“Manatın məzənnəsi yığılıb-yığılıb birdən partlayacaq” - AÇIQLAMALAR

14:03 | 10.05.2016
“Manatın məzənnəsi yığılıb-yığılıb birdən partlayacaq” - AÇIQLAMALAR

“Manatın məzənnəsi yığılıb-yığılıb birdən partlayacaq” - AÇIQLAMALAR

"Manat üzən məzənnə fonunda sabitləşməyə çalışır. Manatla bağlı proqnozlara gəlincə, bu, həm daxili, həm də xarici amillər, neftin qiymətləri ilə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət də bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır”. - bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
 

Mərkəzi Bankın rəhbəri Elmar Rüstəmovun açıqlamasını iqtisadçı ekspertlər Oqtay Haqverdiyev və Qalib Toğrul ANN.Az-a şərh ediblər.

Sual belədir: Elmar Rüstəmovun açıqlamasına əsaslansaq, manatın məzənnəsi neftin qiymətindən asılı deyilsə, niyə neftin qiyməti ucuzlaşan kimi manatın məzənnəsi dəyişdi?

"Elmar Rüstəmov bu vəzifədə işləməkdən yorulub” – Oqtay Haqverdiyev
 

İqtisadçı ekspert Oqtay Haqverdiyev normal bir iqtisadçının heç vaxt belə bir açıqlama verməməli olduğunu bildirdi: "Elmar Rüstəmov ilk devalvasiyadan əvvəl demişdi ki, heç bir şey gözlənilmir, hər şey əladı. Artıq belə çıxışlara inanmaq olmaz. Ümumiyyətlə, manatın məzənnəsinin neftdən asılı olmamasını demək məntiqdən uzaqdır. Bu onun göstəricisidir ki,  Elmar Rüstəmov bu vəzifədə işləməkdən yorulub. Necə yəni manatın qiyməti neftdən asılı deyil? Bir tərəfdən deyir, manatın məzənnəsi neft fondunun gəlirləri ilə bağlıdır, digər tərəfdən deyir neftin qiyməti ilə əlaqəli deyil.  Belə şey olar? Neft Fondu elə neftin hesabına fond olub. Onun gəlirləri sırf neftdən asılıdır”.

"Ehtiyat fond qurtardıqdan sonra nə edəcəklər?"

"Mərkəzi Bank məzənnəyə təsir etməklə səhv siyasət aparır. Bu gələcəkdə ölkədə inflyasiyanın böyüməsi ilə nəticələnəcək. Həmin vaxt sual ortayacaq çıxacaq: Mərkəzi Bank rəhbəri niyə bu cür siyasət aparıb ki, inflyasiya rəqəmi bu qədər böyüyüb. Onsuz da manatın məzənnəsinə təsir etmək bir müddətə qədər davam edəcək. Ehtiyat fond qurtardıqdan sonra nə edəcəklər? Manat məcburən öz real məzənnəsinə qayıdacaq”. – deyə O.Haqverdiyev əlavə edib.

"Manatın məzənnəsi yığılıb-yığılıb birdən partlayacaq”

Oqtay Haqverdiyev manatın məzənnəsinin buraxılmamasının gələcəkdə böyük partlayışa səbəb olacağını dedi: "Mərkəzi Bank rəhbəri deyir ki, manatın məzənnəsi hələ öz hesabına mübarizə aparıb bir səviyyədə qalır. Manat nə ilə mübarizə apara bilər ki? O ancaq neftdən və qazdan asılıdır. Bunların da qiyməti düşüb aşağı, ona görə də manatın mübarizə aparmağa halı yoxdur.  Manatın məzənnəsi buraxılsaydı, indiki məzənnəni deyil, daha fərqli rəqəmlər görəcəkdik. Ancaq Mərkəzi Bank nədənsə hələ manatın məzənnəsini qoruyub saxlayır. Bu da yığılıb-yığılıb birdən partlayacaq. Manatın məzənnəsi birdən birə 2 manat və ya 2 manat yarım olacaq”.

"Elmar Rüstəmovun dedikləri həqiqəti əks etdirmir”  - Qalib Toğrul
 

Məsələyə münasibət bildirən iqtisadçı Qalib Toğrul Mərkəzi Bank rəhbərinin bu açıqlamasının qarışıq olduğunu söylədi: "Neft Fondunun ilk və geniş həcmli gəliri neftdən asılıdır. Necə ola bilər ki, manat neftdən asılı olmayıb, neft fondundan asılı olsun? Ümumiyyətlə, bu sahədə real iqtisadiyyat yoxdur, ona görə də manatın məzənnəsinin uzun müddətli qorunub saxlanılması mümkün olmayacaq”.

İqtisadçı Neft Fondunun əsas gəlirlərini açıqlayıb: "Əsas gəlir mənfəət neftinin və qazın satışından asılı olan gəlirlər, bir də vəsaitlərin əldə olunmasından əldə olunan gəlirlərdir. 2015-ci ilin statistikasına baxsaq görərik ki, neft fondunun təxminən 95-96 faiz gəlirləri mənfəət neftinin və qazın satışından əldə olunan gəlirlər hesabına toplanır. Yerdə qalan 4-5 faiz isə neftin ötürülməsi ilə əlaqədar tranzit ödənişlər və digər xırda ödənişlər hesabına toplanır. Buna görə də Elmar Rüstəmovun məsələyə bu cür yanaşmasını doğru hesab etmirəm”.

"Onun dedikləri həqiqəti əks etdirmir. Manatın məzənnəsi məhz neftin qiymətindən və ona uyğun olaraq ölkəmizə daxil olan neft gəlirlərindən aslıdır. Ümumiyyətlə, hökumətdə belə bir tendensiya var: büdcə gəlirlərinin formalaşması statistikada elə göstərilir ki, neftin payı az görünür. Sanki onu azaltmağa çalışırlar. Hesab edirəm ki, bu yalnış yanaşmadır”, – deyə ekspert bildirib.      

 Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb