maraqları var. Ortada isə heç bir nəticə yoxdur. Vaşinqtonda və Brüsseldə danışaqlar gedərkən Moskva elə bilir ki, onu Cənubi Qafqazdan çıxarmaq üçün danışıqlar aparılır. Danışıqlar Rusiyada olanda isə Vaşinqton danışıqların prespektivsizliyini bildirirlər. Belə bir gərgin situasiyadır. Vasitəçilik edənlər öz aralarında olan münasibətləri əvvəlcə qaydaya salmalıdırlar",- deputat vurğulayıb.
 
Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəylinin fikrincə, Rusiyanın mövqeyi hər zaman qərbin bölgədə möhkəmlənməsi prosesi kimi qiymətləndirilib.
 
"Rusiya hər zaman prosesdən narahat olduğunu bildirib. Rusiyalı diplomatın Rusiya adına o cür fikir bildirməsinin arxasında hədə qoxu dayanır. İki tərəf müqavilə bağlasa belə Rusiyanın maraqlarını nəzərə almaq məcburiyyətindədir. Məlumdur ki, Ermənistanda Rusiya sülhməramlıları var.  Ordu üzərində Rusiyanın nəzarəti var. Azərbaycan və Ermənistan arasında əsas düyün məsələ Qarabağ ermənilərinin məsələsi üzərindədir. Əsas bu məsələ həll olunmalıdır. Rusiyanın müəyyən dərəcədə paxıllığı var. Hələ ki, sülhdən və müqavilədən danışmaq çox tezdir",- şərhçi bildirib.
 
Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə "France-Press"ə müsahibəsində vurğulayıb ki, sülh müqaviləsi imzalanmayana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir.

Azərbaycan prezidenti İlham Əliyev isə Şuşada keçirilən sonuncu Qlobal Media Forumda söyləyib ki, bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını real hesab edir.

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanat ilə dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Hazırda sülhməramlıların fəliyyətinin 2 il yarımı bitib. Bu dövrdən sonra Azərbaycan Ermənistanla  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri gedir. 
 
Gülnar Nazimqızı 
Aytac Zeynalova
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM