Bakı su altında qalacaq?

09:38 | 04.11.2014
Bakı su altında qalacaq?

Bakı su altında qalacaq?

Son günlər dünyanın ən diqqətçəkən xəbərlərindən biri heç şübhəsiz ki, bədbin proqnozlarla bağlıdır. Bunlardan ən yadda qalanı “National Geographic”ə aiddir. Jurnalın yazdığına görə, buzlaqların əriməsi nəticəsində dünya okeanının səviyyəsi 65 metr qalxacaq. Havanın illik temperaturu 14 dərəcədən 26 dərəcəyədək yüksələcək.Şimali Amerikada Florida, Argentinada Buenos-Ayres, həmçinin Uruqvay və Paraqvay kimi ölkələr su altında qalacaq.Avropada isə Britaniya, Niderland, Danimarkanın böyük bir hissəsi, o cümlədən İtaliya Venesiyası məhv olacaq.Xəzər dənizində də suyun səviyyəsi qalxacaq. Nəticədə Volqoqrad, Həştərxan, Kalmıkiya Respublikası, Rostov vilayəti su altda qalacaq. Dağıstan və Türkmənistan ərazilərinin xeyli ərazisi itəcək. Bakı və Kür sahili ərazilərin hamısı su altda qalacaq. Şəhərsalma üzrə ekspert Vaqif Behbudoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu proqnozu 10 il əvvəl deyib. Onun sözlərinə görə, bunun elmi səbəbləri var. Belə ki, hər il yerdən 16 milyard kubmetr yanacaq növləri çıxarılır: “Bunların hamısı yandırılıb qaza çevrilir. Ozon qatından yuxarı çıxanda isə Yer kürəsinin kütləsi azalır. Bu səbəbdən də Nyutonun qanununa görə, bir-birini cəlb edən qüvvələr bir-birinə münasib olmalıdır. Bu, Günəş tərəfindən çəkilməyə səbəb olur. 2001-ci ildəki hesablamalara görə, hər il Yer kürəsi günəşə 100 metr yaxınlaşır. Bu da yayın isti, qışın soyuq keçməsinə səbəb olur. Bu işi bilməyən alimlər deyir ki, bu, qlobal istiləşmədir. Əslində isə Yer kürəsinin kütləsinin azalmasıdır”. Müsahibimiz Bakının su altında qalma ehtimalından da danışdı. Dedi ki, vaxtilə Xəzər və Qara dəniz arasında boğaz olub. Burda dənizlərin səviyyəsi bərabər olub. Tektonik proses nəticəsində Xəzər dənizini Qara dənizə birləşdirən boğaz quruyub. Getdikcə azalıb və 28 metrdə dayanıb: “Bu proses axıra qədər çatsa nələr ola bilər? Antraktida və Qrellandiya arasındakı buzlaqlar isə 32 milyon kubkilometrdir. Onların əriməsi suyun səviyyəsinin 79 metr - 32 milyon kubkilolitr qalxmasına səbəb ola bilər”.Müsahibimiz bunu 100 faiz ehtimal adlandırdı. Onun sözlərinə görə, belə davam etsə, proses 80-100 il çəkə bilər. Çünki Yerin Günəşə meylliliyi get-gedə artır. Ekoloq Telman Zeynalov isə daha öncə mediaya açıqlamasında iqlim dəyişməsinin Azərbaycan üçün nəticələrinə toxunub. Deyib ki, biz Rusiya ilə qonşu olduğumuza görə onlarda baş verən hadisə bizə təsirsiz ötüşməyəcə: “Əgər onların ərazisindəki buzlaqlar ərisə, şimala doğru axan çayların əksəriyyəti cənuba doğru axmağa başlayacaq və Xəzər dənizinin səviyyəsinin 30-40 metr qalxmasına şərait yaradacaq. Bu da o deməkdir ki, Azərbaycanın 25-30 faizi suyun altında qalacaq. Rusiya və Azərbaycanın şimal hissəsində yağıntıların miqdarı artıb. Bu, Ural, Volqa, Samur, Kür və Xəzərə tökülən digər çaylarda suyun artmasına səbəb olur. Nəticədə dənizdə də suyun səviyyəsi yüksəlir”. O, gələcəkdə Xəzər dənizindəki dalğaların bir çox sahilyanı obyektləri yuyub aparacağını düşünür. Bir vaxtlar Xəzərdə suyun səviyyəsinin 4 metr yüksəldiyini xatırladan T.Zeynalov bu dəfə artımın 2 metr olacağını bildirir. Coğrafiya İnstitutunun direktorun müavini Ramiz Məmmədov isə hesab edir ki, proqnozlar Xəzərdə suyun səviyyəsinin yaxın 15-20 ildə nisbətən sabit qalacağını göstərir: “Bu yaxınlarda ekspedisiyadan qayıtmışam. Aparılmış tədqiqatın nəticəsi göstərir ki, Xəzərdə suyun səviyyəsi təxminən yarım metr azalıb. Yaxın 1-2 il üçün proqnoz onun nisbətən arta biləcəyi ilə bağlıdır. Guya 2020-ci ildə Xəzərin Qız qalasınadək gəlib çıxacağına dair söz-söhbətlər var idi. Amma bu fikrin heç bir əsası yoxdur. Hansısa dövrdə Xəzərdə suyun yarım metr artacağı və ya azalacağı istisna deyil. Amma bu, fövqəladə hadisə sayılmır”.Sözügedən mövzu ilə bağlı daha öncə Qazaxıstan prezidenti Nursultan Nazarbayev da maraqlı məqamlara toxunub. O, region dövlətlərinə, o cümlədən Azərbaycana ciddi təsir edə biləsək layihələrdən danışıb. Təklifini nəqliyyat dəhlizləri ilə bağlayan qazax lider ilk öncə Minsk, Moskva, Astana və Almatı şəhərlərini birləşdirən sürət qatarından danışıb. Daha sonra o, Qara dənizlə Xəzəri birləşdirən “Avrasiya” gəmiçilik kanalının çəkilməsinin vacibliyini bildirib. “Yeri gəlmişkən, Qara dəniz - Xəzər kanalının layihəsi hələ çarın vaxtından işlənib, amma gerçəkləşdirilməyib”, - deyə Nazarbayev vurğulayıb. Qeyd edək ki, hələ Pyotrun zamanlarından bu kanalı çəkmək barədə layihələr düşünülür. Bu layihələrdə hər iki dənizi vaxtilə birləşdirilmiş Kuma - Manıç çökəkliyinin yenidən kanal halına salınması nəzərdə tutulur. Uzunluğu 500 kilometrə çatan çökəklik ən yüksək nöqtəsində dəniz səviyyəsindən 20 metr yüksək olur. Yəni çox xırda bir hissədə 20 metrdən bir az dərin kanal çəkməklə Xəzərlə Qara dənizi yenidən birləşdirmək mümkündür. Çökəklikdə 170-ə yaxın göl var ki, kanal çəkilərsə, bu göllər təbii yolla birləşəcək. Amma bu kanalın ən mənfi xüsusiyyəti ondadır ki, o, Qara dənizlə Xəzər dənizinin səviyyəsini bərabərləşdirə bilər. Bu, gerçəkləşdirilərsə, Xəzər sahilində yerləşən bir çox şəhərlər, məsələn Qazaxıstanın Aktau, Türkmənistanın Türkmənbaşı, Rusiyanın Mahaçqala kimi iri şəhərləri su altında qala bilər. Sular Bakının mərkəzi tarixi hissəsini də götürə bilər. O cümlədən Yevlağa qədər Azərbaycanın Mərkəzi Aran rayonları su altında qala bilər.//Musavat.com
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür