Deputat: "Dotasiyaların verilməsində rüşvətxorluq var"

14:33 | 16.05.2016
Deputat:

Deputat: "Dotasiyaların verilməsində rüşvətxorluq var"

Neft qiymətlərinin düşməsi fonunda ölkədə ard–arda baş verən iki devalvasiyadan sonra, Azərbaycan iqtisadiyyatında durğunluğun yaşanması göz qabağındadır. Belə olan təqdirdə, Azərbaycanın dövlət büdcəsini və strateji valyuta ehtiyatlarını qorumaq məsələsi aktuallaşıb. Hökumət rəsmiləri daha effektiv büdcənin formalaşdırılması üçün dərin iqtisadi islahatların keçiriləcəyi bildirsələr də, bir çox ekspertlər iddia edirlər ki, bu istiqamətdə gərəkli addımlar atılmır. Bu istiqamətdə ağrılı məsələlərdən biri də regionaların özünü təmin edə bilməməsi, dotasiya hesabına ayaqda qalmalarıdır.

Qeyd edək ki, ölkədə iki devalvasiya və büdcələrdəki valyutanın əriməsi fonunda dövlət büdcəsindən maliyyələşən qurumların sayı demək olar ki, əvvəllər olduğu kimi qalıb. Bir çox qurum, komitə, xidmət, o cümlədən işğal olunmuş rayonların icra qurumları büdcə hesabına ayaqda qala bilirlər. Yəni bu rayonlar işğal olunsalar da, adları dotasiya alan rayonların siyahısındadır.
İşğal olunmuş rayonlara ayrılan dotasiya siyahısına nəzər yetirək:



Və digər işğal altında olan rayonlar: Xocavənd, Xocalı, Şuşa, Füzuli rayonlarına da dotasiya ayrılır. (mənbə: ANS, "Hesabat” verilişi)

Bu rayonlara işğal olunduqları gündən bugünə qədər dotasiya ayrılır. Buna baxmayaraq, bu istiqamətdə hansısa ciddi işlərin görülməsi şübhə altındadır. İşğalda olan rayonların şöbə və ya xidmətləri ola bilər. Ancaq hazırda onlar hansısa başqa bir rayonun (misal üçün, Qubadlı rayon İcra Hakimiyyəti Sumqayıtda) tərkibində fəaliyyət göstərirlər. Büdcəyə qənaət etmək üçün ola bilməzmi ki, bu rayonların bir çox şöbələri ləğv edilərək, dotasiya tərkibində müvəqqəti olduqları rayonlara verilsin? Və yaxud ayrılan vəsait daha effektiv xərclənsin, başqa metodlar tapılsın?

Bu sualları ANN.Az-a millət vəkili Vahid Əhmədov, sabiq Maliyyə naziri Fikrət Yusifov və iqtisadçı-ekspert Oqtay Haqverdiyev şərh ediblər.

"Ayrılan hər bir dotasiyada rüşvətxorluq, mənimsəmə  halları olur" – Vahid Əhmədov
 


Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov işğal olunmuş rayonlara ayrılan dotasiyanı kəsməyi yox, dotasiya miqdarının azaldılmasını düzgün hesab edir: "İşğal olunmuş rayonların da əhalisi, qaçqın şəhərciyi, yataqxanalarda yaşayanları və.s var. Ona görə bu rayonlara dotasiya ayrılmalıdır. Sizin dediyinizdə də həqiqətlər var, iqtisadiyyatın böhran vəziyyətində olduğunu nəzərə alıb, dotasiya miqdarı azaldıla bilər. Ancaq dotasiyanı ümumiyyətlə kəsmək yox, müəyyən miqdarda ayırmaq lazımdır ki, həmin rayonun icra strukturları ayaqda dura bilsinlər.  Bu məsələ çox həssas olduğuna görə, həmin rayonlara dotasiya verilməsi davam etdirilməlidir. Hazırkı vəziyyətdə ləğv edilməyə əsas yoxdur”.

Əgər o rayonların struktur tərkibində heç bir fəaliyyətlə məşğul olmayan sahələr varsa, onları ləğv etmək olar. Artıq belə işlərə başlanılıb. Misal üçün, prezident sərəncam imzalayıb ki,  nəşr və tərcümə şöbəsi ümumi şöbəyə birləşdirilsin. Belə halları nəzərə alıb hər bir idarənin rəhbəri, icra başçısı özü fikirləşməlidir ki, qənaətə daha çox fikir verilsin. Biz artıq Milli Məclisdə də belə bir təklif vermişik ki, regionlara dotasiya verilməsi müəyyən müddətə qədər olsun. Yəni rayonlar özləri özlərini təmin edə bilməyi bacarsınlar. Bu gün Azərbaycanda Sumqayıt, Mingəçevir daxil olmaqla, 6 rayon özü özünü təmin edir. Amma yavaş-yavaş belə rayonların sayını artırmaq lazımdır. Hökumət bu fikirlə artıq razılaşıb. Maliyyə Nazirliyi də artıq bu istiqamətdə işlər görməyə başlayır”.  – deyə V.Əhmədova əlavə edib.

Millət vəkili rayonlara ayrılan hər bir dotasiyada rüşvətxorluq, mənimsəmə  hallarının olduğunu xüsusi vurğuladı: "Əsas çalışmaq lazımdır ki, belə hallara imkan yaradılmasın. Ayrılan dotasiyalar ünvana çatdırılmalıdır. Ancaq işğal olunmuş rayonlara ayrılan dotasiyanın ləğvi ilə bağlı Milli Məclisə layihə çıxarılmasına ehtiyac görmürəm”.

"Birləşdirilmə olarsa, hesabat sənədlərində işğal altında olan rayonlarımızın adını çıxarmalı olacağıq"  – Fikrət Yusifov
 


Sabiq maliyyə naziri Fikrət Yusifovun sözlərinə görə, işğal olunmuş rayonlara büdcədən dotasiya verilməsi və ümumiyyətlə, bu rayonların büdcə strukturlarının işğal dövründə olduğu kimi saxlanılması daha çox siyasi və psixoloji məqamlarla bağlıdır: "Biz işğalın bu qədər uzanacağını bilə bilməzdik. İşğaldan azad olunacaq hər bir rayon isə işğaldan əvvəlki qaydada yaşayıb fəaliyyət göstərməyə məhkum olacaqdı. Əgər bu rayonların büdcə təşkilatları başqa rayonların büdcə təşkilatlarına birləşdirilərsə, bu, xərclərdə elə bir ciddi qənaət yaradılması kimi başa düşülməməlidir. Çünki həmin məktəblər, xəstəxanalar, bağçalar və büdcədən maliyyələşən digər təşkilatlar onsuz da fəaliyyət göstərəcəklər. Belə birləşmə baş verərsə, biz çox cüzi bir qənaət xatirinə, bütün statistika, büdcə, uçot hesabat sənədlərindən bu gün işğal altında olan rayonlarımızın adını çıxarmalı olacağıq. Hesab edirəm, bu məsələdə bu günə qədər məcburiyyət qarşısında qorunub saxlanılan formatın işğal başa çatana qədər qorunması vacibdir. Biz bu gün nəinki bu adları, eyni zamanda Dağlıq Qarabağ adını, Xankəndi adını və oradakı bütün rayonların (erməni adlarını Azərbaycan adları ilə əvəzləməklə) adlarını bütün səviyyədən olan statistika, uçot və hesabat sənədlərimizdə əks etdirməliyik. Dağlıq Qarabag bizim ərazimizdir. O sadəcə müvəqqəti işğal altındadır. Bu isə bizə əsas vermir ki, onun və ona bitişik işğal altında olan bölgələrin adını dəftərlərdən silək...”

"Bir rayonda iki ayrı rayon qurumunun fəaliyyətdə olması iqtisadi baxımdan düz deyil" – Oqtay Haqverdiyev
 


İqtisadçı-ekspert Oqtay Haqverdiyev bu kimi hallarda məsələyə iqtisadi baxımdan yanaşmağın səhv olduğunu bildirdi: "Həmin rayonlardan olan insanlar 1990-ci ilin əvvəlindən işlərini itiriblər. Bu insanlar da haradasa işləməli, yaşamalıdır, ya yox? Məsələyə iqtisadi yanaşsaq, o düzgün deyil ki, işğal olunmuş rayonların icra hakimiyyəti və ya digər qurumları hazırda hansısa rayonun tabeliyində fəaliyyət göstərirlər. Yəni, bir rayonda iki ayrı rayon qurumun fəaliyyətdə olması iqtisadi baxımdan düzgün deyil. Məntiqlə, belədir. Ancaq hər şeyə iqtisadi tərəfdən baxmaq da düzgün deyil. Bəs o rayonlardan gələn əhalini kim dolandırsın? Onlar da bir işlə məşğul olmalıdırlar ki, maaş alıb ailəsini dolandıra bilsinlər. Bu insanlar travmalar almış insanlardır. Onlara daha çox diqqət ayrılmalıdır. İşğal olunmuş rayonlara dotasiya icra hakimiyyəti aparatının saxlanılması, həmin rayonların digər qurumlarının, xidmətlərinin, büdcə hesabına maliyyələşən qurumlarınım ayaqda qalmasına görə ayrılır.

Böyük layihələri maliyyələşdirmək üçün dotasiya verilmir. Misal üçün, rayona yol çəkilirsə, ona pul ayrıca ayrılır. Amma o ki, qaldı hər il büdcə təsdiq olunanda rayonalara hansısa dotasiya ayrılmasına, orda həmin bu investisiya yoxdur. İşğal olunmuş rayonlara ayrılan dotasiyanın 80%-i demək olar ki, əmək haqqına ödənilir. Müəllimlər, həkimlər, hakimlər, onların nümayəndəlikləridir və.s bunlara maaşlarının hamısı büdcədən verilir. İşğal altında olan rayonların sosial problemlərinin həllinə yönəlmiş siyasət aparılmalıdır. Hazırda az da olsa işlər aparılır. Onlar üçün durub muzey, stadion tikmək olmaz axı. Bunlar heç onlara lazım da deyil. Həmin adamlar harda məskunlaşıblarsa, orada bütün bu infrastruktur var” – deyə O. Haqverdiyev bildirib.

Ekspert sonda cəbhəyanı rayonlara ayrılan dotasiyanın xüsusi səbəblərinin olduğunu dedi: "Çünki həmin ərazidə qalan əhalinin sosial problemlərini  (misal üçün, ermənilər atəş açıb onların evlərini təsərüffatlarını məhv edəndə) qarşılamaq üçün həmin ailələrə maddi yardım edilir. Buna görə də məhz bu rayonlara dotasiya kəsilməməlidir”.  

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM