Bakının yeni Baş planı nə zaman hazırlanacaq?

12:46 | 21.02.2014
Bakının yeni Baş planı nə zaman hazırlanacaq?

Bakının yeni Baş planı nə zaman hazırlanacaq?

“Bakının yeni Baş planı hələ də tərtib olunmayıb. Böyük Bakının Regional İnkişaf Planı isə başqa sənəddir, bunu şəhərin Baş planı kimi qəbul etmək doğru deyil”. 

Bu barədə ANN.Az-ın müxbirinə Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə mətbuatda Bakının Baş planına dair yanlış təsəvvürün yaranması ilə əlaqədar bildirib. 

Onun sözlərinə görə, Böyük Bakının Regional İnkişaf Planı paytaxtın ətraf qəsəbələri, Sumqayıt və Xırdalan şəhərləri ilə münasibətlərini müəyyənləşdirir. Bu sənəd Baş plan deyil və orada yaşayış və iş yerlərinin perspektivi, bəzi iqtisadi problemlərin tənzimlənməsi kimi məsələlər əksini tapıb. E.Qasımzadə qeyd edib ki, Bakının Baş planı ayrıca sənəd olmalı və bu sənədi işləməyin vaxtı çoxdan çatıb. 

“Baş plan yoxdursa, o zaman “Sovetski” kimi məhəllələrin sökülməsi qeyri-qanuni sayılırmı” sualına cavabında isə Memarlar İttifaqının sədri bildirib ki, Bakının köhnə məhəllələrinin ərazisində yenidənqurma işi şəhərin mərkəzi hissəsinin müfəssəl planı əsasında aparılır. Bu sənəd isə şəhərin mərkəzi rayon adlandırdığımız ərazisinin gələcək inkişafının konsepsiyasını ortaya qoyur. 

Xatırladaq ki, paytaxtın Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanan və 1986-2005-ci illəri əhatə edən sonuncu Baş planı 1987-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq edilib. 

Elçin Məmmədov

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM