Cəfası da, səfası da ağır qadın əməyi - ARAŞDIRMA

14:55 | 13.07.2015
Cəfası da, səfası da ağır qadın əməyi - ARAŞDIRMA

Cəfası da, səfası da ağır qadın əməyi - ARAŞDIRMA

Qadın və qadın əməyi barədə çox şey danışmaq olar. Tarix boyu zəhmətkeş qadınlarımız çox olub və elə onu Sevil Qazıyevanı xatırladaq. Öz işinə ürəklə bağlı olan, peşəsinin vurğunu olan bu qadın əmək qəzası zamanı həyatını itirib. Deyilənlərə görə, tarlada olarkən traktoru yanıb və işlədiyi sahəni yanğından xilas etmək üçün öz canını qurban verib. 

Yəqin ki, hazırda da belə cəfakeş qadınlar var, ancaq biz onları tanımırıq. Çünki bəzi sahibkarlar belə qadınların üzə çıxmasının qarşısını alır, günlərlə ağır şəraitdə çalışan qadınlar əmək qəzaları zamanı müxtəlif dərəcəli xəsarətlər alır, bəlkə də həyatla vidalaşır, bəlkə də başqalarına möhtac duruma düşürlər. 
Ümumiyyətlə qadınların məcburi şəkildə işlədilməsi, xüsusilə kənd təsərüffatı sahəsində günü-gündən artmaqdadır. Rayon yerlərində bu hala daha çox rast gəlmək olur. Fikrimizcə, çünki onlara bu iş məcburi şəkildə etdirirlər.

Qadınların məcburi şəkildə işlədilməsi onların hüquqlarının tapdalanması, onlara lazımı qayğı, sevgi verilməməsi cəmiyyətimizin ən ağırılı, acılı problemlərindən biridir. 

Kənd təsərrüfatı sahəsində qadınları bucür məcburi işlədilməsinin qarşısını necə almaq olar? Bu işlə konkret olaraq hansı qurum məşğul olmalıdır? Qadın əməyindən məcburi şəkildə harada tətbiq etmək olmaz? Qeydiyyata alınmayan, müqavilə bağlamayan işçilərin məcburi işlədilməsinə görə sahibkarları hansı cəzalar gözləyir? ANN.Az saytı bu sualları cavablandırmaq üçün ekspertlərin, hüquqşünasların fikirlərini öyrənib. 
 


Hüquqşünas Ənnağı Hacıbəyli ANN.Az-a açıqlamasında bildirib ki, qadın əməyinin tətbiqinin qadağan olunduğu iş yerləri var: "Bunlar Əmək Məcəlləsində də göstərilib.Ümumiyyətlə, qadınların məcburi işlədilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulub ki, misal üçün, bu və digər işlərdə qadınlar işləyə bilməzlər. Əgər kimsə tərəfindən məcburi işlədilirsə,  bu o deməkdir ki, qanunun aliliyinə əməl olunmur, insan hüquq və azadlıqları pozulur”.

Hüquqşünas qadınların zorla işlədilməsi məsələsinə nəzarətin Əmək Hüquqları Konfederasiyası tərəfindən aparılmalı olduğunu deyib: "Bu o deməkdir ki, birincisi Əmək Hüquqları Konfederasiyası öz vəzifələrini icra etmir. İkincisi, bu qanun həm də konstitusiyada nəzərdə tutulmuş bir normadır. Bu eyni zamanda o deməkdir ki, ölkədə qanunvericiliyin icrası vəzifəsi bərbad vəziyyətdədir. Əgər qanunverciliyin qaydalarına hər hansı sahibkar əməl etmirsə, həmin şəxs ciddi cəzalandırılmalıdır”
 
 

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov qadın əməyindən məcburi istifadənin ölkədə artıq ənənə halına çevrildiyini vurğulayıb: "Ümumiyyətlə, qadın əməyindən məcburi istifadə edilməsi hələ sovetlər dönəmindən var idi. Qadınların, kiçik yaşlı uşaqların kənd təsərrüfatında, ağır işlərdə işlədilməsi artıq təbii bir hala çevrilib. Yəni elə bil qadın və uşaqlar kənd təsərrufatı işlərində məcbur işləməlidirlər, yoxsa onlara qarşı hər hansı təhdid və ya işgəncə olacaq. Bu halların baş verməsinin əsas səbəbkarları, bu işləri görənlərə, qadınları məcburi şəkildə işlədənlərə, sahibkarlara irad tutmamalarıdır. Bunun əsas səbəbi də artıq hamının bu halı adi qəbul etməsidir”. 

Ekspert kənd təsərrufatı sahəsində sahibkarların işçiləri qeydiyyata almamasını da böyük problemlərdən biri kimi qeyd edib: "Çoxlu sayda sahibkarlar var ki, onlar qeydiyyat aparmır, müqavilə bağlamır. Məhz həmin qadınlar isə ümumiyyətlə qeydiyyatın nə olduğunu bilmirlər”. 

Ekspert daha sonra qadın əməyindən məcburi istifadə olunmasının dəfələrlə rayon yerlərində şahid olduğunu deyib: "Fermerlər, kənd təsərrüfat sahibləri vergilərdən azad olunduqları üçün sanki bunlara bir güzəşt verilib. Bu sahibkarlar da bu fürsətdən sui-istifadə edirlər, öz bizneslərini qeydiyyata almırlar. Və cəlb etdikləri işçilərlə müqavilə bağlamırlar. Həm qadınları məcburi işlədirlər, həm onlara öz hüquqlarının nədən ibarət olduğunu demirlər, həmin qadınlara daha az maaş verilir, onların işlədilməsi üçün sahibkar heç bir vergi ödəmir. Bundan başqa həmin qadınlar pensiya yaşına çatanda az miqdarda təqaüd alırlar ki, bu da növbəti problemdir. Məcburi işlədilən, öz hüquqlarını bilməyən  qadınlar həm də əmək prosesi zamanı hər hansı xəsarət alırsa, onlar təzminat üçün heç bir yerə müraciət edə bilməyəcəklər. Ümumiyyətlə, bu sahədə tam özbaşınalıq sürür. Hökümət çalışmalıdır ki, bu sahədə ciddi tədbirlər görülsün. Qanunvericilikdə bu sahədə boşluqlar mövcuddur. Əgər bu sahədə ciddi addımlar atılmasa, daha ciddi fəsdlar yaranacaq”.   
 
 

Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov belə hallara daha çox ailə-fermer təsərrüfatlarında rast gəlindiyini bildirib: "Bu təsərrüfatlarda əmək münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri ciddi şəkildə reqlamentləşdirilmir. Məsələn, belə hallar daha çox ailə-fermer təsərrüfatlarında rast gəlmək olur. Hökumət bu sahəyə çox ciddi nəzarət edə bilmir. Əmək Məcəlləsində göstərilən qadınların əməyi üçün tətbiq olunan qadağalarla bağlı Avropa Sosial Komitəsi, BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin ləğvi komitəsi  və s.  bu kimi qurumlar tələb edirlər ki, bu məcəllədə göstərilən qadağalar da çıxarılsın. Bu sahədə məhdudiyyət ancaq analıq və reproduktiv sağlamlıq  nöqteyi-nəzəridən ola bilər, ancaq bu hallarda məhdudiyyətlər qoyula bilər”.
 
Sahib Məmmədov rayon yerlərində qadınların kənd təsərrüfat sahəsində  məcburi işlədilməsi fikri ilə razı olmadığını deyib: "Rayon yerlərində işsizlik səviyyəsi yüksək olduğundan ola bilər ki, qadınlar işləsin. Amma inanmıram ki, bu cür vaxtda kimsə hansısa qadını məcbur tutub işlətsin, sahələrə aparsın və.s . Qadınların məcbur işlədilməsi məsələsi ilə razı deyiləm. İndiki dövrdə kolxoz yox, sovxoz yox, kim istəyir işləyir, kim istəyir işləmir”.

Xatırladaq ki, Əmək Məcəlləsinin 241- 242. maddələrində göstərilib ki, Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər bunlardır:

1. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.

2. Bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb - qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir.

3. Qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.

4. Qadınların əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır şeylərin əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər:

a) başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması;

b) ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq olmayan hündürlüyə qaldırılması;

c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;

ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.

5. Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır.

6. Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən təsdiq edilir.

Maddə 242. Qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması 

1. Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.

2. 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir.

Orxan Aslanlı



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM