Növbəti bayraq təxribatı yenə Antalyada baş verib
Türkiyədə daha bir dövlət bayrağının dirəkdən endirmək cəhdinin qarşısı alınıb.
ANS PRESS-in məlumatına görə, Antalyada Cengiz Önkol adlı 19 yaşlı gənc polis idarəsinin həyətinə girərək oradakı bayrağı endirməyə cəhd edib. Lakin bunu görən polislərdən biri təxribatın qarşısını alıb və həmin şəxsi ayağından vurub.
Polis idarəsinin həyətinə girən Önkol əvvəlcə ətrafa göz gəzdirdikdən sonra cəld bir şəkildə bayraq dirəyinə dırmaşmağa çalışıb. Bunu görən mühafizəçi polis aşağı düşməsi barədə xəbərdarlıq edib. Polis şifahi xəbərdarlıqdan sonra iki dəfə havaya atəş açaraq, yenidən yerə düşməsini tələb edib. Lakin buna da əhəmiyyət vermədiyini görüb və Önkolu sağ ayağından vuraraq aşağı salıb.
Daha sonra polis tərəfindən çağırılan təcili yardımla yaralı Antalya dövlət xəstəxanalarından birinə aparılıb. Faktla bağlı genişmiqyaslı araşdırma aparan polislər, həmin şəxsin bundan əvvəl bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu açıqlayıb.
Xatırladaq ki, Türkiyədə bayrağı dirəkdən endirmək halı ilk dəfə deyil. Birinci dəfə Diyarbəkirdə hərbi hissələrində birində türk bayrağı endirilmişdi. Bu zaman Türkiyə ordusunun əsgər və zabitləri bayrağı endirənlərin az yaşlı olduğunu nəzərə alaraq lazımı addımlar atmamışdılar. Lakin ikinci dəfə yenə Antalya yanacaq doldurma məntəqəsində baş vermişdi ki, həmin vaxt da təxribatın qarşısı alınmışdı. Bu hadisə isə artıq üçüncü bayraq təxribatıdır.
ANN.Az