"Ölkəmiz rəqabət aparacaq gücdə deyil" - Vahid Məhərrəmov

17:13 | 03.04.2015

"Ölkəmiz rəqabət aparacaq gücdə deyil" - Vahid Məhərrəmov

ANN.Az xəbər portalının müsahibi İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmovdur. Onunla müsahibəni oxuculara təqdim edirik:

ANN.Az xəbər portalının müsahibi İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmovdur. Onunla müsahibəni oxuculara təqdim edirik:

- Son vaxtlar kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının azalması bu sahədə müəyyən çətinliklər yaradıb. Statistikaya istinad etsək, əvvəllər Rusiyaya daha çox məhsul göndərilirdi, hazırda isə bu rəqəmlərin azaldığı müşahidə edilir. Bunun səbəbi nədir?

- Səbəblər çoxdur. Birincisi ondan ibarətdir ki, biz rəqabətqabiliyyətli mal, məhsul istehsal edə bilmirik. Son zamanlar ixrac olunan məhsulların azalmasının əsas səbəbi bundan ibarətdir. Keçən il isə təsadüfən Rusiyaya bizim kənd təsərrüfatı məhsullarının ixracı üçün münbit şərait yaranmışdı. Çünki Rusiya Avropa ölkələrinin eyni məhsullarına embarqo qoymuşdu və nəticədə Qafqaz və Orta Asiya respublikaları fermerləri üçün yaxşı ixrac imkanı yaranmışdı. Rusiya təxminən 40 milyard dollar dəyərində hər il kənd təsərrüfatı məhsulu idxal edir. Keçən ilin avqust ayından başlayaraq qeyd etdiyim kimi Rusiyada yaranmış şərait bizim də məhsulların ixracının artmasına səbəb oldu ki, bu da ölkə daxilində mal çatışmazlığı, qıtlıq yaratdı. Belə olan halda isə daxili bazarda kənd təsərrüfatı məhsullarının qiyməti sürətlə artdı. Bu hal ondan xəbər verir ki, biz kifayyət qədər mal, məhsul istehsal edə bilməmişdik ki, həm də ixrac edə bilək. Ölkənin təminatını ödəyəcək qədər məhsul istehsal edə bilmədiyimiz halda, əldə olunan malın bir hissəsinin qonşu Rusiya bazarına ixrac olunması daxili bazarda təklifin azalmasına səbəb oldu. Bu da bazarlarda qiymətlərin sıçrayışla artması ilə nəticələndi.

Problem həm də ondan ibarətdir ki, Azərbaycan bir sıra istehsal vasitələrini xaricdən idxal edir. Bunlar texnika, texnoloji avadanlıqlar, toxum, gübrə, pestisidlər, genetik materiallar və sair. Bu kimi istehsal vasitələri xaricdən idxal edildiyi üçün bizim fermerlərimizə istehsal baha başa gəlir. Digər ölkələrdə isə bir az fərqlidir. Misal üçün, Rusiya, Belarusiya, Ukrayna kimi ölkələr texnika, toxum, gübrə, pestisid və digər istehsal vasitələrini özləri istehsal edirlər . Belə olan halda həmin ölkələrin fermerləri sadaladığım istehsal vasitələrini ucuz, sərfəli qiymətə əldə edə bilirlər və onların iİstehsal etdiklər məhsul ucuz başa gəlir, rəqabətqabiliyyətli olur. Bizdə isə qeyd etdiyim kimi istehsal vasitələri xaricdən alındığı üçün baha başa gəlir və bu da özünü məhsulun maya dəyərində, qiymətində göstərir. Ona görə də bizim istehsal etdiyimiz məhsullar rəqabətqabiliyyətli deyil. Biz resusurlarımızda səmərəli istifadə etməklə, məhsuldarlığı artırmaqla məhsulun maya dəyərini aşağı salıb, onu rəqabətqabiliyyətli edə bilərik. Digər problem isə bizim fermerlərin, kəndlilərin sahə ilə bağlı kifayət qədər bilgili olmamasıdır.

- Rublun dəyərdən düşməsini, manatın məzənnəsinin aşağı enməsini bu məhsulların ixracının azalmasına təsir edən əsas amillərdən hesab etmək olarmı?


- Rusiya və Azərbaycan pul vahidlərinin, valyutalarının məzənnələrinin kəskin şəkildə artıb-azalması yaxşı hal deyil. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulunun bir hissəsi daxili tələbata yönəlir, digər hissəsi isə Rusiya və digər ölkələrin bazarlarıına ixrac olunur. Valyutaların sabit olmadığı bir vəziyyətdə fermerlər, sahibkarlar istehsal etdiyi məhsulu bazara çıxarırsa, bu riskdir. Valyuta sabit deyilsə, bu sahibkarların işi üçün ciddi çətinlik yaradır. İndiki halda bir çox sahibkarlar bu çətinliyi, bu riski öz üzərlərinə götürmək istəmirlər və gözləmə mövqeyində durmağa üstünlük verirlər. Manatın məzənnəsinin aşağı düşməsi də fermerlər üçün çox ciddi çətinliklər yaratdı. Misal üçün, fermer 20.000 dollara aldığı texnikanı 10 il müddətinə istismar etməli idi, indi manatın məzənnəsi 34 faiz ucuzlaşdığı halda həmin texnikanın istismar müddətini daha 3 il artırmalıdı? Axı hər bir texnikanın istifadə, istismar müddəti var. Milli valyutanın məzənnəsinin aşağı düşməsi fermerləri çətin duruma salır.

- Hazırda kənd təsərrüfatı məhsullarımızı daha çox hansı ölkə ixrac edir?


- İstehsal etdiyimiz kənd təsərrüfatı məhsulların ən çox ixrac olunduğu ölkələr içərisində birinci yeri Rusiya tutur. Bu ölkəyə daha çox meyvə, tərəvəz, kartof, çay ixrac edirik. Digər sıralarda Orta Asiya ölkələrinin adını sadalamaq olar. İraqa isə ən çox şəkər və bitki yağı ixrac edirik. Biz son zamanlar İraq və Orta Asiya ölkələrinə şəkər ixrac edirik. Ancaq fəxrlə deyə bilmərik ki, bu bizim uğurdur. Burada problem ondan ibarətdir ki, biz şəkər qamışından alınan xam şəkəri idxal edirik, daxili istehsal hesabına şəkərin xammalına olan təlabatımızı özümüz ödəyə bilmirik . Təxminən deyə bilərəm ki, biz ölkənin xammala olan tələbatının 3 faizini ödəyirik. Biz şəkəri xammal kimi Brazilyadan idxal edirik. Keçən il 430.000 ton şəkər qamışından alınan xam şəkər idxal olunub. Bunun bir hissəsi ölkənin daxili tələbatını ödəyir, bir hissəsi İraq, Orta Asiya ölkələrinə ( Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan) ixrac olunur. Onu da qeyd edim ki, biz hələ də ixrac ediləcək məhsullarla bağlı dayanıqlı bir kanal, şəbəkə yarada bilməmişik.

- Kənd Təsərrüfatı Nazirliyi bununla əlaqədar hər hansı tədbirlər planı hazırlayırmı? Ən azından kənd təsərüffatı məhsullarını ixrac edənlərin məhsulları əllərində qalmasın və daha tezliklə satılsın…


- Nazirlik əsasən siyasətlə məşğul olmalı, normal istehsal mühiti yaratmalıdı. Məhsulun istehsalı, satışı ilə bağlı ortaya çıxacaq problemlərin qarşısını almaq üçün qanun və qaydaların hazırlanmasına, qəbul olunmasına, mövcud qanunlarda olan boşluqların aradan qaldırılmasına, qəbul olunan qanunların təkmilləşdirilməsinə çalışmalıdır. Bununla yanaşı kənd təsərrüfatının inkişaf etdirilməsi üçün proqramların qəbul olunmasına, fermerlərin istehsala marağını artırmaq məqsədi ilə stimullaşdırıcı tədbirlər həyata keçirməlidir. Təəssüflər olsun ki, kənd təsərrüfatı nazirliyinin bu istiqamətlərdə ciddi fəaliyyəti görünmür, ona görə də bu sahədə problemlər hələ də qalmaqdadır. Ən əsas problem odur ki, Azərbaycan özünün kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəyə bilmir.

- Bir neçə il bundan əvvəl kənd təsərrüfatı nazirliyində rəhbər şəxs olmaqla bərabər xeyli kadr dəyişikliyi oldu. Sizcə, qurumdakı bu yeniliyin ölkənin kənd təsərrüfatı sahəsinə təsiri necə oldu? Bəlkə də qeyd etmək yerinə düşər ki, əvvəlki nazirin zamanında Dövlət Statistika Komitəsi hər il kənd təsərrüfatı məhsullarının istehsalının artdığını xəbər edirdi. Yeni nazir gələndən sonra bu rəqəmlərdə azalma müşahidə olundu. Sizcə, buna səbəb nədir?


- Bəli,yeni nazir gələndən sonra qurumda xeyli kadr dəyişikliyi etdi və bu da onunla nəticələndi ki, görülən işlərin peşəkarlığı, işin nəticəsi, sahənin göstəricisi zəiflədi. Misal üçün, taxıl istehsalı ilə bağlı əvvəlki nazirin zamanında rayon icra başçıları bu sahəya xüsusi diqqət yetirirdi, əkin işlərini nəzarətdə saxlayırdılar. Ancaq yeni nazir gələndən sonra icra başçıları əvvəlki kimi canfəşanlıq göstərmirlər. Burada ola bilsin ki, səbəb var. Yəni kənd təsərrüfatına ayrılan subsidiyaların bölüşdürülməsi məsələsində ola bilsin ki, maraqlar toqquşqb. Elə bu kimi səbəblərdən rayonlarda əkinə maraq azalıb. Əlbəttə bu həmçinin məhsuldarlığa da mənfi təsir göstərdi. Bundan başqa yeni nazir gələndən sonra kənd təsərrüfatında bəzi instutsional dəyişikliklərin olunacağı da qeyd olunur. Artıq bölgələrdə İcra Hakimiyyətlərində fəaliyyət göstərən kənd təsərüffatı şöbələri aprel ayının 1-dən ləğv edilib. Rayonlarda keçmişdə olduğu kimi kənd təsərrüfatı idarələrinin yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, bu kimi cəhdlər kənd təsərrüfatının inkişafına səbəb ola biləcək , ciddi addımlar deyil.

- Hazırda ölkəmiz kənd təsərrüfatı məhsulları ilə dünya bazarında rəqabət apara bilərmi?

- Çox təəssüflər olsun ki, ölkəmiz bu sahədə dünya bazarında rəqabət aparacaq gücdə deyil. Çünki biz hələki hər hansı bir adda məhsulla ölkəmizi tanıda bilməmişik. Azərbaycan hansı məhsulu dünya bazarında tanıtmaq istəyirsə, o məhsulun keyfiyyətinə ciddi önəm verməli və həmin məhsulun dünya bazarında rəqabət apara bilməsi üçün çalışmalıdır. Bizim bu istiqamətdə imkanımız var. Bir nümunə gətirim. Azərbaycanda çox keyfiyyətli, insan orqanizmi üçün olduqca faydalı "Qızıləhmədi” alma sortu yetişir və demək olar ki, dünyanın heç bir ölkəsində belə alma yoxdur. Bundan başqa Gədəbəydə istehsal etdiyimiz kartofun da dünyanın heç bir ölkəsində analoqu yoxdur. Biz bu və digər çoxlu sayda məhsullarla dünya bazarına çıxa bilərik, amma bu istiqamətdə hər hansı addım atan yoxdu. Məhsulun rəqabətqabiliyyətli olması üçün həm keyfiyyətə fikir verilməlidir, həm də həmin məhsulun xarici bazarda tanıdılmasına, reklamına.

- Ölkə daxilində kənd təsərrüfatı məhsullarının baha olmasının səbəbi nədir?

- Bəli, ölkəmizdə kənd təsərrüfatı məhsullarının qiyməti çox yüksəkdir. ABŞ-da, Avropa ölkələrində orta aylıq əmək haqqı bizdən 4-5 dəfə yüksək olmasına baxmayaraq kənd təsərrüfat məhsulları bizdəkinə nisbətən daha ucuzdur. Azərbaycana kənd təsərrüfatı məhsullarının çox hissəsini xaricdən gətirildiyi üçün həmin məhsulların qiyməti tez-tez dəyişir, daha çox da artan istiqamətdə. Çünki ölkəyə gətirilən məhsullar monopolistlərin əllərindədir. Onların icazəsi olmadan heç kim heç bir məhsulu ölkəyə gətirə bilməz. Monopolistlərin də əsas məqsədi asanlıqla daha çox gəlir əldə etməkdir. Bu kimi neqativ hallar daxili istehsal zəif olduğu üçün bazara təsir edir. Bu səbəbdən də kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının qiymətləri daxili bazarda yüksək olaraq qalır.


Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb