BP Azərbaycanda hasilatı 10,4% azaldıb

14:23 | 01.08.2024
BP Azərbaycanda hasilatı 10,4% azaldıb

BP Azərbaycanda hasilatı 10,4% azaldıb

2024-cü ilin ilk 6 ayında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq və Günəşli” (AÇG) yataqlar blokunda gündəlik neft hasilatı  2023-cü ilin eyni dövrü ilə müqayisədə 10% azalaraq orta hesabla 336.000  barel və ya ümumilikdə 8 milyon ton təşkil edib. Bu barədə  "BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin yarım ili üzrə biznesə dair yaydığı hesabatda bildirilib. 
 
AÇG-də edilən hasilatın 22 min barreli  "Çıraq”,  96 min barreli  "Mərkəzi Azəri”, 77 min barreli  "Qərbi Azəri”, 52 min barreli  "Şərqi Azəri”,  57 min barreli  "Dərinsulu Günəşli” , 29 min barreli isə "Qərbi Çıraq”  platformalarının payına düşüb. 
 
AÇG-dən hasilatın həcmi 2023-cü ilin ilk altı ayında gündəlik neft hasilatı 375.000 və ya ümumilikdə 9 milyonton olub. 
 
İlin ikinci rübündə AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Dərinsulu Günəşli platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. 

Proqram zamanı Dərinsulu Günəşli platformasından hasilat 13 gün ərzində dayandırılıb,  planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtından əvvəl başa çatdırılıb.
 
İlin birinci yarısında AÇG-də 9 neft hasilatı və 1 su injektoru quyusu tamamlanıb.  

Rübün sonunda AÇG-də ümumilikdə 144 neft hasilatı, 45 su injektoru və 8 qaz injektor quyusu istismarda olub.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Azərbaycanın neft hasilatının 70% onun payına düşür.
 
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü il  sentyabrın 20-də imzalanıb.
 
2017-ci il  sentyabrın 14- də  həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), "MOL Group” (9,57 %) INPEX (9,31 %), "Equinor” (7,27 %), "ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür