Dənizdə həlak olanların xatirəsinə - Sonuncu ismarıc

16:08 | 14.12.2015
Dənizdə həlak olanların xatirəsinə - Sonuncu ismarıc

Dənizdə həlak olanların xatirəsinə - Sonuncu ismarıc

Dövlət Neft Şirkətinin 10 saylı Dərin Dəniz Özülləri yatağında Şəhid olanların əziz xatirəsinə

Alagözüm – Dənizim, könül dolu sevdamla səni ziyarətə gəlirdim. Sanki qəlbimin ilk sevda ovu idin. Sevgi dolu pıçıltılarımın həmdəmi sən idin. Qəmli həyat hekayələrimin şahidi sən idin. İndi sən mənim müqəddəs ziyarətgahım oldun. Axı, qoynunda Şəhid uyuyur! Axı, anamız  Azərbaycana  sədaqət ismarıcı sənin qoynundan pərvazlandı!

***

Sahilinə səpələnənlər biri övlad həsrətli, biri ata həsrətli, biri igidinin həsrətlisi... Gözlər dağlanır o gözlərin həsrətini görəndə. Ürək dağlanır o üzlərin kədərini görəndə. Qız-gəlinlər əlləri qoynunda intizar gözlərini sənə dikiblər. Titrək dodaqlarından qoynuna səpələnən sözlər lal dilinə tuş gəlirlər. Cavabsız qalır intizar qundağına bələnmişlərin sualları... 

Deyirlər ki:

-Göz yaşlarımı sinənə səpirəm dalğalarına qarışıb tüğyan eləyən sevdalı könlümün həsrətindən ötrü. Muradımı gözümdə qoyan o igidimin yoluna həsrət-həsrət boylananda səndən umacağım var: igidimin son sözləri. Sənə pıçıldadı. Saxlama sirr kimi. Lal olma, danış! 

Ürək dağlayan səslər bir-birinə qarışıb burada:

-De, igidim sənə nə söylədi? De, göznurum sənə nə hıçqırdı? De, atam sənə nə tapşırdı? De, dalğalarınla çarpışanda kimi haraya səslədi? De, mavi suların ölüm yorğanına çevriləndə sənə nə dedi?

Saçlarına sığal çəkdinmi? Nəfəsinin ətrini duydunmu? Odlu dodaqlarının təmasını daddınmı? Anası olub layla dedinmi? Bacısı olub haray çəkdinmi? Sevgilisi olub saçına sığal çəkdinmi?  Övladının intizar gözlərini xatırladınmı?

Lal olasan, necə ki lalsan! Danış, həsrətim oda yansın! Danış, alovum suya dönsün! Danış, qəlbim təsəlli tapsın!

Bir gəlinin həsrət gözləri yollara boylanacaq intizarla. Bir uşaq boynubükülü ata yoluna boylanacaq sönməz ümidlə. Anaların ahları üstünə səpələnəcək. Ah, dənizim, sən neylədin? Nə edə bilərdin ki? Qismətin Buyurduğu sənin qoynuna düşdü. Bu ağır yükü necə daşıyacaqsan?

***

İşə gedərkən anaların hikmətli duası ilə, qadınların gözlərinin şəfqəti ilə, könül dolu sevdası ilə, övladların ümid dolu baxışları ilə yola salındınız. Qoca zamanın yaxın bir vaxtında ismarıclar aldılar. Sinə yarasına, qəlb göynərtisinə,  evlərin qara duvağına çevrildi o ismarıclar: 

"-Arzu, salamat qal. Mən getdim. Arzu, mənim əvəzimdə uşaqlara böyüklük elə.  

-Hara getdin?Alo, İman, nə olub, hardasan, alo?Alo?

*** 

37 yaşlı Bayram Qasımov da həyat yoldaşına son sözlərini elə bu cür çatdırıb.

-Uşaqlardan muğayat ol. Bəlkə qayıtmadım. Qayıtmasam, məni bağışla.”

*** 

Bu son ismarıclar sular qoynundan bütün Vətən torpağına səpələndi, hər səsində, hər səslisində  bir ağrı. O ismarıclar soyuq qış günlərində könüllərin torpağına əkildi, kökündə şəhid mayası. 

Bir, bax, Şəhidim, sular qoynunda qırmızı qərənfillər andımızdır! Daş yaddaşımıza çevrilib könül torpağında cücərəcək. Cücərəcək ki, hər an bizimlə olasınız.

Bəlkə qayıtdı ümidilə yollara boylanan övladların həsrətində yaşarsınız. İntizar-intizar yollara boylanan ümidli gözlərin intizarında yaşarsınız. Yox, elə bütün bu gözəl Vətənin gözəlliklərinin içində siz də həmişə bizimlə qalarsınız mərdliyiniz, kişiliyiniz, ərənliyinizlə.

***

Mavi suların qoynunda qırmızı güllər həzin-həzin titrəşir. Solğun çöhrəsindən sevgi dolu həsrəti səpələnir qoynuna.  Təkcə sevgilindən deyil, həm də  sevənlərindəndir. Millətinin, soykökünün yaddaşının əmanətidi, hörməti, atətidi.

Yarana məlhəmə ehtiyacın yox. Təsəlliyə ehtiyacın yox. Vətən səni göyərtdi yeni bir biçimdə. Şəhid oldun! Bundan Uca pillə varmı? Ucalardan Ucada olan sənə misilsiz bir töhfə verdi, Şəhidim! Vətəninin başında dayanan, millətinin sevib-seçdiyi  onu təsdiq elədi. Tarix üçün! Tariximiz üçün! 

Sən əbədi yaddaş saxlancımızda uyuyacaqsan. Həmişə çiçəkli mavi suların qoynunda xatırlanacaqsan! Hər il, sonuncu ayın dördüncü günündə. Həftənin cümə axşamı kimi hər il o gün cümə axşamına çevriləcək bizim üçün; xalqının qəlbi kövrək, qəlbi mələk, dili kəlamlı qalanları üçün! Həmişə bu Vətənin namusla döyünən titrək qəlblərində çırpınacaqsan! Sən Vətənin oğlu idin, indi Vətənin Şəhidi oldun! Adın mübarək! Andın mübarək! Fəthin mübarək! 

Dənizdə heykəlin ucalacaq. Amma sən elə bir heykəlsən ki, hər bir Vətən övladının qəlbində ucaldın! Ucalığın mübarək! 

***

Alagözüm – Dənizim, könül dolu sevdamla səni ziyarətə gəlirdim. Sanki qəlbimin ilk sevda ovu idin. Sevgi dolu pıçıltılarımın həmdəmi sən idin. Qəmli həyat hekayələrimin şahidi sən idin. İndi sən mənim müqəddəs ziyarətgahım oldun. Axı, qoynunda Şəhid uyuyur! Axı, anamız  Azərbaycana  sədaqət ismarıcı sənin qoynundan pərvazlandı!

Dərin hüzn və ehtiramla: Rafiq Rəhimli.

7 dekabr 2015.

23.21



ATV-nin diktoru Lalə Azərtaşa

Lalə qızım, çiçək adlım, gözəl səslim!

Sənin gülər çöhrən həmişə evlərimizin qonağı olanda fərəh duymuşuq. Amma bu dəfə qonağımızın sovqatı yaman  oldu, ağır oldu. Səbəbkar sən deyildin. Bu, bir Qismətdir ki, ömrümüzün payına düşmüşdü.

Pay Verənin hər payına şükürdən başqa deməyə sözümüz yox! Sən nə edə bilərdin ki, mənim balam? Gücün duyğularına yetdi. Kövrək qəlbinin mərhəm duyğuları çulğadı səni də, bizi də.

Qəlbinin mərhəm duyğuları səpələndi bütün səni seyr edənlərə. Elə kövrəltdin ki, elə bil, əzizimiz öldü. Elə bil, dünya çevrildi. 

Amma diləyimiz, istəyimiz var:

-Vətən dediyimiz Azərbaycanın başına səsinlə qələbə müjdəsi səpələnsin!

Səsinlə xoşməramlıların xoş sovqatları səpələnsin xalqımızın üstünə!

Səsinlə könül rahatlığı tapaq. Müjdələr carçısı ol, qızım!

Allah səni qorusun!

Allah sevdiklərini qorusun!  

Amin!

Hörmətlə, mənəvi atan Rafiq Rəhimli.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür