Azərbaycanda polis idarəsində çatışmazlıqlar aşkarlandı

17:05 | 23.09.2015
Azərbaycanda polis idarəsində çatışmazlıqlar aşkarlandı

Azərbaycanda polis idarəsində çatışmazlıqlar aşkarlandı

 Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Nəsimi Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 22-ci polis bölməsinə, habelə Yasamal RPİ-nin MSY-nə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirib.

 Bu barədə "Report”a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Saxlanılma şəraitinin araşdırılması məqsədilə MSY-lərin kameralarına baxışlar keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş və telefon danışıqları, kameradan çıxarılma və sovqatla bağlı sənədləşmə yoxlanılıb.

MPQ üzvləri həmin müəssisələrdə 15-dən artıq saxlanılan şəxsi fərdi qaydada qəbul edib, onlarla təkbətək söhbətlər aparıb. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib.

Həmin MSY-lərin rəhbərliyinə müvafiq qanunvericiliyə, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM