BMT Sudana humanitar yardım edilmәsi bağlı çağırış edib

18:00 | 18.05.2023
BMT Sudana humanitar yardım edilmәsi bağlı çağırış edib

BMT Sudana humanitar yardım edilmәsi bağlı çağırış edib

Birləşmiş Millətlər Təşkilatı Sudandakı böhrandan zərər çəkənlərin humanitar ehtiyaclarını ödəmək üçün təxminən 2,6 milyard dollara ehtiyac olduğunu açıqlayıb. Bu barədə BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında bildirilib.


BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Cenevrədəki nümayəndəsi Rameş Rajasingam aprelin 15-də Sudanda başlayan münaqişələrin milyonlarla insanın həyatına mənfi təsir etdiyinə diqqət çəkib.
 
"Sudandakı insanların səhiyyə xidmətlərindən istifadə etmək imkanı yoxdur. Bir milyona yaxın sudanlı məcburi köçkün vəziyyətinə düşüb və qonşu ölkələrə köçüb. Bu gün ölkədə yaşayan  25 milyon insanın humanitar yardıma və müdafiəyə ehtiyacı var. Bu gün işə saldığımız müdaxilə planı bu reallığı əks etdirir”, -Rameş Rajasingam deyib.
 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının əməliyyatlar üzrə müavini Rauf Mazou da Sudandakı günahsız insanların humanitar ehtiyaclarının ödənilməsi ilə əlaqədar imkanı olan ölkələrə çağırış edib.

"Bu gün biz 6 ayda bir milyondan çox insanın əsas ehtiyaclarına cavab vermək üçün təxminən 472 milyon dollarlıq yardım çağırışına start verdik'', - Rauf Mazou qeyd edib.
 
BMT münaqişə səbəbindən Sudanda ərzaq təhlükəsizliyinin kəskin zəifləyərək rekord səviyyəyə çatacağını proqnozlaşdırır. Proqnozlara görə, bu, 19 milyon insana – ölkə əhalisinin 40 faizinə təsir göstərəcək. Ölkədə silahlı toqquşmaların başladığı dövrdən bəri ərzağın qiyməti xeyli artıb. Əgər fermerlər may-iyul ayları ərzində əsas kənd təsərrüfatı məhsullarının əkinini həyata keçirə bilməsələr, qiymətlər daha çox bahalaşacaq.

Təhlükəsizliklə bağlı vəziyyət fonunda Sudandakı fəaliyyətini dayandıran BMT-nin Ümumdünya Ərzaq Proqramı ötən həftə yenidən işə başladıqdan sonra 35 mindən çox insanı lazımi ərzaqla təmin edib. Təşkilat yaxın aylarda fövqəladə yardımın miqyasını 4,9 milyon nəfərə çatdırmağı hədəfləyir.
 
Sudanda vəziyyət 2022-ci ilin oktyabrından Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. İki hərbi struktur arasındakı əsas ziddiyyətlər ölkənin vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də orduda kimin baş komandan olması ilə bağlıdır. Aprelin 15-də tərəflər arasında silahlı münaqişə başlayıb.
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) rəqəmləri indiyədək münaqişədə ən azı 676 nəfərin öldüyünü, 5575 nəfərin yaralandığını açıqlayıb. 
 
Eltac Nurullazadə

www.anews.az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb