Azərbaycanda kredit mədəniyyətsizliyi var

13:15 | 30.06.2015
Azərbaycanda kredit mədəniyyətsizliyi var

Azərbaycanda kredit mədəniyyətsizliyi var

"Azərbaycanda kredit mədəniyyəti bəsit formadadır”. Bu barədə Modern.az saytına iqtisadçı Natiq Cəfərli danışıb.

Ekspert məsələnin həllini kredit tarixçəsinin yaradılmasında görür:

"Məsələnin həlli üçün oturuşmuş kredit tarixçəsi yaradılmalıdır. Avropa və Amerikada yaşayan hər bir insanın tibbi sığorta, hüquq-mühafizə orqanlarında probleminin olub-olmadığını əks etdirən sənəd kimi kredit tarixçəsi də mövcuddur. Ümumi sistem vasitəsilə müştərinin digər banklarla münasibətləri aydınlaşdırılır. Bunun əsasında  müştərinin götürdüyü kreditlərin geri qayıtması və normal xərclənməsinin hansı yöndə olduğu bilinir.

Düşünürəm ki, bu praktika Azərbaycanda da tətbiq olunmalıdır. Çünki ümumi kredit tarixçəsinin yaradılması insanların kredit mədəniyyətinin formalaşmasına və inkişafına zəmin yarada bilər”.

Natiq Cəfərli qeyd edib ki, hazırda Azərbaycanda müştərinin probleminin olub-olmadığı banklarda qeydiyyata götürüldükdə müəyyən olunur: "Əslində kredit tarixçəsində müştərinin kredit götürdüyü vəsaiti necə, hansı məqsədlərlə xərcləməsi, nə qədər effektiv olması kimi məqamların göstərilməsi mütləqdir.

Həm də bankların özünün stimullaşdırıcı proqramları olmalıdır ki, yaxşı müştərilərini tanıtmağa çalışsınlar”.

Mütəxəssis hesab edir ki, yaxşı müştəri götürdüyü kreditlə daha çox gəlir gətirən, iş yerləri yaradan, iqtisadiyyata müsbət təsir edən, daha çox vergi verəndir:

"Bundan başqa, effektiv yollardan biri də ictimai müzakirələrin təşkili, sosial çarxların çəkilməsi və s. tədbirlərin həyata keçirilməsidir. Kompleks şəklində həyata keçiriləcək tədbirlər nəticəsində insanlar arasında kredit mədəniyyəti formalaşa bilər. Bu məqamda Azərbaycanda problemli kreditlər məsələsinin daha da böyüməsinə diqqət etmək lazımdır. Problemli kreditlərin həcminin artması, götürülən kreditlərin hər hansı effektiv ölçmə mexanizminin olmaması, istehlak kreditlərinə yönəlməsi və bunun da məsuliyyətsizliyi nəticəsində sonradan yaranacaq problemlərin hamısı Azərbaycanda var. Əsas göstəricisi isə hər ay problemli kreditlərin həcminin artmasıdır. Nəzərə almaq lazımdır ki, problemli kreditlərin həcmi artıq 1,2 milyard manatı keçib. Rəqəmin kifayət qədər böyüklüyü məsələ ilə ciddi məşğul olmağın vacibliyini göstərir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM