Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırır- Agentlik yeni formata hazırlaşır
![Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırır- Agentlik yeni formata hazırlaşır Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırır- Agentlik yeni formata hazırlaşır](https://anews.az/photo/850x500/2025/02/13/1739444761_1739003475_turan-agentliyi.jpg)
Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırır. Bu barədə agentliyin oxuculara yaydığı bəyanatında qeyd olunub.
"Bu gün qaçılmaz bir reallıqla üzləşirik: daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətimizi hazırkı formatda davam etdirmək mümkün deyil. Davam etmək üçün zəruri resursları təmin etmək yolunda dayanmadan göstərdiyimiz səylərə baxmayaraq, bizi uzun illər təqib edən maliyyə çətinlikləri nəhayət agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi.Bu, bizim missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir. İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik. Müasir jurnalistikanın gələcəyi təkcə xəbər vermək deyil, həm də ictimai rəyi formalaşdırmaqdır", - məlumatda deyilir.
Turan İnformasiya Agentliyi 1993-cü ildən faəliyyət göstərir. Agentliyin direktoru jurnalist Mehman Əliyevdir.
Gülnar Nazimqızı