“Bu mülkü sökərlərmi?!” - FOTO

19:04 | 10.03.2014
“Bu mülkü sökərlərmi?!” - FOTO

“Bu mülkü sökərlərmi?!” - FOTO

Bakıda sökülməsi nəzərdə tutulan “Sovetski” və digər köhnə məhəllələrdə tarixi-memarlıq abidələrinin də taleyi narahatlıq doğurur. 

Hökumət bu məhəllələrin hesabına ərazidə “Qış bulvarı”nın davamını salmaq, yolları genişləndirmək və yeraltı avtomobil dayanacaqları tikmək niyyətindədir. 

Burada elə yaşayış evləri var ki, onların söküləcəyi təqdirdə sakinlər ədalətli kompensasiya tələb edir, lakin elə binalar da var ki, onların dağıdılmasının yolverilməz olduğunu söyləyirlər. 

Belə tikililərdən biri də Mirzə Fətəli küçəsi, 45 ünvanında yerləşən 2 mərtəbəli tarixi-memarlıq binasıdır. 

ANN.Az-ın müxbiri həmin mülklə maraqlanıb. Mülkün sahibi 63 yaşlı Faiq Əliyev bildirib ki, 50 ildir burada yaşayır. Bina 1895-ci ildə tikilib və Şirin Bəy adlı şəxsə məxsus olub. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Şirin Bəy həyat yoldaşı Zəminə xanımla birlikdə bu mülkü qoyaraq ölkəni tərk edib. Onlardan sonra burada rus ailəsi yaşayıb. Daha sonra mülk Faiq Əliyevin ailəsinə satılıb. 

Müxbirimiz evin otqaları ilə də yaxından tanış olub: dəhlizin tavanındakı rəsm, qapıların möhtəşəmliyi və s. ilk baxışdaca diqqəti cəlb edib. 

Faiq Əliyevin sözlərinə görə, küçədən keçən əcnəbi turistlər bu mülkə xüsusi diqqət göstərir, onun tarixi ilə maraqlanırlar: “Belə bir evi sökərlərmi?!” - deyən mülkün sahibi jurnalistlərdən bu problemi gündəmdə saxlamalarını xahiş edib. 

Faiq Əliyev əməkdaşımıza bu evdən aşkara çıxardığı qədim küpü də göstərib. O deyib ki, bu mülk təkcə evi olduğu üçün yox, həm də köhnə Bakının bir parçası kimi çox əzizdir. Evinin söküləcəyini təsəvvürünə belə gətirə bilməyən Faiq Əliyev əlaqədar orqanları bu məsələdə ehtiyatlı olmağa çağırıb. 

Faiq Əliyev onu da bildirib ki, vaxtilə evinin qonşuluğunda dahi müğənni Şövkət Ələkbərova dünyaya göz açmış və yaşamışdır. Xalq artisti, sevimli aktyorumuz İlham Namiq Kamal da onun qonşusu olub. 

Elçin Məmmədov

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM