Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatar tərkiblərinə keçid edilib
“Bakı Metropoliteni” QSC vaqon parkında ehtiyat tədbirlərini gücləndirmək və sərnişin tələbatına uyğunlaşmaq məqsədilə Bənövşəyi xətdə 5 vaqonlu qatar tərkiblərinin istismarına keçib.
Qurumdan verilən məlumata görə, qərar qatarların hərəkət intensivliyinin artırılması və sərnişin axınının optimallaşdırılması fonunda qəbul edilib. Belə ki, bir müddət əvvəl intervalların azaldılması nəticəsində “Avtovağzal–Xocəsən” sahəsində hərəkət intervalı 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyədək endirilib.
Günün müxtəlif vaxtlarında aparılan monitorinqlər və təhlillər göstərib ki, xidmət keyfiyyətinə xələl gətirmədən bir sıra texniki yeniliklərin tətbiqi mümkündür. Beş vaqonlu tərkiblərə keçid vaqon parkında ehtiyat imkanlarını artırmaqla yanaşı, texniki xidmətin keyfiyyətinin yüksəldilməsinə və planlaşdırmanın daha çevik aparılmasına şərait yaradır.
Məlumata əsasən, bu dəyişiklik vaqonlara baxış, qulluq, texniki xidmət və təmir proseslərinin daha operativ və planlı şəkildə həyata keçirilməsinə imkan verəcək.
“Bakı Metropoliteni” bildirir ki, Bənövşəyi xətdə sərnişin axını üzrə monitorinqlər davam etdiriləcək. Sərnişin tələbatının artması halında, stansiya platformalarının texniki imkanlarına uyğun olaraq 7 vaqonlu qatar tərkiblərinin formalaşdırılması da nəzərdə tutulur.