Nepalın şimali-qərbində meydana gələn 7,4 bal gücündə zəlzələ ilə bağlı ilkin informasiyalar yayılmağa başlayıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ilkin rəsmi məlumatlara görə, Nepalda baş verən bugünkü güclü zəlzələ nəticəsində 36 nəfər ölüb, 981 nəfər yaralanıb.
Beynəlxalq Miqrasiya Təşkilatının Nepalda olan nümayəndəsi Paul Dillon bugünkü zəlzələ nəticəsində xeyli binaların uçduğunu, əvvəlki zəlzələ nəticəsində yarıuçuq vəziyyətdə olan binaların isə tamamilə yerlə-yeksan olduğunu deyib. Dillon xilasetmə qrupunun şəhərdə fəaliyyətə başladığını bildirib. Nepalın zəlzələdən daha çox ziyan gördüyü Çautara şəhəri yardım mərkəzinə çevrilib, burada səhra xəstəxanaları qurulub.
Mütəxəssislərin açıqlamalarına görə, bu gün səhər saatlarında baş verən 7,4 bal gücündə zəlzələnin ardından bölgədə 5,6 və 6,2 gücündə təkanlar təkrarlanıb. Zəlzələ silsiləsinin davam etməsi ölkədəki pis vəziyyətin daha da kəskinləşəcəyindən xəbər verir.
Nepal iki həftə əvvəl də şiddətli zəlzələ ilə silkələnmişdi. 7,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində 8 mindən adam həlak olmuş, təxminən 18 min adam isə yaralı vəziyyətindədir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !