Ədalətli məhkəmə müdafiəsi iqtisadi aktivliyin göstəricisidir – İnam Kərimov
Sahibkar üçün ən vacib məsələlərdən biri – mübahisə yarandıqda ədalətli məhkəmə müdafiəsinə arxayın ola bilməsidir Bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov LEGİS hüquq forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, məhkəmələrdə kommersiya mübahisələrinin artım dinamikaası bir tərəfdən iqtisadi aktivliyin genişlənməsinin, digər tərəfdən isə sahibkarların məhkəmələrin ədalətli qərar vermə qabiliyyətinə inamının göstəricisidir.
İnam Kərimov qeyd edib ki, ixtisaslaşmış kommersiya məhkəmələrinin fəaliyyətə başlaması kommersiya mübahisələrinin daha peşəkar həllinə, məhkəmə təcrübəsində dünyəvi yanaşmanın formalaşmasına və qərarların hüquqi əsaslandırılmasının möhkəmlənməsinə şərait yaradıb.
“Mübahisə yarandıqda ədalətli və şəffaf məhkəmə müdaxiləsinə arxayınlıq iqtisadi inkişafı dəstəkləyən əsas amillərdəndir,” – o deyib.
İnzibati məhkəmələrin roluna toxunan Kərimov vurğulayıb ki, biznes üçün əsas çətinliklər bəzən kommersiya münasibətlərindən deyil, inzibati qərarlardan qaynaqlanır. Bu baxımdan inzibati hüququn gücləndirilməsi və inzibati qərarların məhkəmədə mübahisələndirilməsi imkanları sahibkarlığın qorunmasında həlledici əhəmiyyət daşıyır.
Kərimov bildirib ki, bu artım cəmiyyətin ədalət mühakiməsinə etimadının real göstəricisidir və inzibati məhkəmələrin vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının müdafiəsində xüsusi rolunu təsdiqləyir.
Ali məhkəmənin sədri əlavə edib ki, güclü dövlət anlayışı vətəndaş və sahibkar hüquqlarının qorunması ilə ölçülür və bu yanaşma ölkədə aparılan məhkəmə-hüquq islahatlarının əsasını təşkil edir.
O, bu siyasətin İlham Əliyevin “dövlət siyasətinin mərkəzində vətəndaş dayanır” prinsipinə uyğun olaraq həyata keçirildiyini vurğulayıb.
N.Təbrizli