Bakıda “5-ci Birləşmiş Krallıqda Təhsil” sərgisi keçiriləcək

14:33 | 06.11.2015
Bakıda “5-ci Birləşmiş Krallıqda Təhsil”  sərgisi keçiriləcək

Bakıda “5-ci Birləşmiş Krallıqda Təhsil” sərgisi keçiriləcək

Bakıda British Council Azərbaycanın təşkilatçılığı ilə 07-08 noyabr 2015-ci il tarixlərində 5-ci Education UK – Birləşmiş Krallıqda Təhsil sərgisi keçiriləcək.

Birləşmiş Krallıqda təhsil almağa marağın hər il artdığını nəzərə alan British Council Azərbaycan özünün Education UK – Birləşmiş Krallıqda Təhsil sərgilərini vacib hesab edir və böyük məmnuniyyətlə öz övladlarının gələcəyinə biganə olmayan valideynlər, eləcə də məktəblilər və tələbələri 07-08 noyabr 2015-ci il tarixlərində keçiriləcək 5-ci Birləşmiş Krallıqda Təhsil Sərgisinə dəvət edir. Ümumilikdə 29 universitet, kollec, məktəb və dil kursunun iştirakı ilə keçiriləcək sərgi Hilton otelində səhər saat 11-dən axşam 5-ə qədər keçiriləcək. Britaniyanın Top 30 universitetinin yarısı bu sərgidə iştirak edəcək.

Sərginin rəsmi açılış mərasimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələrinin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İrfan Siddiq və British Council Azərbaycanın direktoru xanım Elizabet Vaytın, eləcə də çoxsaylı biznes təşkilatlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Sərgidə iştirak ödənişsizdir və öncədən qeydiyyatdan keçə bilməmiş insanlar da sərgidə iştirak edə bilərlər. Sərgidə ziyarətçilər universitetlər, kollec və məktəblərin nümayəndələri ilə görüşüb təhsil planlaşdırılması, düzgün ixtisas seçimi, təhsil və praktika perspektivləri, eləcə də viza və yerləşmə ilə bağlı faydalı məsləhətlər ala bilərlər. Sərgidə universitet nümayəndələri tərəfindən təhsil və karyera yönümlü seminarlar keçiriləcək. Britaniyada məzun olmuş gənclər də öz təcrübələrini gələcəkdə bu ölkədə təhsil almaq istəyən şəxslər ilə bölüşəcəklər. İştirakçıların növbəti tədris ili üçün təqdim etdiyi 60-dan artıq təqaüd və güzəşt siyahısı sərginin kataloqunda çap edilib və ziyarətçilərə təqdim ediləcək.

İlk baxışdan xaricdə təhsil çox bahalı və əlçatmaz görünür. Eyni zamanda müxtəlif xarici ölkələrdə təhsil alan bəzi şəxslərin karyera uğursuzluqları insanlarda əminsizlik yaratsa da, Azərbaycanda artıq yüzlərlə uğur hekayələri var ki, onların da bu uğurları məhz düzgün planlaşdırılmış təhsil, əlbəttə ki, çalışqanlıqla mümkün olub. Biz inanırıq ki, tələbələr və valideynlər öz övladlarının uğurlu karyerasına doğru ilk addımı bu həftə sonu keçiriləcək Education UK sərgisində atacaqlar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM