“Bizim məqsədimiz rok-cəmiyyətinin ruhunu göstərməkdir” – MÜSAHİBƏ+FOTO

15:07 | 22.06.2016
“Bizim məqsədimiz rok-cəmiyyətinin ruhunu göstərməkdir” – MÜSAHİBƏ+FOTO

“Bizim məqsədimiz rok-cəmiyyətinin ruhunu göstərməkdir” – MÜSAHİBƏ+FOTO


Rüstəm Qasımov

Bir müddət əvvəl paytaxtın "Art-Villa” qalereyasında rok musiqisinə həsr olunmuş "Rok” adlı fotosərgi keçirildi. Sərginin təşkilatçısı qismində Dadaş Məmmədovun rəhbərlik etdiyi "Arts Council Azerbaijan” çıxış edirdi. Sərgi təkcə səylə seçilmiş və zövqlü ekspozisiyası ilə deyil, yenilik ideyası ilə də maraqlıydı, axı bu mövzu uzun illər ərzində diqqətdən kənarda qalmışdı. 

ANN.Az portalı "Rok” fotosərgisinin əsas iştirakçıları – Rüstəm Hüseynov və Tofiq Rəşidovla söhbətləşmək imkanı əldə etdi, onlar müsahibə zamanı müştərək sərgi ideyasının necə yaranmasından, nəyə görə bu mövzunu seçdiklərindən və ideyanın nəyə görə diqqət tələb etdiyindən söz açdılar. 
 


- Sərginin ideyası necə yarandı və siz nəyə görə bu mövzuya müraciət etdiniz? 

Rüstəm: Bir dəfə rok-konsertdən sonra biz Tofiq Rəşidovla baş tutan konsert barədə danışırdıq. Sonradan söhbət konsertdən çəkilmiş fotolardan düşdü, biz qəfil dərk elədik ki, biz 3-4 nəfər həvəskardan başqa, rok-konsertlərimizi heç kim çəkmir. Qərara gəldik ki, əgər başqaları bunu etmirsə, biz özümüz bu boşluğu dolduraq, bunun üçün gücümüz və bacarıqlarımız kifayət qədərdir. 

Bu çox maraqlı mövzudur. Atmosfer, həyəcan və ovqat olan mövzular məni çox cəlb edir, bunu da hər fotoqraf çatdıra bilmir. Belə kadrları çəkmək həm çətindir, həm də xoş. Bu məhz o fotolardır ki, illər sonra onlara baxanda faydasız iş görmədiyini dərk edirsən. Bundan əlavə, çox sayda insan bu mövzuyla maraqlanır, sərgimizin anşlaq keçməsi təsadüfi deyil. 
 


Tofiq: Mövzu təsadüfən seçilməyib. Demək olar, 3 ildir biz Rüstəmlə şəhərimizdə baş turan bütün rok konsertləri fəal şəkildə çəkir, sənədləşdiririk. Fotoları albomlar şəklində özümüzün sosial şəbəkələrdəki səhifələrimizdə paylaşırıq. Nəticədə məsələ barəsində çox adamın xəbəri olur. Bizə yaxın xaricdə rok musiqisinə dair vəziyyət necədir? Oralarda nəinki bu musiqi janrının tarixinə həsr olunmuş, həmçinin müxtəlif rok qrupların, ifaçıların yaradıcılığına həsr olunmuş onlarla kitab çıxır, həmçinin internet-saytlar fəaliyyət göstərir. Bizdə bunlar demək olar ki, mövcud deyil. Hansısa pərakəndə məlumatlar var. "Rockzone” adlı sayt var, amma ora da yarım-peşəkarların öz çevrəsindən ibarətdir. Ona görə də biz Rüstəmlə bu məsələdəki boşluğu necə dolduracağımız barədə müzakirələr apardıq. Biz qərara gəldik ki, heç olmasa insanlara bizdə belə musiqi janrının mövcud olduğunu çatdıraq. Təkcə gənc nəsil deyil, yaşlı nəsil də rok janrıyla maraqlanır. Beləcə, bu fotosərginin ideyası yarandı. İllər ərzində çəkdiyimiz fotolar isə onun əsası oldu. 

- Yəqin, ilk olmaq çətindir. 

Rüstəm: Hər kəs birinci ola bilməz. Bu, böyük müvəffəqiyyətsizliklə nəticələnə bilər. Bəlli olan cığırla yeriməkdənsə, yeni mövzuyla çıxış etmək hər zaman çətindir. Xüsusilə də mövzu tabulaşdırılıbsa və bu mövzunun obyektlərinə cəmiyyətdə onyarğı mövcuddursa. Ancaq şəxsən məni bu əngəllər qorxutmur, əksinə, bu müəyyən mənada stimuldur. Həm də ki, bu mənim qürurumu və peşəkar reputasiyamı oxşayır (gülür) – mən başqalarının addım atmağa risk etmədiyi bir sahədə uğur əldə etmişəm. 

Tofiq: Əlbəttə, birinci olmaq hər zaman çətindir, ancaq qürurvericidir. Axı kosmosa çox adam qalxıb, ancaq bir Qaqarinin adını bilirik (gülür). Bunda da belədir. Bəli, belə mövzuda bizə qədər indiyədək heç kim etməmişdi. Bilmirəm, başqaları edəcək, ya yox, amma bizim ideyalarımız çoxdur. 
 


 - Sizcə, həmkarlarınız nəyə görə bu mövzuya az müraciət edirlər? 

- Rüstəm: Birinci səbəb odur ki, cəmiyyətimizdə önyarğılı münasibət var. Bəziləri az qalsın rokçuların az qala sekta üzvü, satanist kultlarının xidmətçiləri, marjinallar və narkomanlar olduqlarını güman edirlər. Bəziləri onlardan qorxur və təhlükəli hesab edirlər.
 
İkincisi, mətbuat  ölkəmizdə rokla əlaqədar baş tutan tədbirlərə demək olar ki, diqqət ayırmır. Məsələn, son-bir neçə ildə bir neçə rok-konsert baş tutub, ancaq heç birisi nüfuzlu mətbuat orqanlarında işıqlandırılmayıb, sanki rok rok-cəmiyyətlərindən başqa yerdə mövcud deyil. Sizin sualınıza əksər fotoqraflar belə cavab verəcəklər: "Bizdə bəyəm rok var?”

Üçüncüsü də, bizim rok-cəmiyyətimizdə fotoqrafları çox maraqlandıran qlamur yoxdur. Ancaq həqiqi atmosfer, ruh var, bunu hər kəs anlaya bilməz. Və sonuncu səbəb budur ki, bizim rok-musiqiçilərini və ya pərəstişkarları çəkəndə, siz pul qazanmırsınız, parıltılı jurnallar üçün bu mövzu maraqlı deyil. 
 


Tofiq: Birincisi, bunun üçün ilk növbədə rok musiqini hiss etmək və sevmək lazımdır. Axı konsertə gələndə sadəcə olaraq çəkə bilməzsən. Həm musiqiçilərdə, həm pərəstişkarla qəlbin bir döyünməlidir. İkincisi də, maraqlı rakurs tutmaq üçün qaçmaq, ora-bura hərəkət etməlisən. Konsert çəkilişləri zamanı bir çox çətinliklər ortaya çıxır, çoxları bununla üzləşmək istəmir. Ancaq şəxsən mənimçün bu çox böyük bir həzz, ləzzət, adrenalindir. Rüstəmdən başqa, rok-konserti çəkmək iqtidarında olan cəmi bir neçə fotoqaf tanıyıram. 

Ancaq mən qeyd etmək istərdim ki, bu mövzuya sizin həmkarlarınız, jurnalistlər də yetərincə diqqət ayırmırlar. Bakıda keçirilən konsertlər zamanı mən dənə də olsun KİV nümayəndəsinə rast gəlməmişəm, baxmayaraq ki, konsertlər baş tutmazdan əvvəl elanlar, reklamlar sosial şəbəkələrdə paylaşılır. 

- Sərgidə neçə ədəd iş təqdim olunub? 

Rüstəm: böyük formatda 25-i, bəziləri işıqlı, bəziləri də ağ-qara variantda. Bizim çox böyük arxivimiz var, ancaq qərara gəldik ki, ən maraqlıları təqdim edək, bunlar Azərbaycanın rok-cəmiyyətinin atmosferini və ruhunu çox gözəl əks etdirirlər. 

Tofiq: Sərgilənən şəkillərin bir hissəsi qrupa ayrılır və özündə tamamlanmış kompozisiyanı ehtiva edir, bəziləri isə sərbəst, ayrıca çəkilişlər kimi təqdim edilib, ancaq onlar bütövlükdə bir bütövü ehtiva edirlər. Çoxları soruşur ki, şəkillərin sayı niyə belə azdır (gülür)?Sırf texniki səbəblərdən sərgi zalına çox şəkil sığışmır, şəkillər çox olanda onlar əndazədən çıxırlar, bir-birinin üstünə çıxırlar. Optimal variant 30 şəkildir. Hər bir işin öz incəlikləri və xırdalıqları var. Şəkillərlə çox maraqlananlar bizim Rüstəmlə sosial şəbəkələrimizdəki hesablarımıza daxil olub albomlara baxa bilərlər, biz orada müntəzəm olaraq rok-konsertlərdən şəkillər paylaşırıq. 

- Bu sərgiyə nə qədər müddət hazırlaşmısınız? 

 Rüstəm: Sırf texniki məsələləri biz yarımayda tamamladıq. Sərgi təşkil etmədə mənim böyük təcrübəm var, texniki detallara çox uzun vaxt sərf olunmadı. Biz Tofiqlə çox gözəl tandem qururuq, bu artıq müştərək 3-cü layihəmizdir, ona görə də xüsusi çətinliklərimiz olmadı. 

Tofiq: İdeyanın yaranması, sərginin açılışına qədərki texniki və təşkilatçılıq məsələlərinin hamısını hesablasaq, 2 həftədən çox vaxt sərf olunub. Adətən belə qısa zaman ərzində çox az insan belə qəbildən olan tədbir ərsəyə gətirə bilər. Həm də nəzərə almalıyıq ki, mahiyyət etibarilə bütün məsələləri biz ikimiz həll etmişik.  

- Fotolar hansı konsertlərdə çəkilib? 

Rüstəm: Əsasən "Tribute to Rock” və "Alive Metal” kimi böyük konsertlərdə, həmçinin musiqiçi və müxtəlif qrupların ayrıca konsertlərdən.
 
- Tamaşaçılara öz fotolarınızla nəyi demək istəyirdiniz və sərginin əsas məqsədi nədir? 

Rüstəm: Məqsəd rok cəmiyyəti mühitini və ruhunu, Azərbaycanda roksevərlərin necə yaşadığını və nələrdən ilham aldığını göstərməkdir. Böyük tamaşaçı kütləsinə yarımqapalı musiqi andeqraundunu göstərməkdi əsas niyyət. Cəmiyyətə müasir Azərbaycan rokerinin real obrazını çatdırmaq idi, yoxsa bizim cəmiyyətin bəzi nümayəndələri hələ də güman edirlər ki, rokerlər öz zirzəmilərində murdar rituallar keçirən, egzorsizmlə məşğul olan pis satanistlərdir (gülür).  İstək rokun maraqlı musiqi janrı olduğunu, cazdan və muğamdan heç də pis olmadığını, kültür baxımından yaxşı alternativ olduğunu göstərmək idi. 

 Tofiq: Bizim məqsədimiz Azərbaycanda rok musiqinin və rokun mövcud olduğunu və olmaqda davam edəcəyini insanlara çatdırmaqdır. Biz çalışdıq ki, konsertlərdə musiqiçi və tamaşaçılar arasında hökm sürən mühiti göstərək. Çalışdıq ki, daha gözəçarpan xarakterik cəhətləri yaxalayaq. İstədik tamaşaçı işlərə köklənsin. Bu məqsədlə biz şəkillərin müəlliflərini göstərməkdən və s. imtina etdik ki, tamaşaçının fikri yayınmasın. 
 


- Sonuncu sual: hansı auditoriyanı hədəfləmisiniz? 

Rüstəm: Əsasən, yuxarıda sadaladığımız və müxtəlif səbəblərdən dolayı heç vaxt rok konsertləri ziyarət etməyən ziyarətçiləri. Axı başqalarının həyatına, xüsusilə belə maraqlı və parlaq insanların həyatına kənardan baxmaq hansısa məna maraqlıdır. Həmçinin sərgi rok cəmiyyətinin özünə də maraqlıdır, kim özünə kənardan baxmaq zövqünü dadmaq istəməz ki? (gülür)

Tofiq: Əlbəttə, idealda biz istəyərdik ki, auditoriyamız yaşından, sosial statusundan, vəziyyətində və s-dən asılı olaraq müxtəlif olsun. Axı musiqi üçün fərqi yoxdur sən nə işlə məşğulsan, gəncsən, ya yaşlı. 
 


ANN.Az sonda sərgini baş çəkməyə gələn tanınmış azərbaycanlı fantast və publisist Aleksandr Xakimovun da fikirlərini soruşdu. 

"Sərgi heyratamizdir. Bir şeyə görə təəssüf edirəm – 40 il əvvəl biz dostlarımızla əlimizə gitara götürəndə və qrup yaratmaq istəyəndə, bir çox yetkin insanlar bizə çəp-çəp baxırdılar, bir ağızdan deyirdilər ki, bu musiqi əxlaqi deyil, o, meymunlar səviyyəsindədir, rok musiqiçiləri də ciddi musiqidən başları çıxmayan bayağılardan ibarətdir...  Hər cür söz eşidirdik. Mən bir mənada təəssüf edirəm ki, bu sərgidəki şəkilləri keçmişə, bizim gənclik dövrümüzə göndərmək, bizim yaşlı opponentlərimizə göstərmək mümkün deyil... Bu çox yaxşı və insanları susduran arqument olardı... və yaxud o insanları bugünə möcüzəli şəkildə  gətirib bu sərgiyə baxdırmaq olardı.  Bu musiqiçilərin, ifaçıların necə də ilahi üzləri var! Onlara öz sənətlərinə gömülüblər! Bu əsl yaradıcılıqdır! Əgər Tofiq Rəşidov və Rüstəm Hüseynovun əməyi olmasaydı, biz bu gün bu sərgiyə toplaşa bilməzdik”, - Xakimov bildirdi. 

Təhsil, mədəniyyət, elm və maarifçiliyi təbliğ edən ANN.Az portalı ölkəmizdə baş verən mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur. Bu dəfə sizə "Rok” sərgisində fotoları təqdim edirik. 

Foto: Orxan Sultanov, Leyla Ağayeva 
 





































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb