Daş düşən başım - HEKAYƏ

12:11 | 23.12.2013
Daş düşən başım - HEKAYƏ

Daş düşən başım - HEKAYƏ

Kəramət Böyükçöl       Səfər müəllim kəndimizin köhnə müəllimlərindəndir. Onu hamı kənddə qədim əşyaları və yerləri axtaran adam kimi tanıyır. Necə deyərlər, lap qədimliyin anasıdır. Yaxşı boy-buxunlu kişidir. Kənd arasında belələrinə “bazburutdu adamdır” deyirlər. Əlindən bir “iş” gəlməyəndə arvadı ona məzələnir özüylə:- Səni bölsələr iki-üç rayona icra başçısı çıxar, amma bir saxsı qabın əlində əsir-yesir qalmısan. Evi doldurmusan saxsı qablarla.        Səfər müəllimin yaxşı dil qabiliyyəti də var. Yuxarıdan bir adam gələn kimi onu irəli verirlər. O da gələn adama Qarabağ hadisələrindən tutmuş bələdiyyə seçkilərinə qədər ürək dolusu danışır. Gələn adam hayıl-mayıl olur. Hətta bu cür geniş “diapazonlu” çıxışlara görə onu rayon tədbirlərinə söz deməyə aparırlar. Bir-iki dəfə təklif olmuşdu ki, gəlib qonşu rayonlarda da çıxışlar eləsin. Bir sözlə, Səfər müəllim kəndimizin görən gözü, vuran ürəyidir.        Nə qədər qonaq gəlir gəlsin kəndə; mədəniyyətdən, vergidən, hərbidən və təhsildən - hardan olursa olsun onun söz tərəfini Səfər müəllim çox yüksək səviyyədə yola verir. Söz tərəfi də əsasən, Qarabağla bağlı, kəndin sosial rifahı ilə bağlı çıxışlar olur. Bunu da Səfər müəllim kimi bəlağətli danışan yoxdur. Molla öz yerinə adam yetişdirdiyi kimi kəndimizin icra nümayəndəsi dəfələrlə Səfər müəllimə tapşırmıdı ki, bu barədə fikirləşməyin vaxtıdır artıq. Səfər müəllim də çıxışının mətnini böyük qızının oğlu Hadıya vermişdi ki, əzbərləsin.        Səfər müəllim 20 ildən çoxdur bu çıxışı eləyir, həmişə də dediklərinin hamısı düz olur. Hətta qonşu kənddən Səfər kimilər gəlib onun çıxışının mətnini köçürüb aparırlar. Səfər müəllimin əlindən hər iş gəlir, hərçənd, bu sarıdan arvadı narazı olsa da. Məsələn, kim bizim tərəflərdən deputatlığa namizədliyini verirsə axtarıb birinci Səfər müəllimi tapır. Lap namizəd Bakıdan, Gədəbəydən, Laçından olsun, fərq etməz... Birinci Səfər müəllimin evinə düşür. Bir də gördün səhəri Səfər müəllim yenə qırmızı qalustukunu taxdı, başladı vəkillik eləməyə. Kənardan gələnlərin hamısının qabağına Səfər müəllim yüyürür həmişə. Kəndin adından söz verir ki, özünü çox yormasın, seçkinin sonunda gəlib kağızını aparsın.          Düz 20 ildir Səfər müəllim bu işlə məşğuldur və etdiklərinin hesabına kənddə bəy oğlu kimi dolanır.Kənddən qız və ya torpaq almaq istəyən də Səfər müəllimi tapır və məsələ o saat həll olunur. Bir sözlə, Səfər müəllim kəndimizin açar-kilididir. Hətta kənd toylarının sonuna yaxın qarışıqlıq düşəndə, yəni oynamaq üstündə dava-zad olanda da Səfər müəllimi qabağa verirlər.        Uzun müddət Rusiyada yaşayıb Səfər müəllim. Deyilənə görə, orada iki uşağı var, nəvələri var. Özü bunu danmır da! Sonra necə olubsa, Rusiyadan ayrılıb, gəlib kənddə əmisi qızı ilə evlənib. İndi burda da uşaqları, nəvələri, maşallah olsun, qarpız kimi tağ atıb.Səfər müəllim rus arvadından ayrılmağının səbəbini Qarabağ məsələləri ilə bağlayır. Guya Vətən onu köməyə çağırıb, o da vətənə “can” deyib - dönüb Azərbaycana!Səfər müəllim çıxışlarına şeir də qatır. Məsələn, Bəxtiyar Vahabzadə ilə başlayırsa, Məmməd Arazla nöqtəni qoymalıdır.        Kənddə hamı yaxşı bilir ki, kim Səfər müəllimlə deyilsə, yəni onun dediyi ilə oturub durmursa həmin adamın başına daş düşür. Amma bu yaxınlarda hamının başına daş salan Səfər müəllimin özünün başına yekə bir daş düşdü. Bu o zaman oldu ki, Səfər müəllim aşiq oldu ATV-nin “Səni axtarıram” verilişinə. Başlayan kimi evdəkiləri “stroya” düzüb həmin verilişə baxdırırdı. Özü də bir yumub beş tökürdü. Bu, arvadının xətrinə dəyirdi. Deyirdi, yəqin kişi Rusiyadakı arvadının xiffətini çəkir, onu axtarmaq eşqinə düşüb. Veriliş qurtarandan sonra evdə Səfər müəllimin çıxışı başlayırdı. Deyirdi, orda olsam filan məsələyə bu cür cavab verərdim, belə deyərdim, elə deyərdim və s.        Beləliklə, Səfər müəllim “Səni axtarıram” verilişinə hələlik qonaq qismində çıxmaq eşqinə düşdü. Arayıb axtardı, vəkili olduğu deputat dostlarının birinin əli ilə yol tapdı, gedib oturdu “Səni axtarıram” verilişində. Qayıdandan sonra bütün rayona qıy saldı ki, məni televizorda göstərəcəklər. Elə Səfər müəllimin başına daş da bu zaman düşdü. Özü də yekəsindən!Ən birinci, arvad yekə bir dava saldı evdə. İkinci, Səfər müəllim verilişə çəkilib geniş çıxışlar eləsə də onu bir dəfə də olsun kadrda göstərmədilər. Səfər müəllim danışdığı yerlərdə Xoşqədəm xanım göründü ancaq. Səfər müəllim özünü kadrlarda ha axtardı, tapmadı. Axırda əlacı kəsildi, birinci sırada oturanların içindən qonşusuna bir baş göstərdi və dedi:- O mənim başımdı.Sonra yavaşca əlavə etdi:- Daş düşən başım.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb