Bakıda yerin altında yaşayan ailənin dramı

13:11 | 01.08.2014
Bakıda yerin altında yaşayan ailənin dramı

Bakıda yerin altında yaşayan ailənin dramı

Ramazan bayramı günlərində Facebook sosial şəbəkəsində bir elan sürətlə yayıldı. Elanda 7 nəfərdən ibarət ailənin Köhnə Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi, bina 57 ünvanındakı zirzəmidə acınacaqlı durumda yaşadığı bildirilirdi.ANN.Az Musavat.com-a istinadən xəbər verir ki, həmin ailənin durumu ilə yaxından maraqlanmaq, eləcə də bayram təbriki etmək üçün “Yeni Musavat”ın əməkdaşları qeyd olunan ünvana yollandılar.Köhnə Günəşli qəsəbəsinin hər tərəfini  dolaşsaq da, sakinlər General Mehmandarov küçəsində nə 57 saylı binanın olduğunu, nə də belə bir ailəni tanımadıqlarını söylədilər.Nəhayət, ərazidəki polislərdən birinə müraciət edərək belə bir ailəni tanıyıb-tanımadıqlarını soruşduq. Beləcə, G.Mehmandarov küçəsində axtardığımız ailəni General Şıxlinski küçəsi, bina 59-da tapdıq.9 mərtəbəli binanın sakinləri həmin ailənin yaşadığı yeri göstərərək binanın 11-ci blokunun küncündə açılan qapını nişan verdilər.Qapı açıq idi, köhnə, rəngi saralmış pərdə asılmışdı. Pilləkənləri aşağı enərək, içəridə kiminsə olub-olmamasını xəbər aldıq.Zirzəmiyə ayaq basar-basmaz  adamı üfunət qoxusu vururdu. Burda nəinki yaşamaq, 10 dəqiqə də oturmaq olmaz.Ailə ilə söhbət zamanı məlum oldu ki, 1967-ci ildə Bakıda dünyaya gələn Bibixanım Quliyeva həyat yoldaşı 1962-ci il təvəllüdlü Aleksandr Makarovla 1986-cı ildə ailə həyatı qurub.Uşaq evində böyümüş A.Makarovla B.Quliyevanı yaxınları tanış edib. B.Quliyevanın dediklərindən:“Mən o vaxt anamla kombinatda işləyirdim. Bir nəfər bizi tanış elədi. O vaxt evimiz-eşiyimiz var idi. Sonra problemlərimiz oldu, məcburən satdıq. Neçə il anamın yanında qaldıq. Sonra da qardaşım evləndi. Ev 2 otaq idi, biz də məcbur çıxdıq. Allah rəhmət eləsin, buranın əvvəlki ”JEK” müdirinə, buranı o bizə verdi. “Uje” 7-8 ildir burda qalırıq”.4 övlad sahibi olan B.Quliyevanın 2 nəvəsi də var. B.Quliyeva imkansızlıq ucbatından böyük qızı və oğlunun qohumlarıgildə yaşadığını dedi. 15 yaşlı oğlunun epilepsiya xəstəsi olduğunu deyən ana, ona belə heç bir yardım ala bilmədiyini söylədi:“Sosial yardım, heç nə vermirlər. Uşağım xəstədir, deyirlər ona pensiya düşmür. Özüm də görürsünüz, yerdə yatıram. Ayaqlarım işləmir. Heç yerdə işləyə bilmirəm. Hara gedirəm deyirlər, sabah gəl, birisigün gəl”.Bu ailənin büdcəsini A.Makarov təmin edir. “JEK”də çalışan Makarovun gündəlik qazancı  7 manatdır. Arada qonşular yardım edir.İki otaqlı zirzəmidə hər şey üst-üstə tökülmüşdü. Yeməyi də bir otaqda bişirir, yeyirlər. Yatmağa belə yer yoxdur. Digər otaq isə binanın boruları ilə əhatəli idi. Ordan isə həm ayaqyolu, həm də çimmək üçün istifadə etdiklərini dedilər. Soyuducularının, qaz peçlərinin olmadığını deyən ailə üzvləri bu illər ərzində çox ağır günlər yaşadıqlarını bildirdilər:“Elə günlər olub, balalarıma verməyə yemək tapmamışam. Qaçmışıq qonşunun qapısına. Eləsi olub açıb qapını, eləsi olub açmayıb. Ac günlərimiz çox olub”.Vəziyyətləri ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini deyən ailənin ortancıl qızı belə cavab aldıqlarını bildirdi:“Yazmışdılar ki, bu zirzəmi qeydiyyatda deyil deyə, sizə yardım edə bilmərik”.Sonda redaksiya hesabına bayram bazarlığı edib ailə ilə bayramlaşıb, sağollaşdıq.Blokun girişində qonşularla da söhbət etdik. 7-8 ildir bu ailənin belə ağır vəziyyətdə yaşadığını deyən qonşular imkanları olanda ailəyə pul verdiklərini söylədilər. Binanın həyətində yerləşən kiçik market sahibi də ailənin tez-tez nisyə ərzaq almaq üçün gəldiyini, ailəyə imkan daxilində yardımçı olduğunu söylədilər.Ümid edirik, tezliklə bu ailəyə aidiyyəti qurumlar və imkanlı şəxslər tərəfindən yardım ediləcəkdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM