KOBİA ilə birgə həyata keçirilən proqramlar yaşıl iqtisadiyyatın təşviqində mühüm nəticələr verib

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə həyata keçirilən proqramlar, xüsusilə texnoloji sahələrdə və yaşıl iqtisadiyyatın təşviqində mühüm nəticələr verib. Bunu Bakıda keçirilən Halal Biznes Forumunda çıxışı zamanı Mərakeşin Kiçik və Orta Müəssisələrin Təşviqi üzrə Milli Agentliyinin (Maroc PME) baş direktoru Anouar Alaoui Ismaili bildirib.
“Azərbaycan bu prosesdə öz inkişafını davamlı şəkildə göstərib. Müştərək layihələr üzv dövlətlərə real dəstəyin nümunəsidir. KOBİA-nın təşəbbüsləri və ayırdığı mütəxəssislərlə aparılan proqramlar strateji əhəmiyyət daşıyır,” – o, Halal Biznes Forumu çərçivəsində bildirib.
Ismaili-nin sözlərinə görə, birgə əməkdaşlıq nəticəsində texnoloji proqramların dəstəklənməsi, yaşıl sahələrin genişləndirilməsi, eləcə də xidmətlərin regionlar üzrə əlçatanlığının artırılması istiqamətində nəzərəçarpacaq irəliləyişlər əldə olunub.
“Əsas üç amil – xidmətlərin genişləndirilməsi, bəzi proqramların tamamlanması və milli dəstəyin artırılması – əməkdaşlığın effektivliyini göstərir,” – o qeyd edib.
Maroc PME rəhbəri vurğulayıb ki, 2030-cu ilədək olan dövr üçün də KOBİA ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur və bu çərçivədə bir sıra müqavilələrin imzalanması, ortaq layihələrin icrası və daha sistemli dəstəyin təşkili planlaşdırılır.
“Müştərək iradənin olması hər bir iqtisadi layihənin uğuru üçün vacibdir. Biz bu iradəni Azərbaycan tərəfi ilə əməkdaşlıqda açıq şəkildə görürük,” – Ismaili əlavə edib.
Gülnar Nazimqızı