Azərbaycansayağı “asılqan qəhvə”

18:51 | 15.12.2015
Azərbaycansayağı “asılqan qəhvə”

Azərbaycansayağı “asılqan qəhvə”

Aliyə İsmayılzadə

Bir müddət əvvəl bir neçə jurnalist və sosial şəbəkələrin aktiv istifadəçiləri möhtəşəm bir ideya irəli sürdülər. İdeya bundan ibarət idi ki, bəzi Avropa ölkələrində və ABŞ-da mövcud olan "asılqan qəhvə” sistemi Bakıda da təşkil olunsun. 

Bu sistem İtaliyada çox məşhurdur, onlar bunu kofe sospeso və yaxud "asılqan qəhvə” adlandırırlar. Bu qəhvəni ənənəvi olaraq kafelərdə və tavernalarda sifariş verməklə, müştərilər öz xeyirxahlıqlarını nümayiş etdirirlər. Müştəri bir ədəd qəhvə alır, əvəzində isə ikisinin hesabını ödəyir. Elə bu ikinci qəhvəyə də "asılqan qəhvə” deyirlər. 

Bunun sayəsində evsiz, yazıq və yaxud çətin həyat situasiyasına düşmüş adi insanlar pulsuz qəhvə əldə edə bilirlər. Bunun üçün sadəcə olaraq kafeyə daxil olmaq və "asılqan qəhvə” olub-olmadığını soruşmaq kifayətdir. Əgər ona qədər məkanın qonaqlarından biri bir fincan sospeso sifariş verməklə qabağa düşübsə, onda birinci ətirli bir içkiyə qonaq edilir. 
 


Beləliklə, bizim paytaxtın məşhur restoranlarından biri bu ənənəyə riayət etmək qərarına gəlib və özünün müştərilərinə iki və yaxud daha çox isti içki sifariş verməyi təklif edib ki, bunun da sayəsində hansısa yazıq bir insan içəri daxil olub, isinə bilsin. 

Görünüşdən çox xeyirxah addıma oxşayır, belə təşəbbüsdən sevincək olub, bu məlumatı yaymaqdan gözəl nə ola bilərdi?

Ancaq tələsməyək. Bizimkilər bir-biriylə qırışmaq üçün burda da bəhanə tapıblar. Belə biabırçı səhnələr görəndə mən belə qənaətə gəlməyə başlayıram ki, bizim əlavə düşmənə ehtiyacımız yoxdur, elə belə də bir-birimizi əzir, alçaldır, ayaqlar altına alırıq. 

"Facebook”dakı azərbaycanlıların bir hissəsi hansısa qəribə səbəbdən dolayı bu ideyanı qara qüvvələrin işi hesab ediblər. 

"Bu kimin nəyinə lazımdır? Kiminsə hesabına cənnətəmi düşmək istəyirlər?”, "Azərbaycanlı bomjun qəhvə nəyinə lazımdır, ondansa sup verərdirlər”, "Evsizlərin bundan xəbəri-zad olmayacaq, fürsətcillər qabağa düşəcəklər”, "Nəyə görə çay yox, məhz qəhvə???” – kimi şərhlər nə qədər desən var idi. 

Nə demək olar? Şəxsən mənim ağlıma senzuradan keçəsi çox az şey gəlir. Hər halda bir insan özü başa düşə bilər ki, ona çay lazımdır, yoxsa qəhvə. Məncə, "asılqan qəhvə” ideyasını ortaya atan restoranın meneceri də məhz belə düşünmüşdü. Yazığın heç ağlına da gəlməyib ki, bizim insanlar üçün hər şeyi xırdalamaq və ağıza qoymaq lazımdır. Belə baxanda, hələ bu da kifayət deyil. 

Hər zaman, istisnasız şəkildə sos şəbəkələrin yerli istifadəçisi istənilən yeni ideya və fikrə bir qulp qoyur, ordan nəsə bədnam bir şey çıxarırlar. Nəyə görə restoran özü pulsuz çay paylamır? Əgər belə səxavətlidirlərsə, eləsinlər də, çayın maya dəyəri qəpik-quruşdu. Əgər restorana bomj girsə, restoranda oturanlar ordan qaçacaqlar. Ümumiyyətlə, xeyirxah əməlləri reklam etmək olmaz, bu günahdır, bütün ilahi qanunlara ziddir. 

Bu, mənə bir neçə gün əvvəl baş vermiş hadisəni, hansısa məşhur şoumenin dənizdə boğulan insana görə soyuq suya atılmasını xatırlatdı, etinasız kütlə arasındakı bir nəfər bunu videoya çəkməyə müvəffəq olmuşdu. 

Şoumen bu barədə "Facebook” səhifəsində yazan kimi isə saysız-hesabsız insan onu lənətləməyə başladı. Bir saat keçməmiş insanlar onu özünü piar etməkdə və əvvəlcədən hazırlanmış tamaşada ittiham edirdirlər. 

Bəzi xüsusilə "proqressiv” vətəndaşlar ağızlarından tüpürcək axıda-axıda bəyan edirdilər ki, bu hadisəni ictimailəşdirməklə, şoumen düzgün hərəkət etməyib.

Onların nöqteyi-nəzərincə, o, gənci xilas etməli, sonra isə başına dəsmal atıb sakitcə qırağa çəkilməli və heç kimin onun kimliyini bilməsinə imkan verməməliydi. 

"Asılqan qəhvə” məsələsinə gəldikdə isə, kiminsə xeyirxah əməlini pisləməkdən çəkinməyən bir adam çətin ki, kiminsə güc və enerji yığması üçün əlavə isti içki almağı özünə rəva bilsin. Bu məhz o adamlardır ki, evsiz adamın yanında oturmamaq üçün restoranı tələsik tərk edirlər. Onlar heç zaman kiminsə həyatını xilas etməkdən ötrü özlərini dənizə atmaq cəsarəti olmayan insanlardı. Bundan başqa, belə hərəkətlət qlamur deyil, təhlükəlidir, gigiyenaya ziddir və cibə də ziyan vurur... 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür