Mərkəzi Bank iyulun 13-də uçot dərəcəsini 3,5 faizdən 3 faizə endirdi. Buna əsas kimi qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizləri azaltmaq, kiçik və orta biznesin maliyyələşməsini yaxşılaşdırmaq göstərilir. Həmişəki kimi, bu dəfə də Mərkəzi Bankın qərarının kredit bazarına təsir göstərəcəyi ilə bağlı proqnozlar verilir. Modern.az saytının verdiyi xəbərə görə, iqtisadçı Sami Əliyev məsələni belə şərh edib:
"Məlumat üçün bildirim ki, uçot dərəcələrinin dəyişməsi dövri olaraq baş verir. Uçot dərəcəsi sonuncu dəfə 2010-cu ilin oktyabrında indiki səviyyədə olub. 2011-ci ilin mayına kimi tədricən 5,25 faizə qədər qaldırılıb, sonra yenidən üzüaşağı gedib”
Uçot dərəcələrinin aşağı salınması kredit faizlərini azaldacaqmı? Ekspertin fikrincə, təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil: "Uçot dərəcələri dəfələrlə aşağı salınıb, ancaq kredit bazarına təsiri olmayıb. Məsələn, 2008-2009-cu illərdə uçot dərəcəsi 15 faizdən 2 faizə endirilsə də, kredit faizlərində azalma baş verməyib. Halbuki ABŞ, Avropa və Yaponiyada uçot dərəcəsinin 0,25 faiz dəyişməsi kifayətdir ki, bazarda canlanma yaransın. Azərbaycanda oxşar təsirlər baş vermir. Ona görə də Mərkəzi Bankın qərarı bu dəfə də kredit faizlərini ucuzlaşdırmayacaq.
Mərkəzi Bank son illər mərkəzləşdirilmiş kreditlərin həcmini artırır. 2015-ci ilin 5 ayında belə kreditlər 3,2 milyarddan 4,2 milyard manata yüksəlib. Bu müddətdə ümumi kredit qoyuluşunda mərkəzləşdirilmiş kreditlərin payı 17 faizdən 21 faizə çatıb. Bazara təsir etmək üçün kifayət qədər yüksək paydır, ancaq təsir yox dərəcəsindədir. Çünki heç də bütün banklar bu kreditlərdən yararlana bilmir. Ancaq məhdud sayda banklar üçün Mərkəzi Bankın dəstəyi əlçatandır”.
Samir Əliyev bazarda kreditlərin ucuzlaşmasını müşahidə edilə biləcəyini istisna etməyib: "Ancaq səbəb heç də uçot dərəcəsinin azaldılması olmayacaq. Artıq 2 səbəb mövcuddur:
- Tələbatın kəskin azalması və bankların dollar bolluğundan "əziyyət” çəkməsi səbəbindən dollar kreditlərinin faiz dərəcəsinin azaldılası;
- Mərkəzi Bankın birbaşa göstərişi nəticəsində faizlərin aşağı salınması.
Birinci səbəb devalvasiya nəticəsində əmanət bazarının dollarlaşmasının fəsadları ilə bağlıdır. İkincisi isə inzibati metoddur və nəticəsi qısamüddətli olacaq.
Bank sektorunu qarşıda ağır sınaqlar gözləyir. Devalvasiyanın vurduğu yaralar sağalmamış inzibati göstərişlər güclənib, təzyiqlər artıb. Belə çox davam edə bilməz. Yaxın dövrlərdə filialların bağlanmasının, işçi heyətində ixtisarların və hətta bir neçə bankın bazarı tərk etməsinin (başqa banka birləşmə də ola bilər) şahidi olacağıq”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !