Prezident sərəncam imzalayıb

Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla on iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəh- mədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.