Azərbaycanda evlərin siğortalanmasında ən ciddi problemlər - Ekspert rəyi

15:03 | 12.03.2015
Azərbaycanda evlərin siğortalanmasında ən ciddi problemlər - Ekspert rəyi

Azərbaycanda evlərin siğortalanmasında ən ciddi problemlər - Ekspert rəyi

Evlərin, mənzillərin sığortalanması ilə əhali elə də çox maraqlanmır. Əksəriyyət siğorta şirkətlərinə etibar etmir, belə bir inamsızlıq var ki, evlərini siğorta etsələr belə, problem olsa, kimsə onlara yenidən ev tikməyəcək. Bu inamsızlığı aradan qaldırmaq sığorta şirkətləri üçün o qədər də asan deyil... 
 
Daşınmaz əmlakın sığortalanmasına vətəndaşlar niyə biganə yanaşır? Onlar öz evlərini təbii fəlakətlərdən, dağıntılardan qorumaq istəmirlərmi? Yeni istifadəyə verilmiş binalarda mənzillər sığorta olunurmu? Mənzillərini sığorta etdirən insanların ən çox şikayət etdikləri məsələ dəymiş ziyana görə ödənən pul vəsaitinin az olmasıdır, buna səbəb nədir? 
 
Bu suallara aydınlıq gətirmək üçün daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimova müraciət etdik. Ekspert ANN.Az-a daşınmaz əmlakın sığortalaması haqqında fikirlərini bildirərkən dedi ki, ilk öncə bizim insanın beynindən o fikir silinməlidir ki, əgər onun hər hansı bir şəxsi mülkü sığortalanıbsa, sığorta şirkəti həmişə onun mülküylə maraqlanmalıdır. 
 
Əhali ilə sığorta şirkətləri arasında olan ziddiyyətli məqamlardan söz açan ekspert bildirdi ki, əsas məqamlardan biri odur ki, şəxslə sığorta şirkəti arasında imzalanan müqavilə qeyri – peşəkar səviyyədə aparılır: "Yəni müqavilə şərtləri vətəndaşa tam ətraflı şəkildə izah olunmur. Müqavilədə göstərilmir ki, bu mülk sığortası hansı təbii fəlakətlərdən, zəlzələdən, torpaq sürüşməsindən, yanğından və başqa hallardan sığortalanır? Sonradan, yəni hadisə baş verəndən sonra məlum olur ki, müqavilədə bu şərtlərdən bəziləri göstərilməyib. Siğorta şirkətlərinin belə qeyri-peşərkarlığı özünü daha sonra göstərir. Yəni vətəndaşın sığortalanan mülkü üçün sığorta şirkəti tərəfindən verilən pul vəsaitinin az olmasından sonradan tərəflər arasında çox böyük problemlər yaşanır. Və bu hadisələrdən sonra əhali arasında sığorta şirkətlərinə olan inam daha da azalır. Bu da sığorta şirkətlərinin cəmiyyətdəki mövqeyini sarsıdır, onlara olan inamı azaldır". 
 
Ekspert regionlardakı daşınmaz əmlakların sığortalanmasında danışarkən bildirdi ki, şəhər statusu verilmiş rayonlarda mənzillər az saylı olsa da sığorta edilir.
 
Yeni istifadəyə verilmiş mənzilləri sığortalanmasından söz açan Nüsrət İbrahimov bildirdi ki, fərdi yaşayış evləri ilə yeni istifadəyə verilmiş binaların mənzillərinin sığortalanması arasında faiz dərəcəsi fərqlidir. Yəni, yeni istifadəyə verilmiş binaların mənzillərində sığortalanan mənzillərin sayı daha çoxdur.  Bu mənzillərin daha çox sığorta olunmasında sığorta şirkətlərinin öz maraqları daha çoxdur. Yəni, yeni binalarla sığorta şirkətləri daha aktiv işləyirlər. Buna görə də say fərqi daha çoxdur”. 

Aslanlı Orxan
 
ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM