Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Türkiyə prezident administrasiyası ölkə səmasında ballistik raketin vurulmasından sonra İranı regionda gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, İrandan atıldığı iddia edilən və Türkiyə ərazisinə yönəlmiş ballistik raket NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən Qaziantep şəhərinin Şahinbəy rayonunun səmasında vaxtında tutularaq zərərsizləşdirilib.
“Hadisə nəticəsində ölən və ya yaralanan yoxdur”, – Duran qeyd edib.
Onun sözlərinə görə, bütün müvafiq qurumlar, ilk növbədə Türkiyənin Milli Müdafiə Nazirliyi, hadisə ilə bağlı tam koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Duran əlavə edib ki, Türkiyə öz hava məkanını qorumaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malikdir və bu imkanlar ən yüksək səviyyədə saxlanılır.