“Azərros”da rəhbər dəyişikliyi

15:00 | 20.09.2015
“Azərros”da rəhbər dəyişikliyi

“Azərros”da rəhbər dəyişikliyi

Rusiya Azərbaycanlılarının I Forumunun keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclasında"Azərros"un Ağsaqqallar Şurasına yeni sədr təyin edilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan regional diaspor rəhbərlərinin təklifi ilə ümumi Azərbaycan diasporu "Ağsaqqallar Şurası"nın sədri vəzifəsi iş adamı Sərdar Abdullayevə tapşırılıb.

Təşkilatın adından çıxış edən Sərdar Abdullayev "Azərros”un tarixində yeni səhifənin açılışını təklif edib. 

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti Məmmədbağır Əliyev bunu Azərbaycan diasporunda mövcud olan vəziyyətlə əlaqələndirib. Azərbaycanın Rusiyadakısəfirinin müavini Qüdsi Osmanov isə bu addımın Azərbaycan diaspor tarixində mühüm olduğunu vurğulayaraq Rusiya-Azərbaycan münasibətlərinin rifahına qulluq edəcəyini bildirib.

Təşkilat Komitəsinin iclasında Rusiya regionlarında fəaliyyət göstərən azərbaycanlıların federal milli-mədəni muxtariyyətlərinin rəhbərləri və ÜAK-ın regional bölmələrinin rəhbərləri iştirak ediblər. 

Bundan başqa, toplantı zamanı Rusiyanın regionlarında fəaliyyət göstərən ÜAK və federal milli-mədəni muxtariyyətlərinin diaspor rəhbərləri iki təşkilatın birləşməsi barədə deklarasiya qəbul edib. Lakin birləşmə prosesində ÜAK-a prioritet veriləcəyi bildirilib. 

Qərara əsasən, Foruma qədər hər iki təşkilat Rusiya Azərbaycan İcması Evində yerləşəcək və təşkilatların saytları da birləşdiriləcək. Birləşmə prosesi iclasda seçilmiş 4 nəfərlik işçi qrup və hüquqşünaslar tərəfindən hazırlanacaq. Nəticələr isə Təşkilat Komitəsinin növbəti iclasında açıqlanacaq. 

Sonda Rusiya Azərbaycanlılarının I Forumunun Təşkilatı Komitəsinin növbəti iclasının bu ilin noyabr ayında keçiriləcəyi bildirilib.

Sərdar Abdullayevdən əvvəl "Azərros”un Ağsaqqallar Şurasının sədri Abbas Abasov olub. O, 2013-cü il yanvarın 25-dən bu vəzifəni icra edib. Lakin keçən ay o, "Azərros" Ağsaqqallar Şurasının iclası zamanı istefa verdiyini açıqlayıb. İstefadan bir müddət əvvəl isə Rusiyanın Azərbaycan təşkilatlarının rəhbərləri və üzvləri prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə "Abbas Abbasovun prezidentin adından istifadə edərək Azərbaycan icmasının nümayəndələrini aldatması və Azərbaycan hakimiyyətinə qarşı etimadsızlıq yaratdığı" qeyd edilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM