Rüstəm Qasımov
Bir müddət əvvəl Muzey mərkəzində Rusiyada yaşayan istedadlı azərbaycanlı rəssam Bayram Salamovun fərdi sərgisi açılıb. Tədbirin təşkilatçısı qismində Mədəniyyət və Turizm nazirliyinin təsviri incəsənət və dekorativ sənətlər şöbəsi çıxış edirdi.
Sərginin açılışı ərəfəsində ANN.Az rəssamla söhbətləşməyə imkan tapıb. Qısa müsahibəni təqdim edirik:
- Azərbaycan publikasına bir az özünüz barədə məlumat verərdiniz?
- Mən Şəkidə doğulub böyümüşəm, Bakıda Əzim Əzimzadə kollecində təhsil almışam. 1990-cı ildə Tolyattiyə köçmüşəm, o vaxtdan indiyəcən orada yaşayıb yaradıram. Ancaq mən Azərbaycana tez-tez gəlirəm, bura mənim vətənimdir. Burada bir çox nəsnələr məni məhsuldar işə kökləyir. Məsələn, tanış insanlar, doğma peyzaj, gündəlik həyatın adi səhnələri – bütün bunlar mənə şəkillərim üçün süjetlər qurmağa imkan yaradır. Ona görə də, Azərbaycana gəlməyi çox sevirəm, ölkədən kənarda sərgilərdə iştirak edəndə də Azərbaycanı təmsil edirəm, çünki mən burada doğulmuşam, böyümüşəm.
- Bu sizin Bakıda ilk sərginizdir, başqa hansı ölkələrdə sərgilənmisiniz?
- Bakıda bu qəbildən olan böyük sərgini artıq ikinci dəfədir keçirirəm, belə ki, ilk sərgim bir neçə il əvvəl paytaxtın "1969” qalereyasında baş tutmuşdu. Buna qədər Praqa (Çexiya) və Limasolda (Kipr) iri fərdi layihələrim baş tutmuşdu. Ümumilikdə indiyədək 50-dən çox fərdi sərgim olub. Rusiyada - Çelyabinskdə, Nijnevartovskda, Samarada, Tolyattidə fərdi sərgilərim keçirilib. Amerikada, Almaniyada, İspaniyada işlərim sərgilənib. Mən Rusiya Rəssamların Yaradıcı İttifaqının və YUNESKO-nun üzvüyəm, Rəssamlar ittifaqının Rusiya boyu bütün layihələrində iştirak edirəm.
- Siz hansı manerada çəkirsiniz? Biraz sizə xarakterik olan üsubunuz barədə danışardınız?
- İmpressionistləri çox sevirəm və daim onların manerasında çəkirəm. İllər ərzində mən öz imzamı tapmışam, məsələn, pastosoda çəkməyi, kətan üzərində dolğun rənglərlə işləməyi sevirəm, istəyirəm fırça vuruşları dolğun olsun.
- Sizin pedaqoqunuz kim olub?
- Əzim Əzimzadədə müəllimim Lətif Feyzullayev olub, bu gün çəkdiyim maneranın formalaşmasında onun rolu danılmazdır.
- Siz təkcə yağlı boyada çəkirsiniz, yoxsa başqa rənglərdən də yararlanırsınız?
- Yağlı boyada çəkməyi sevirəm, bu mənim sevimli texnikamdır. Ancaq akvareldə, pasteldə də çəkə bilirəm, hər şey qarşıma qoyduğum tapşırıqdan asılıdır. Ancaq mənim işimdə hər zaman əsas olan yağlı boyadır!
- Ən parlaq rənglərdə çətirləri sizin şəkillərinizdə tez-tez görmək olar. Çətirlərə belə maraq hardandır?
- Çətirlər sadəcə olaraq, mənim çox xoşuma gəlirlər, ona görə də onlardan tez-tez istifadə edirəm. Həm də onlar mənim süjet və dekorativ işlərimə uyğun gəlirlər. Və onlar çox parlaqdırlar!
- Sizə ilham necə gəlir?
- Mən ilhamı hər şeydən alıram. Gözəl qızlara, çiçəklərə baxmağı, musiqi dinləməyi, təbiətdə olmağı sevirəm. İstənilən maraqlı söhbət və yaxud hadisə mənə şəkil çəkmək üçün ideya verə bilər. Şəkil çəkmək üçün illərlə oturub ilham pərisini gözləməkdə bir məna görmürəm. Mən eyni vaxtda həm yaşayır, həm çəkirəm, uyğun bir anı oturub gözləmək mənlik deyil. Bir şeyi gözləməklə insan nə qədər şey itirə bilər!
- Bir şəkli çəkmək nə qədər vaxt alır?
- Şəkil var ki, oturub bir gecəyə çəkirsən, eləsi də var bir aya. Hər şey mənim süjet vasitəsilə hansı halı və əhvalı çatdırmağa çalışmağımdan asılıdır.
- Şəkillərinizi hansı vaxt çəkməyi sevirsiniz?
- Gecələr musiqinin müşayiətiylə işləməyi sevirəm. Hətta bəzən növbəti səhərin açıldığının belə fərqinə varmıram.
- Şəkillərinizdəki cazibədar qadın obrazları həyatdan götürülüb?
- Bəzi işlərim üçün natürşalardan istifadə etmişəm, çünki belə, qadın gözəlliyini və cazibəsini çatdırmaq asandır. Şərq rəqslərinin parlaq kostyumları çox xoşuma gəlir, onlardan süjetlərimdə tez-tez istifadə edirəm.
- Bayram müəllim, biz sizə Bakıda yeni sərgilər və uğurlar arzu edirik.
- Təşəkkür!
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !