Nurullayev dövlət qulluğu sertifikatı alan şəxslər üçün yeni mexanizm təklif edib
Deputat Razi Nurullayev dövlət qulluğu imtahanından keçərək sertifikat alan şəxslərin 3-6 ay ərzində ixtisaslarına uyğun vakant vəzifələrə müraciət etməsi və işə qəbul prosesində real imkan qazanması üçün mexanizm yaradılmasını təklif edib.
Deputat bildirib ki, sertifikatın qüvvədəolma müddətinin beş ildən iki ilə endirilməsi işə qəbul problemini həll etməyəcək, əksinə, namizədlərin imkanlarını məhdudlaşdıra bilər.
“Reallıq budur ki, sertifikat alan şəxslərin bir qismi beş il ərzində belə iş tapa bilməyib. Deməli, problem yalnız imtahan verməkdə deyil, imtahandan sonra işə qəbul imkanlarının məhdudluğundadır”, - deputat bildirib.
Onun sözlərinə görə, sertifikatın qüvvədəolma müddəti iki ilə endirilərsə, iş tapa bilməyən şəxslər yenidən imtahana hazırlaşmalı və eyni prosesi təkrarlamalı olacaqlar.
Deputat təklif etdiyi mexanizmin avtomatik işə qəbulu nəzərdə tutmadığını vurğulayıb. O qeyd edib ki, işə qəbul zamanı müsahibə və peşəkarlıq tələbləri qüvvədə qala bilər.
“Dövlət vətəndaşın biliyini imtahanla təsdiqləyirsə, həmin bilikdən istifadə etmək üçün də ona real imkan yaratmalıdır”, – Nurullayev deyib.
Gülnar Nazimqızı