Metroda doğulan uşağın sağlamlıq durumu açıqlanıb

Avqustun 8-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan yenidoğulmuşun səhhətində yaxşılaşma müşahidə edilir. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qurumun yaydığı məlumata əsasən, körpənin Respublika Klinik Xəstəxanasının yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilir. Uşaq artıq CPAP cihazından ayrılaraq maska ilə oksigen dəstəyi alır.
“Vəziyyətində yaxşılaşma müşahidə olunur. Körpə ana südü ilə qidalanır və qidanı yaxşı həzm edir. Parenteral qidalanma davam etdirilir. Laborator analizlərdə infeksion göstəricilərdə artım qeydə alındığı üçün intensiv müalicə tədbirləri görülür,” – TƏBİB bildirib.
Körpənin anasının vəziyyəti də stabil qiymətləndirilir. Qadının müalicəsi Respublika Klinik Xəstəxanasının Hamiləliyin patologiyası şöbəsində davam etdirilir.
Hadisə avqustun 8-i səhər saat 07:40 radələrində baş verib. Doğulan oğlan uşağının çəkisi 2,200 qram olub. Ana və körpə dərhal xəstəxanaya çatdırılıblar.
Rəsmi məlumata görə, yeni doğulmuş uşaq 25 yaşına qədər Bakı metrosundan ödənişsiz istifadə hüququna malik olacaq.
Aytac