Güclü rəhbərlik olmadan müstəqil siyasət və iqtisadiyyat mümkün deyil - Deputat

Ölkənin bugünkü siyasi və iqtisadi müstəqilliyi güclü rəhbərliyin nəticəsidir. Bunu Milli Məclisinin deputatı Tahir Rzayev oktyabrın 22-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktim konfransında bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə təməl məhz mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev isə bu siyasəti uğurla davam etdirir.
“Rəhbəri güclü olmayan dövlət heç vaxt nə müstəqil siyasət, nə də dayanıqlı iqtisadiyyat formalaşdıra bilər. Azərbaycan bu sahədə nümunə göstərir. Uğurlarımızın əsası Heydər Əliyevin fəaliyyəti ilə qoyulub",– Rzayev qeyd edib.
Deputat əlavə edib ki, Prezident İlham Əliyev son beynəlxalq platformalarda – BMT sessiyasında, Avropa İttifaqı sammitində, Yaxın Şərq və Qazaxıstan sammitlərində – Azərbaycanın mövqeyini qətiyyətlə ifadə edib və bu, ölkənin beynəlxalq nüfuzunun göstəricisidir.
“Əgər güclü Azərbaycan dövləti qurulmasaydı, biz bu gün ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Diplomatik, hərbi və iqtisadi sahələrdə əldə olunan nailiyyətlər bunun sübutudur", – Rzayev vurğulayıb.
Gülnar Nazimqızı