"Neftin qiymətində ciddi dəyişiklik olacaq" - Ekspert

14:25 | 31.03.2015

"Neftin qiymətində ciddi dəyişiklik olacaq" - Ekspert

Səudiyyə Ərəbistanın Yəməni bombardman etməsindən sonra dünya neft bazarında qiymət dəyişikliyi oldu. Bu isə dünyanın bir çox ölkələrinin iqtisadiyyatı üçün heç də yaxşı nəticələnmədi.
 
Bundan sonra vəziyyət necə olacaq? Səudiyyə Ərəbistanla Yəmən arasındakı bu münaqişə neftin qiymətinə necə təsir edəcək? Neftin qiymətinə təsir göstərən başqa hansı amillər var? Rusiyanın bu münaqişədə Ərəbistanı dəstəkləməməsinin əsas səbəbi nədir? Neftin qiymətinin yenidən bahalaşması gözlənilirmi və buna nə təsir edə bilər? Bu suallara aydınlıq gətirmək üçün iqtisadçı ekspert Natiq Cəfərliyə müarciət etdik.
 
Ekspert ANN.Az-a açıqlamasında dünyadakı proseslərin neftin qiymətinə təsiri barədə məsələyə aydınlıq gətirərkən qeyd edib ki, Səudiyyə Ərəbistanın Yəməni bombardman etməsindən sonra bu dünya neft bazarına da təsirsiz ötüşməyəcək: "Hazırda təqribən neftin qiyməti  5 faiz bahalaşdı. Sonradan bu hadisələrin lokal olduğunu nəzərə alaraq və Yəməndə neft hasilatının çox az olduğunu, təxminən 125 min barel olmasını nəzərə alaraq neftin qiyməti ucuzlaşdırıldı. Əgər bu proses - yəni Ərəbistanla Yəmən arasındakı münaqişə daha geniş vüsət alarsa, neftin qiymətində daha da ciddi dəyişikliklərin olacağı gözlənilir.”
 
Neftin qiymətinə digər hansı amillər təsir göstərə bilər? Ekspert qeyd edib ki, neftin qiymətinə təsir göstərəcək ikinci hadisə İsveçrədə bu gün keçiriləcək İranla ön anlaşma ola bilər: "Keçiriləcək tədbirdə 6-lıq ölkələri ilə yanaşı qərb dövlətləri və İran arasında ön anlaşma imzalanması planlaşdırılır. Əgər bu anlaşma imzalanarsa, İrana qarşı qoyulan sanksiyaların addım – addım geri götürülməsi gündəmə gələcək və İranın yenidən neft bazarına daha ciddi şəkildə daxil olmasına şərait yaranacaq. İran neft bazarına bu yüksək templə daxil olarsa, bu ilk növbədə neftin qiymətində özünü aydın şəkildə göstərəcək. Neftin qiymətinə təsir göstərən digər üçüncü amil isə sabah ABŞ-ın neft ehtiyatlarının ölçülməsi olacaq. Xatırladım ki, ABŞ son 15 həftə ərzində neft ehtiyatlarını kəskin şəkildə artırıb. Sabah neft ehtiyatlarını qeyd alınmasında da bu rəqəmlər  göstərilərsə, bu da neftin qiymətində dəyişikliklərin olacağını bildirən amillərdən biridir. Ərəbistanla Yəmən arasındakı münaqişədən daha çox sadaladığım bu iki amil məhz neftin qiymətində ciddi dəyişikliklərin olacağını bir daha sübut edir. Məhz bu iki amil həyata keçiriləcəksə, yəni İranla müqavilə imzalanacaqsa və ABŞ neft ehtiyatında artım qeydə alınarsa, dünya bazarında neftin qiymətində təxminən 10-15 faiz ucuzlaşma ola bilər. Bu da öz növbəsində "brend” markalı neftin qiymətinin 50 dollardan aşağı satılması ehtimalını bir daha yüksəldir”.
 
Ərəbistanla Yəmən arasındakı münaqişədən söz açan ekspert qeyd edib ki, Ərəbistana ilk dəstək ABŞ tərəfindən gəlib: "Rusiya isə bu münaqişənin yaranmasında Ərəbistanın etdiklərini müsbət qiymətləndirmədi. Tək ona görə yox ki, ABŞ Ərəbistanı dəstəkləyir və buna görə Rusiya bunu pis qiymətləndirir, əslində Rusiya bunu etməklə İranla olan əlaqələrinin daha yaxşı formaya gətirmək istəyir. Çünki Rusiya İranla birləşib Qərbə meydan oxumaq istəyini həyata keçirmək istəyir. İran son zamanlar proqmatik siyasət yürüdür və əgər İsveçdə keçiriləcək görüşdə ön anlaşma imzalanarsa, bu Rusiyanın İranla birləşməsi planlarının qarşısını ala bilər. Amma Rusiya bu məsələlərdə İranı dəstəkləməkdə davam edəcək”.
 
Neftin qiymətinin yenidən bahalaşmasından söz açan ekspert bildirib ki, dünya neft bazarında neftin qiymətinin 70-80 dollara qalxması təqribən iki-üç il ərzində baş verə bilər. Bu prosesin daha tez baş verməsi dünya iqtisadiyyatının daha güclü inkişaf etməsindən asılıdır. Yəni dünya iqtisadiyyatı nə qədər çox inkişaf edərsə, neftin qiymətində də artım müşahidə oluna bilər.


Orxan Aslanlı
ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb