İran vətəndaşı Azərbaycana narkotik keçirməyə cəhd edərkən saxlanılıb

İrandan Azərbaycana paratrike tipli uçuş aparatı ilə narkotik vasitələr və psixotrop həblər keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb. Aparatda ümumilikdə 21 kiloqramdan çox narkotik vasitə və 4 000 ədəd metadon həbi aşkarlanıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb. İran istiqamətindən Azərbaycan ərazisinə doğru hərəkət edən paratrike tipli uçuş aparatı müşahidə edilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində uçuş aparatı zərərsizləşdirilib, onu idarə edən İran vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.
Aparatdan ümumi çəkisi 21 kiloqram 210 qram narkotik vasitə, o cümlədən 19 kiloqram 270 qram marixuana və 1 kiloqram 940 qram tiryək, həmçinin 4 000 ədəd psixotrop tərkibli metadon M-40 həbi götürülüb.
DSX qeyd edib ki, əvvəlki dövrlərdə də uçuş aparatları vasitəsilə Azərbaycan ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi cəhdləri müşahidə olunub.
Xidmət dövlət sərhədində qanunsuz fəaliyyətlərin, o cümlədən narkotik qaçaqmalçılığının qarşısının alınması və bu əməllərdə iştirak edən şəxslərin saxlanılması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.
Son xəbərlər 
Daha çox 























