Hər 15 gündən bir bələdiyyələr üçün efir ayrılsın - Təklif
Milli Məclisin deputatı Tahir Rzayev bələdiyyələrin fəaliyyətinin təşviqi və ictimaiyyətə daha dolğun təqdim olunması üçün televiziya kanallarında mütəmadi efir vaxtının ayrılmasını təklif edib. Bu barədə deputat regionala məsələlər üzrə komitənin iclasında deyib.
Rzayev bildirib ki, bələdiyyələrin işi stimullaşdırılmalı və onların fəaliyyəti ictimai nəzarət və məlumatlılıq baxımından daha geniş işıqlandırılmalıdır.
Onun fikrincə, televiziya kanallarında hər 15 gündə bir bələdiyyələrin fəaliyyətinə həsr olunan proqramların efirə verilməsi bu məqsədə xidmət edə bilər.
“Dəfələrlə demişəm ki, bələdiyyələrin işini təşviq etməliyik. Onların fəaliyyətini daha dolğun göstərməliyik. Hansısa televiziya kanallarında mütəmadi olaraq bələdiyyələr üçün efir vaxtı ayrılmalıdır. Bu, onların fəaliyyəti üçün stimul ola bilər”, – deputat qeyd edib.
Tahir Rzayev eyni zamanda torpaqların qiymətləndirilməsi sahəsində də problemlərin mövcud olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə boşluqlar var və məsələ ilə bağlı əlavə addımların atılması mümkündür.
Gülnar Nazimqızı