Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

22:00 | 11.07.2014
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

İyulun 11-də Azərbaycan Daxili İşlər Nazirliyində 2014-cü ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafının davam etdiyini, aparılan hərtərəfli islahatların daha da dərinləşdiyini, bütövlükdə, ictimai-siyasi həyatın bütün sahələrində irəliləyişə nail olunduğunu, eyni zamanda, ictimai asayişin, vətəndaşların qanuni mənafelərinin hesabat dövründə də etibarlı qorunduğunu, qarşıda duran vəzifələrin vaxtında və tam yerinə yetirildiyini vurğulayıb.O deyib ki, artıq uzun illərdir Azərbaycan sabitliyin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindən biridir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı son 10 ildə orta hesabla  231 fakt təşkil etməklə əksər ölkələr ilə müqayisədə xeyli azdır. Cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət təmayülləri cari ilin 6 ayında da davam edib, kriminogen durum nəzarətdə saxlanılıb.Hesabat məruzəsi ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd edib ki, göstərilən müddətdə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 12.231 cinayət qeydə alınıb. Onların 92 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 87,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.Həyata keçirilən sistemli və məqsədyönlü profilaktik tədbirlər nəticəsində respublikanın 24 şəhər və rayonu üzrə ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunub. Bütövlükdə isə, bu növ cinayətlərin strukturunda şəxsiyyət əleyhinə olanlar 5,4 faiz, o cümlədən qəsdən adam öldürmələr 13,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 5,7 faiz azalıb. Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlər 13 faiz, mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 62 faiz, qrup halında cinayətlər 8 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,5 faiz azalıb.Cinayətlərin açılması da yüksək olmaqla 80,1 faiz təşkil edib və bu mühüm sahədə əsas səylər zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının və ədalətin bərpasına yönəlib. Nəticədə qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması 71 faizə yüksəlib. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” 594, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241, o cümlədən 54 ağır və xüsusilə ağır cinayət açılıb.“102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 5000 hüquqazidd əməlin qarşısı alınıb, 1573 cinayət işi başlanıb, “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 5526 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 85 hadisə aşkarlanıb, axtarışda olan  69 avtomobil saxlanılıb.Müxtəlif cinayətlər törətmiş 4461, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1037 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri 2,5 faiz yaxşılaşıb, istintaqdan və məhkəmələrdən yayınan 1125 nəfər tutulub. Ümumilikdə, axtarılanların 52,3 faizinin tutulması təmin edilib. Mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 286 ağır və xüsusilə ağır cinayət törətmiş 114 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd əskinas, habelə istifadə müddəti ötmüş 300 tona yaxın tikinti materialı çıxarılıb, həmçinin, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 71 nəfər cinayət məsuliyyətinə cəlb edilib.Narkotraffikə və insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində 1743 cinayət müəyyən edilib, 90 nəfərdən ibarət 27 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, qanunsuz dövriyyədən 373 kiloqram narkotik vasitə çıxarılıb. Xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 111 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. Digər tərəfdən, insan alveri ilə bağlı 50 cinayət müəyyən edilib və bu əməllərin qurbanı olmuş 39 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. O da qeyd olunub ki, qanunçuluğun, eləcə də hər bir şəxsin hüquq və azadlıqlarının qorunması sahəsində əhəmiyyətli vəzifələri yerinə yetirən istintaq və təhqiqat qurumlarının əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri daha da yaxşılaşaraq 71 faiz təşkil edib.Hesabat dövründə respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 35.776 vahid artması fonunda hadisələrin sayı 11 faiz, qəzalarda həlak olanların sayı 8 faiz, xəsarət alanların sayı 15 faiz, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması səbəbindən baş vermiş hadisələr 2,3 dəfə azalıb.Bütövlükdə, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə 619.148 protokol tərtib olunub, nəticədə 573.696 nəfər cərimələnib, 1786 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 22.187 şəxsə də xəbərdarlıq edilib. Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların da ictimai asayişin keşiyində ayıq-sayıq dayandığı, qarşıya qoyulmuş məsul tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyi nəzərə çatdırılıb.Nazir müavini vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə başçısının qarşıya qoyduğu proqram vəzifələrin icrasının ciddi nəzarətdə saxlanıldığını və 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 140 vətəndaşın qəbul edildiyini, qaldırılan məsələlərin əksəriyyətinin yerində həll olunduğunu, əlavə yoxlama tələb edən ərizələrin nəzarətə götürülərək araşdırıldığını, nəticələri barədə təşəbbüskarların yazılı məlumatlandırıldığını, hüquqlarının izah edildiyini vurğulayıb. Həmçinin, ötən 6 ayda Nazirliyə daxil olmuş müraciətlərin sayının 3,8 faiz, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətlərin 11,7 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olmuş şikayətlərin 9 faiz azaldığını qeyd edib.  Polis general-leytenantı Vilayət Eyvazov Azərbaycan prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidmətinin təşkili, peşə hazırlığının artırılması, orqan və hissələrin yeni informasiya texnologiyaları ilə təcihzatı ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verib.Məruzə ətrafı çıxışlarda Nazirliyin ayrı-ayrı struktur qurumlarının və şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.İclasa yekun vuran general-polkovnik Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin ümumən qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini, xalqa xidmət funksiyalarının və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində fəaliyyətin daha səmərəli təşkilinin vacibliyini bildirib.İstənilən cəmiyyətdə hər hansı tərəqqinin əsasında dayanan başlıca şərtlərdən birinin məhz daxili sabitlik və təhlükəsizlik olduğuna dair möhtərəm dövlət başçısının fikirlərini  Kollegiya iştirakçılarının diqqətinə çatdıran Ramil Usubov şəxsi heyətin fədakar əməyinin ölkə prezidenti  İlham Əliyev tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini, peşə bayramları ərəfəsində polis orqanları və Daxili Qoşunların ümumilikdə 67 əməkdaşının dövlət mükafatları ilə təltif edildiyini, 4 rəhbər vəzifəli şəxsə ali hərbi və xüsusi rütbələr verildiyini, habelə daxili əmrlərlə xidmətdə fərqlənən 11 mindən artıq əməkdaş barəsində müxtəlif həvəsləndirmə tədbirlərinin tətbiq olunduğunu qeyd edib. Prezidentin ali diqqətinin və tələbkarlığının şəxsi heyətin üzərinə daha böyük məsuliyyət qoyduğunu nəzərə çatdıran nazir bu yüksək qayğıya cavab olaraq ictimai asayişin, insan hüquq və azadlıqlarının, vətəndaşların qanuni mənafelərinin daha etibarlı qorunmasının vacibliyini vurğulayıb, xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların qısa müddətdə və tam aradan qaldırılmasını tələb etmiş, bu istiqamətdə bir sıra tapşırıqlar verib.Korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılmasını Azərbaycan prezidentinin prinsipial mövqeyi kimi dəyərləndirən nazir bu cür neqativ hallarla mübarizənin davamlı olmasının, tolerantlıq baxımından hər zaman nümunə olan respublikamızda dini radikalizm təzahürlərinin qarşısının alınmasında digər dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri ilə birgə yerlərdə ideoloji və maarifləndirici işin aparılmasının, cinayətlərin profilaktikasında və açılmasında veteran polis əməkdaşlarının imkanlarından geniş istifadə edilməsinin vacibliyini xüsusi qeyd edib.Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələri, hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək.    ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM