Qırğız rəsmisi: Halal sənayesi iqtisadiyyatın yeni mərhələsi ola bilər

Qırğız Respublikasında halal sənayesi dövlət səviyyəsində prioritet sahə kimi qiymətləndirilir. Bu barədə ölkənin İqtisadiyyat və Ticarət Nazirliyinin Halal Sənayenin İnkişafı Mərkəzinin direktoru Almaz Kaiyrbekov Bakıda keçirilən Halal Biznes Forumunda çıxışı zamanı deyib.
“Qırğızıstanda hökumət halal sənayesinə xüsusi diqqət yetirir. Nazirlər Kabinetinin qərarı ilə bu sahədə normativ sənədlər qəbul edilib və strateji yol xəritəsi hazırlanıb,” – o, Bakıda keçirilən Halal Biznes Forumu çərçivəsində çıxışı zamanı bildirib.
Kaiyrbekov qeyd edib ki, Azərbaycan halal sənayesi sahəsində yüksək templə inkişaf edən ölkələrdən biridir və gələcəkdə bu istiqamətdə birgə layihələrin icrası mümkün və məqsədəuyğundur.
“Halal sənayesi sahəsində əməkdaşlıq bizim iqtisadi münasibətlərimizə yeni mərhələ qazandıra bilər. Bu, yalnız iqtisadi inkişaf deyil, həm də insanların sağlam qidalanmasına xidmət edən strateji sahədir,” – o əlavə edib.
Qırğızıstanda qəbul olunmuş Strateji Yol Xəritəsi halal sənayesinin inkişafı üçün hüquqi və institusional çərçivənin gücləndirilməsini, sertifikatlaşdırma və akkreditasiya mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.
Kaiyrbekovun fikrincə, bu addımlar Qırğızıstanın halal sənayesini qlobal bazara daha sürətli inteqrasiya etməyə imkan verəcək.
Gülnar Nazimqızı