BDU tələbələri bu il də yataqxanasız qalacaq

17:15 | 07.07.2014
BDU tələbələri bu il də yataqxanasız qalacaq

BDU tələbələri bu il də yataqxanasız qalacaq

Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarının söküntüsü dayandırılıb. Maliyyə Nazirliyindən BDU-nun yataqxanasının tikintisinin ləngimə səbəblərini müxtəlif səbəblərlə izah ediblər. Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Nazirlikdən bildirilənə görə, 2014-cü il üçün təsdiqlənmiş investisiya proqramına Bakı Dövlət Universitetinin (BDU) tələbə yataqxanalarının söküntüsü və onun yerində salınacaq tələbə şəhərciyinin inşası məsələsi salınmayıb: “Dövlət büdcəsi vəsaiti hesabına istənilən layihənin maliyyələşməsi hər il Nazirlər Kabineti tərəfindən təsdiqlənən Dövlət investisiya proqramına əsasən həyata keçirilir. Sözügedən layihənin maliyyələşməsi yalnız dövlət investisiya proqramına salındıqda mümkün ola bilər”.Maliyyə Nazirliyindən universitetin yataqxanasının neçəyə başa gəlməsi məsələsinə də aydınlıq gətiriblər: “İlkin hesablamalara görə, BDU-nun mövcud tələbə yataqxanalarının söküntüsü və yerində yeni, müasir yataqxana kompleksinin tikintisi üçün 100 milyon manat vəsait tələb olunur”.Bakı Dövlət Universitetindən də yataqxananın inşasının gecikmə səbəbini vəsait çatışmazlığı ilə izah ediblər. BDU-nun İnzibati təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı ANS PRESS-ə açıqlamasında köhnə yataqxananın söküntüsü işlərinin 1 ildir ki, dayandığını söyləyib. O qeyd edib ki, söküntü işlərinin davam etdirilməsi üçün vəsait çatışmır: “Söküntü işlərinin aparılması üçün 2 il bundan öncə birinci dəfə 500 min manat, 2-ci dəfə 200 manat ayrıldı. Biz də vəsaitin bir hissəsi ilə söküntüyə, bir hissəsini isə isə layihə işlərinin görülməsinə xərclədik”.N.Ramazanlı BDU-nun yeni yataqxanasının layihəsinin artıq hazır olduğu da söyləyib. O, qeyd edib ki, bu işlərin gecikməsində Maliyyə Nazirliyinin heç bir günahı yoxdur:“Bizim işimizə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mane olur. Biz inşaat pasportunun alınması ilə bağlı dəfələrlə BŞİH-yə müraciət etmişik. Amma onlar bizə inşaat pasportu vermirlər ki, layihəni həyata keçirək. 5-6 dəfə onlara yazılı müraciət göndərmişik. Bizə BŞİH və Baş Memarlıq İdarəsi problem törədir. Bu günə qədər bizim məktublarımızın heç birinə cavab verməyiblər”.Məsələ ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinə üz tutduq. İdarənin ictimaiyyətlə əlaqələr bölməsi bu məsələ ilə bağlı məlumatsız olduqlarını bildirərək BDU-nun ittihamlarına cavab verməkdən imtina etdilər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, BDU-nun yataqxanalarında məskunlaşan qaçqınların hamısı oradan çıxarılıb. “Bu, dövlət proqramına əsasən həyata keçirilir. Digər universitetlərin də yataqxanalarında məskunlaşan qaçqınların çıxarılmasına başlamışıq. Bu iş mərhələli şəkildə həyata keçirilir. Artıq BDU-nun yataqxanasından çıxardığımız qaçqın və məcburi köçkünləri Müşfiqabad qəsəbəsində yeni salınan evlərdə yerləşdirmişik”.Göründüyü kimi yeni tədris ilindən də tələbələr elmdən daha çox, harda qalmaq haqda fikirləşməli olacaqlar. Dövlət qurumları bir-birilərini ittiham etməkdənsə yaxşı olardı ki, tələbələrin yerləşdirilməsi üçün yataqxanaların tikintisi ilə maraqlansınlar. Bəlkə onda tələbələr harda yerləşmək qayğılarından xilas olaraq savad qazanmağa daha çox vaxt sərf edərlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM