Bu sözləri iqtisadçı ekspert Oqtay Haqverdiyev ANN.Az-a açıqlamasında bildirib.
O, Azərbaycanda iki cür iqtisadi siyasətin aparıldığını bildirib: pul kredit siyasəti və sosial siyasət: "Pul kredit siyasətini Mərkəzi Bank həyata keçirir. Əslində, bu, səhv siyasətdir. Son 5-6 ildə ölkədə dolların məzənnəsi 0,78 qəpik təşkil edir və bu stabillik neçə illərdir davam edir. İqtisadi baxımdan yanaşıldıqda bunun heç də düzgün siyasət olmadığını görərik. Yəni məzənnənin səviyyəsini valyuta bazarı tənzimləməlidir. Amma bizdə bu, belə deyil. Çünki səhv pul siyasəti aparılır. Buna səbəb isə əhalinin həyat səviyyəsinin yüksək olmamasıdır. Digər səbəb isə odur ki, sahibkarlar öz iş planlarını quranda dövlətdən qarant kimi aldıqları pul vəsaitinin stabil olacağını bilirlər. Stabillik olanda bu onlara sərf edir və öz işlərini bu səviyyəyə uyğun qururlar. Yəni heç nədən çəkinmirlər ki, pulun dəyəri artar, ya azalar. Valyuta bazarındakı bu stabilliyin sahibkarlığın inkişafına da təsiri var. Məhz bu amillər valyutanın stabil qalmasını dəstəkləyir. Amma buna baxmayaraq Mərkəzi Bank təxminən ildə 1,5 milyard (hətta 4 milyard olan vaxtda olub) valyuta bazarına müdaxilə edir ki, bu valyuta stabil qalsın”.
O.Haqverdiyev əlavə edib ki, pul kredit siyasətini hər il Mərkəzi Bank təsdiq edir: "Qurum artıq 2015-ci il üçün də manatın sabit qalması siyasətini davam etdirir. Əlbəttə, müdaxilə olmasa, manatın belə sabit qalmasından söhbət gedə bilməz. Müdaxilə olmasa, manatın dəyərinin azalması üzə çıxacaq. Hər bir ölkə valyutasının özünün tutunduğu bir mövqe var. Məsələn ABŞ-da dollar ölkənin geniş çox şaxəli iqtisadiyyatına tutunub. Bizdə isə manatın tutunduğu mövqe neft və qazdır. Bizim öz valyuta ehtiyatlarımız var. Amma buna baxmayaraq biz böyük bir ölkə deyilik ki, bizim ehtiyatlarımız lap çox olsun”.
Ekspertin fikrincə, manatın belə stabil qalması 2-3 il davam edəcək: "Çünki bizdə nə sahibkarlıq normal inkişaf edib, nə də əhalinin həyat səviyyəsi o qədər yüksək deyil. Əgər manat öz dəyərini itirərsə, ölkədə minlərlə insanın vəziyyəti çox ağır olar. Çünki artıq bizim əhali manatın stabil qalması rejiminə uyğunlaşıb, hər hansı dəyişkənlik olarsa, bu, əhaliyə ciddi şəkildə təsir edəcək”.
Bank sektorlarının fəaliyyətindən danışan ekspert əlavə edib ki, Azərbaycanda ən böyük layihələri dövlət müəyyənləşdirir: "Amma digər ölkələrdə - xüsusən sahibkarlığa, biznesə daha çox üstünlük verən ölkələrdə özəl sektorlar belə geniş layihələrə vəsait yatırırlar. Çünki bilirlər ki, həmin pul qoyduğu layihədən daha çox vəsait əldə edəcək. Biz isə hələ o səviyyəyə gəlib çatmamışıq. Bank sektorları kommersiya kreditlərinə, böyük faizlərlə kiçik həcmli kreditlər verməyə daha çox üstünlük verirlər. Bu da təbii ki, həmin bank sahiblərinə daha çox pul qazandırır”.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev 27 yanvar müşavirəsində məhz bank sektorları ilə bağlı məsələdən danışarkən cavabdeh dövlət qurumlarının və dövlət məmurlarının bu sahə üzrə ciddi məşğul olmalarına dair tapşırıq verdi.
Orxan Aslanlı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !