ANN.Az-ın bu və ya digər suallarını yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov cavablandırıb. Həmin müsahibəni oxuculara təqdim edirik:
- Yol vergisinin ləğvi kimlərə şamil olunmayacaq? Texniki baxış qiymətləri avtomobil təsnifatına görə necə müəyyən ediləcək?
- Milli Məclisin payız sessiyasının axırıncı iclasında Vergilər Məcəlləsinə dəyişikliklər layihəsi təsdiq olundu. Həmin layihədə nəzərdə tutulur ki, avtomobil nəqliyyat vasitəsi sahiblərindən tutulan yol vergisi ləğv edilsin. Yol vergisinin ləğvi Vergilər Məcəlləsinin 211-ci maddəsindəki norma əsasına həyata keçirilir. İndiyə qədər yol vergisi daxili nəqliyyat vasitələrinə tətbiq olunurdu. Yəni Azərbaycan vətəndaşlarına, Azərbaycan təşkilatlarının nəqliyyat vasitələrinə. Məcəlləyə edilən dəyişikliyə qədər və dəyişiklikdən sonra da xaricdən gələnlər, ölkəmizdən tranzit keçənlərə münasibətdə yol verigisi qalacaq.
Əvvəlki qanuna görə, mexaniki nəqliyyat vasitəsinin mühərrikinin həcmi 50 kub sm-dən yuxarıdırsa o, illik texniki baxışdan keçməli və onun sahibi yol vergisi ödəməli idi. Sonuncu dəyişikliklə bu norma qüvvədən düşmüş hesab olunur. Qanun prezidentin təsdiqindən sonra qüvvəyə minəcək. Böyük ehtimalla prezident həmin layihəni təsdiq edəcək. Çünki təcrübədə elə olmayıb ki, prezident özü təklif etdiyi qanun layihəsinə veto qoysun.
Qanun qüvvəyə mindikdən sonra sürücülər texniki baxışa getərkən artıq yol verigisi ödəməyəcəklər. Texniki baxış zamanı dövlət rüsumu ödənilir və bu rüsumda "Dövlət rüsumu haqqında" qanunun 18.65-ci maddəsi ilə tənzimlənir. Yol vergisi ləğv olunsa da, adıçəkilən maddənin tələb etdiyi dövlət rüsumunun ödənilməsi mütləqdir. Çünki texniki baxış üzrə hərəkətlər – avtomobilin təqdim olunması, müayinə edilməsi, avtomobil sazdırsa ona birka verilməsi - həmin müayinənin simvolik xərci olaraq nəzərdə tutulur. Bu xərc bütün avtomobillər üçün 20 manatdır.
Mühəndis terminologiyasında nəqliyyat vasitələri növlərə bölünür. Onlardan biri də avtomobillərdir. Avtomobillər də öz növbəsində 3 qrupa bölünürlər: minik avtomobilləri, müxtəlif tutumlu avtobuslar və yük avtomobilləri. Hər 3 növ avtomobil üzrə dövlət rüsumu eynidir - 20 manat. Digər nəqliyyat vasitələri - traktorlar, kənd təsərrüfatı traktorları, motoskiletlər üçün isə dövlət rüsumu 10 manat təşkil edir.
- Avtomobillərdə texniki baxış qiymətinin endirilməsi bütün avtomobil sahibləri üçün sevindirici oldu. Fikrinizcə, bu dəyişiklik daha əvvəl edilə bilərdimi?
- Məncə, sevinməyə heç bir əsas yoxdur. Həmin layihə əsasında yol vergisi ləğv edildi, lakin yanacağa vergi tətbiq olunmağa başladı. Konkret olaraq yanacağın litrinə görə 2 qəpik. Bütün növ yanacaqlara yəni, dizel, benzin, həm də sıxılmış qaza tətbiq olunur. Sadəcə incəlik ondan ibarətdir ki, həmin yol vergisinin ödəyicisi yanacağı istehsal edib daxili bazara çıxarandır. Və bunun da Azərbaycanda daxili istehsalçısı yeganə olaraq ARDNŞ - dir. Və yanacağı ölkəyə idxal edənlər var ki, onun da əsasını ARDNŞ həyata keçirir.
Məndə olan qeyri-dəqiq məlumata görə, bəzi özəl şirkətlər xaricdən Azərbaycana benzin və dizel gətirirlər. Lakin təbii ki, bütün bunlar ARDNŞ-ın nəzarəti altındadır. Söhbət ondan gedir ki, bu verginin ödəyiciləri onlardır. Həmin "2 qəpik"lər dövlət büdcəsinə ödəniləcək. Amma o "2 qəpik"ləri bizdən alacaqlar ya yox, bu artıq Tarif Şurasının səlahiyyətindədir.
2013-cü ildə Azərbaycanın dövlət büdcəsində yol vergisinin məbləği 69,5 milyon manat olub. 2014-cü ildə isə bu bir qədər az - 67,6 milyon manata enib. İndi bu məbləğ ləğv edildi, bu vəsait dövlət büdcəsinə daxil olmayacaq. Düzdür, hesablama aparmaq çətindir ki, nə qədər yanacaq idxal olunur, nə qədər daxili bazarda istifadə olunur və s. Lakin mənim hesablamama görə, Azərbaycanda il ərzində 2,5 milyon litr yanacaq yandırılır. Bunun vergisi edir 50 milyon manat. Yeni qayda tətbiq olunanda Azərbaycana yanacağı gətirənlər dövlət büdcəsinə 50 milyon manat pul keçirəcəklər. Həmin pulu onlar öz gəlirlərindən verməlidirlər ki, buna da mən inanmıram. Onlar yəqin ki artıq Tarif Şurasına bununla bağlı müraciət ediblər və bu məsələ qurumun gündəliyinə daxil edilib. Verginin nə qədər qaldırılacağı da Tarif Şurasının səlahiyyətləri çərçivəsindədir.
- Söhbət benzinin qiymətinin qaldırılmasından gedir?
- İqtisadi baxımdan benzinin qiyməti qaldırılmaya bilər. Çünki dünya bazarında indi karbohidrogen yanacaqlarının qiyməti aşağı düşüb. Xam neftin qiyməti sürətlə aşağı enir və Azərbaycan da dünyada xam neftin tanınan istehsalçısıdır. Belə olan halda yanacağın qiyməti qaldırılmaya bilər.
Lakin mən buna inanmıram. Yəqin ki, Tarif Şurası yanacağın qiymətini qaldıracaq və əminəm ki, bu məsələ yanvar ayında həll olunacaq. Və yaxud da bu məsələyə birdəfəlik son qoyulacaq. Həmin 50 milyon manatı ARDNŞ ödəyəcək və yanacağın qiyməti olduğu kimi qalacaq.
Bu məsələyə digər tərəfdən yanaşaq - dövlət büdcəsi tərəfindən məsələ incələndiyi halda bu tədbirlər sistemində bir nüans diqqət çəkir. 2014-cü ildən başalayaraq avtomobilləşmə prosesini məhdudlaşdırmaq barədə tədbirlər gedir. Məsələn "Avro 4"-u tətbiq etmək, xarici ölkələrdən istər təzə, istərsə də istismar olunmuş avtomobillər yalnız "Avro 4"-ə uyğun olduqda idxal oluna bilər. Əks təqdirdə Azərbaycana avtomobillərin idxalına yol verilmir. Daxildə də eyni qayda ilə, yəni məsələn Naxçıvan Muxtar Respublikasında istehsal olunan "NAZ-LİFAN " markalı avtomobillər və Gəncədə yığılan minik avtomobilləri də "Avro 4"-ə uyğun olmalıdır. Yəni bu sahə məhdudlaşdırılır və ya nəzarətdə saxlanılır. Haqqında danışdığımız mövzu isə "Avro 4"-ün tətbiqinin ardınca gələn növbəti tədbirdir.
Təsəvvür edək ki, yanacağın qiyməti qaldırılır və burada əsas məqsəd dövlət büdcəsinə gəlir cəlb etməkdir. Aksiz dərəcəsi ən kiçik avtomobillərdə 100 manata qalxır. Və orta hesabla mühərrikin iş həcmi yüksək olan avtomobillərdə isə hətta 10 000 manat təşkil edir. Söhbət minik avtomobillərindən gedirsə, statistikaya görə, 2013-cü ildə Azərbaycana 100 000-dən çox avtomobil gətirilib. Onun 95 000 və ya 96 000-i minik avtomobilləridir. 2014-cü ildə bu rəqəm bir qədər azalaraq hardasa 60 000 minik avtomobili oldu.
60 000-i 150 manata vursaq 9 milyon manat pul edir. Bununla da dövlət büdcəsinə əlavə pul gəlir ki, bu da hələ ən aşağı hesablamadır. İkincisi, mühərrikinin iş həcmi az olan, az yanacaq sərf edən, ətraf mühiti az çirkləndirən və parklanma yerində az yer tutan minik avtomobillərinə aksiz dərəcəsi cəmisi 100 manata qaldırılır. Lakin nəhəng minik avtomobiləri, ətraf mühiti çox çirkləndirən, daha çox yanacaq sərf edən avtomobillərə isə aksiz dərəcəsi 100 faizdən də yuxarı qaldırılır. Yəni hökümət bununla demək istəyir ki, əhali kiçik həcmli maşınlar alsın. Çünki bu həm hökümətə, həm də vətəndaşlara sərf edir.
2014-cü ildə belə bir məsələ ortaya çıxdı ki, ARDNŞ-in daxili tələbatı ödəyəcək qədər yanacağı olmaya bilər. Yəni əgər ölkəyə gətirilən avtomobil idxalı bu templə davam edərsə, ARDNŞ daxili avtoparkın yanacaqla təmin etməsində çətinliklə üzləşəcək. Yəni balaca maşın az yanacaq işlədir və yanacaq baxımından dövlətə sərf edir. ARDNŞ-a yol vergisinin tətbiqi o deməkdir ki, yanacağın qiyməti qaldırılacaq. Dövlət bununla demək istəyir ki, yanacaqdan az istifadə edin. Məsələn, dünyanın bir çox ölkələrində - Avropada, Yaponiyada, Rusiyanın bəzi şəhərlərində yanacaq Azərbaycandan bahadır. Düzdür, neft istehsal edən ölkələrlə müqayisədə yəni İranla, Türkmənistanla, ərəb ölkələri ilə müqayisədə Azərbaycanda yanacaq çox bahadır. Amma neft idxal edən ölkələrlə müqayisədə ucuzdur. Təbii ki, bu belə olmalıdır. Əslində Azərbaycanda indikindən də ucuz olmalı idi. Lakin məsələ ondadır ki, Azərbaycanda avtomobil parkının sayı sürətlə artır, yollar, küçə şəbəkləri buna cavab vermir. Hər yerdə də yol ötürücüsü tikmək olmaz.
Avropada və Amerikada ictimai şüurla bizim ictimai şüur arasında fərq çoxdur. Məsələn, ABŞ-da hər 10 adamdan 8-nin avtomobili var, ümumilikdə əhalinin 80 faiznin maşını var. Azərbaycanda əhalinin cəmi 13 faizinin maşını var. Amma ABŞ-da Bakıda olduğu kimi maşın sıxlığı hiss edilmir. Səbəb isə ictimai nəqliyyatdır. ABŞ-da ictimai nəqliyyat ideal vəziyyətdədir. Məsələn, elə amerikalı var ki, qarajında 2 avtomobili var, lakin o həftə ərzində maşınlarından istifadə etmir. Dünyanın bir çox ölkələri artıq bu səddi keçib.Yaponların belə bir misalı var "əgər sən bir yerə tez və baha getmək istəyirsənsə, öz maşınınla get, yox əgər tez və ucuz getmək istəyirsənsə, onda ictimai nəqliyyatdan istifadə et”.
Demək istəyirəm ki, əgər Azərbaycanda avtomobilləşmə azaldılır, nəzarətdə saxlanılırsa, bununla parelel ictimai nəqliyyatın inkişaf etdirilməsinə də diqqət atrırılmalıdır.
- Texniki baxış qiymətinin endirilməsinə baxmayaraq, cəmiyyətdə belə bir fikir formalaşır ki, istifadə olunmuş maşınlar, yəni ikinci əl maşınların texniki baxışdan keçməsində problemlər yaranacaq. Sizcə bu problem necə həll olunmalıdır?
- Burada artıq qanunvericilik birmənalıdır. Kimsənin aldadılması mümkün deyil. Qanun artıq birmənalı şəkildə müəyyən edir ki, texniki baxış zamanı 20 manat dövlət rüsumu ödənilməlidir. Əlavə bank xərci bir əməliyyat üçün maksimum 1 manat ola bilər və bundan artıq ödəniş ola bilməz. Hətta şəxs bunu elektron qayda da həyata keçirə bilər. Yəni şəxs həmin məbləği ödəmə məntəqələrində ödəməklə banka getməyə də bilər. Məsələnin texniki tərəfi isə fərqlidir. "Yol hərəkəti haqqında" qanuna 1 saylı əlavə edilib ki, orada avtomobillərə irəli sürülən texniki tələblər göstərilib.
Avtomobil həmin texniki tələblərə cavab vermədikdə istismar üçün yararsız sayılır və texniki baxışdan keçmir. Sürücü texniki tələbləri bilməlidir, yəni avtomobilin təkəri, şüşəsi, işıq sistemi, sükan idarə mexanizmi hansı qaydada olmalı olduğunu bilməlidir. Bunlar qaydasındadırsa, sürücüdən hər hansı artıq məbləğ tələb olunursa və ya yersiz irad tutulursa, sürücü həmin iradların əsassız olduğuna əmindirsə, onda söhbət keçir insan hüquqları sahəsinə, şəffaflıq və korrupsiya məsələlərinə. Sürücülər öz hüquqlarını bilməlidirlər, şikayət edə bilər, rəhbərlik var, polisin özünün nəzarət orqanı var, korrupsiyaya qarşı mübarizə idarəsi var və üstəgəl məhkəmə var.
Lakin elə sürücülər var ki, məsuliyyətsizlikdən həmin texniki tələbləri yerinə yetirmir və hər hansı yolla avtomobilini texniki baxışdan keçirir. Və bugün biz həmin texniki tələbləri rəhbər tutaraq şəhərdə reyd etsək görərik ki, hər 5 maşından 1-i bu tələblərə cavab vermir. Belə deyək, 70-ci illərdə istehsal olunmuş avtomobildə problemin olduğunu hamı bilir. Məsələn qapısı bağlanmır, təkərləri istismara yaramır, farasının biri yanmır. Həmin maşının sürücü də bunu bilir ki, onun avtomobili texniki baxışa yararsızdır və bu halda texniki baxış məntəqəsindən keçmək istəyir.
Dünyanın bütün dövlətlərində avtomobillərin texniki baxışı həyata keçirilir. Burada yeganə məqsəd ondan ibarətdir ki, yola nasaz maşın çıxmasın. Bunun özü böyük bir riskdir, təhlükədir. Çünki hər hansı bir adi nasazlıq, məsələn avtomobilin işıqlandırma sisteminin düzgün işləməməsi ağır nəticələrə səbəb ola, hətta ölümlə nəticələnə bilər. Ona görə də dünyanın hər bir ölkəsində texniki baxış var. Düzdür, fərqli qaydalar tətbiq olunur. Məsələn, dünyanın heç bir yerində texniki baxışın dövlət yol polisinə aidiyyatı yoxdur və bunun üçün ayrıca qurum, mühəndis təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatlar avtomobili texniki yoxlayır, əgər nasazlıq varsa, təmir etməyi təklif edir və ya avtomobili ümumiyyətlə sürməməyi tövsiyyə edir.
Bizdə də texniki baxış zamanı avtomobildə hər hansı problemin olması o demək deyil ki, avtomobil şəxsin əlindən alınacaq. Texniki baxış zamanı avtomobildə problem aşkar olunduğu halda akt tərtib olunur və həmin aktda avtombilin hansı aqreqatının nasaz olması göstərilməklə avtomobilin təmirdən sonra yenidən texniki baxışa gətirilməsi göstərilir. Bizim təfəkkürümüzdə isə bu belə deyil, şəxs problem aşkar olunduğu zaman həmin problemi başqa yolla həll etməyi və avtomobili texniki baxışdan keçirməyə müxtəlif üsullar axtarır ki, bu zamanda bazar söhbətləri başlayır. Bax, bu təfəkkürü dəyişmək lazımdır. Yəni ki, texniki baxışı həyata keçirən şəxsə hətta min manat da təklif edilsə belə o, həmin sürücüyə qanunun tələbini başa salmalıdır ki, avtomobilin nasaz olan aqreqatı təmirdən sonra təkrar texniki baxışa gələ bilər.
- Haqqında danışdığımız qanun dəyişikliyindən sonra avtomobillərdə icbari sığortanın qiymətində endirim gözlənilirmi?
- Yox, bu dəyişikliyin icbari sığorta ilə heç bir bağlılığı yoxdur. Bilirsiniz ki, icbari sığortanın da qiymətini dövlət, yəni Maliyyə Nazirliyi müəyyən edir. Bu dəqiqə sığorta şirkətləri etiraz edir ki, icbari sığortanın haqqı azdır və qaldırılmalıdır. Ola bilər ki, icbari sığortanın da qiyməti qaldırılsın. Təbii ki, kommersiya şirkəti olan sığorta şirkəti istəyir ki, çox pul qazansın. İcbari sığortanın aşağı həddi Azərbaycanda 50 manatdan başlayır və 300 manata qədər yüksəlir. Orta qiymət isə 80-100 manat arası dəyişir. Lakin şirkət istəyər ki, bu daha çox olsun. Məsələn 800 manat olsun. Lakin dövlət buna icazə vermir. Ona görə də dövlət buna nəzarət edir. Dövlət sığorta şirkətinə bildirir ki, rentabellik var. Yəni il ərzində yığılan sığorta haqqı və il ərzində baş verən hadisələr və ödənilən sığorta məbləği. Yəni renatbellik əsasında şirkət əməkdaşlarına maaş verir, fəaliyyətini təmin edir.
Könüllü sığortada isə məsələ ayrı cürdür, artıq söhbət bazardan gedir. Bu xidmət bazarıdır. Şirkət müştəri cəlb etməyi bacarırsa, öz işidir. Məsələn, Skandinaviya ölkələrində belə bir tendensiya var ki, sığorta şirkəti şəxsi qayda pozuntularından da sığortalayır. Məsələn, sürücü radara düşürsə ildə bir dəfə həmin cəriməni sığorta şirkəti özü ödəyir. Bu hal bizim üçün sərfəli hesab oluna bilməz, məsələn 2014-cü ildə rəsmi 2 milyon qeydə alınmış qayda pozuntusu olub ki, bu da 1,2 milyon sürücüyə qarşı qeydə alınıb. Lakin bu reallığı əks etdirmir. Bizim sürücülər hər gün yol hərəkət qaydalarını pozurlar, bu qaydaları bilməməkdən irəli gəlir. Məsələn, sürücü zolaqlarda düzgün hərəkət etmir, dönmə zamanı dönmə siqnalından istifadə etmir və bunlar hamısı yol hərəkət qaydalarının pozulması deməkdir.
- Bundan başqa hansı dəyişikliklərin olunacağı ehtimal olunur?
Qanunvericilikdə yetərincə dəyişikliklər edildi. Çünki avtomobillərin aksiz dərəcəsini qaldırdılar, yol vergisini ləğv etdilər və əvəzində yanacağa yol vergisi tətbiq etdilər. Və mən gözləyirəm ki, yanacağın qiyməti qaldırılacaq. Hətta ehtimal olunur ki, ictimai nəqliyyatın da qiyməti qaldırılsın. Bunun iqtisadi əsasları olmalıdır. Məsələn, iqtisadçılar qeyd edir ki, burada heç bir əsas yoxdur və rentabelliklə 20 qəpiklə işləmək olar. Ölkəyə gətirilən yeni iritutumlu bahalı avtobuslarla bağlı qeyd etmək istəyirəm ki, burada əsas problem şirkətin problemidir. Yəni bahalı avtobus gətirərək bunun müqabilində dövlətdən gediş haqqının qaldırılmasını tələb etmək qanunsuzluqdur.
- Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar hamı benzinin qiymətinin də aşağı düşəcəyini düşünür. Bu tendensiya dünyanın bir çox ölkələrində də müşahidə edildi. Siz isə bizdə benzinin qiymətinin qalxma proqnozunu verirsiniz. Benzinin qiymətinin düşdüyü ölkələrlə Azərbaycan arasında əsas fərq nədən ibarətdir?
- Benzinin ucuzlaşdığı ölkələrdə qiyməti dövlət tənzimləmir - əsas fərq budur. Təbii ki, normal bazar qiymətlərindən söhbət gedir. Çünki inhisarçılıq yoxdur, anormal yanaşmalar yoxdur. Bizdə isə inzibati tənzimləmə var, yəni qiyməti dövlət müəyyən edir. Məsələn, bugün benzinin qiymətini dövlət 70 qəpik olaraq müəyyən edirsə və paralel olaraq xam neftin qiyməti 80 faiz aşağı düşürsə, benzinin qiyməti elə 70 qəpik qalacaq. Dəyişikliyi yalnzı dövlət edə bilər. Yəni bu artıq dövlətin siyasətidir. Dövlət özü müəyyən etməlidir ki, daxili bazar üçün nəzərdə tutulmuş yanacaq hansı həcmdə olsa bundan gələn gəlir gözlənilən səviyyədə ola bilər?
Təbii ki, dövlət də baş verən iqtisadi prosesləri nəzərə almalıdır. Azərbaycan xam neftin istehsalçısıdır. Əhalinin də gözləntiləri odur ki, neftin qiyməti aşağı düşdüyü üçün benzinin də qiyməti aşağı düşməlidir. 2015-ci ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi zaman həm spiker, həm də maliyyə naziri vurğuladılar ki, bu il Azərbaycanı hər hansı iqtisadi çətinliklər gözləyə bilər. Buna görə şəxsən inanmıram ki, Tarif Şurası benzinin qiymətini aşağı salsın. Bu real görünmür, əksinə artırılmasını gözləyirəm.
Orxan Aslanlı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !