Azərbaycanda Latviya günləri keçiriləcək

12:50 | 01.10.2015
Azərbaycanda Latviya günləri keçiriləcək

Azərbaycanda Latviya günləri keçiriləcək

Latviya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Yuris Maklakovs Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın başçılığı ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlıq, Azərbaycan və Latviyanın, ümumilikdə Avropa İttifaqının biznes ictimaiyyəti səviyyəsində əlaqələri genişləndirmək imkanları kimi müxtəlif mövzulara toxunulub. Yuris Maklakovs kənd təsərrüfatı, qida sənayesi, istehsalat, texnologiya sahələrində investisiya və biznes əməkdaşlığı üçün yaradılmış böyük imkanları, həmçinin Azərbaycan və Latviyanın nəqliyyat kommunikasiyasının genişlənməsi ilə əlaqədar Xəzər və Baltik regionlarının bir-birinə daha da yaxınlaşdığını vurğulayıb.

Səfir Caspian Energy jurnalında Latviya və ümumilikdə Avropa İttifaqının iqtisadiyyatı barədə məqalələrin dərc edilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı Azərbaycan və Latviya arasındakı əməkdaşlığın yeni imkanlarından bəhs edən səfir bunları qeyd edib: "Biz hazırkı əmtəə dövriyyəsi göstəricisini qənaətbəxş hesab etmirik. Nəticə bundan da yaxşı ola bilər. Bu gün Azərbaycanla Latviya arasındakı əmtəə dövriyyəsi 27-28 milyon ABŞ dolları təşkil edir. Bu rəqəmin böyük hissəsi Latviya ixracatının payına düşür. Zənnimcə, ölkələrimiz arasında gələcək inkişaf üçün böyük potensil mövcuddur”.

Müsahibə zamanı səfir Yuris Maklakovs iqtisadi əməkdaşlıq imkanlarının artırılması məsələsinə toxunub, Baltik enerji bazarının inkişaf perspektivlərindən danışıb, nəqliyyat marşrutlarının və miqrasiyanın inteqrasiyası, enerji əməkdaşlığının inkişafı barədə fikirlərini diqqətə çatdırıb. Səfir hal-hazırda dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək Azərbaycanda Latviya Günlərinin təşkili ilə əlaqədar hazırlıq işlərinin aparıldığını qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM