Azərbaycanda 61 nəfər vergidən yayındığına görə həbs olunub, son 1,3 ildə - ARAŞDIRMA

09:36 | 30.06.2016
Azərbaycanda 61 nəfər vergidən yayındığına görə həbs olunub, son 1,3 ildə - ARAŞDIRMA

Azərbaycanda 61 nəfər vergidən yayındığına görə həbs olunub, son 1,3 ildə - ARAŞDIRMA

"Hökumət üçün iki ən böyük prioritet məsələ vergidən yayınma və korrupsiyaya qarşı mübarizədir" - Mario Monti

Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsi, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyi hər kəsin borcu olmasını müəyyən edib. Konstitusion norma kimi göstərilməsinə baxmayaraq, bir çox sahibkarlar əksər hallarda vergi qaydalarına əməl etmir, yəni qazanc əldə etsələr də, dövlətə vergi ödəməkdən boyun qaçırır və vergidən yayınmağa çalışırlar. 
 

Vergilər naziri - Fazil Məmmədov 

"Dövlət bunun qarşısını almaq üçün maliyyə sanksiyaları tətbiq edir. İnzibati yol, yəni maliyyə sanksiyalarının artırılması vergidən yayınmanın qarşını almaq üçün atılmış addımdır” - bu fikirləri vergilər naziri Fazil Məmmədov mətbuata verdiyi müsahibəsində vurğulayır. Nazirin sözlərinə görə, maliyyə sanksiyaları bütün sahibkarlıq subyektləri üçün artırılmayıb. Sanksiya dövriyyəsi 200.000 manatdan artıq olan və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan yararlanan şəxslərə şamil edilib. Fazil Məmmədov sadələşdirilmiş vergi ödəyicilərinin imtiyazlara malik olduqlarını deyib: "Onlar ƏDV ödəyicisi kimi qeydiyyata alınmırlar və hüquqi şəxslər ƏDV, mənfəət və əmlak vergisi, fiziki şəxslər isə ƏDV və gəlir vergisindən azad edilirlər. Yeni qaydalara görə, təqvim ili ərzində vergi hüquqpozmalarına birinci dəfə yol verən belə şəxslər 2000 manat cərimələnir. İkinci pozuntuya 4000 manat, üç və daha çox pozuntuya 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Ticarət və ictimai iaşə sektorlarında çalışan və dövriyyəsi 200.000 manatadək olan sadələşdirilmiş vergi ödəyiciləri və dövriyyəsi 200.000 manatdan artıq olan, lakin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyən şəxslərə vergi hüquqpozmalarına yol verdikləri təqdirdə yenə əvvəlki kimi 400, 800 və 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur”. Nazir əlavə edib ki, maliyyə sanksiyalarının artırılmasında əsas məqsəd vergidən yayınmanın qarşısını almaqla vergilərin dövlət büdcəsinə tam həcmdə ödənməsini təmin etməkdir. 

Ən çox hansı sahələr vergidən yayınır?
 
Millət vəkili - Vahid Əhmədov
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov ANN.Az-a açıqlamasında təşkilatların vergidən yayınma hallarına əsasən ikiqat uçot sistemi tətbiq etməklə yol verdiklərini deyib: "Vergilər Nazirliyi bunun qarşısını alır, amma neqativ hallar hələ də mövcuddur. Azərbaycanda verginin müəyyən sahələrdə yüksək olması, vaxtlı-vaxtında ödənməməsi kimi problemlər var. Vergilərlə bağlı Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə, Vergi Məcəlləsinə müəyyən dəyişikliklər edilib. Nazirlik çalışır ki, bu dəyişikliklərlə vergilərin yığılmasında problem olmasın. Ödəmələrin elektronlaşdırılması, vergi ödəyicilərinin məmurlarla birbaşa təmasda olmaması, ödəmələrin elektron hökumət vasitəsilə həyata keçirilməsi ilə vergi sistemi daha da təkmilləşəcək”. 
 
 
İqtisadçı - Oqtay Haqverdiyev 

İqtisadçı Oqtay Haqverdiyev vergidən yayınma hallarının dünyanın bütün ölkələri ilə yanaşı Azərbaycanda da olduğunu bildirib: "Vergi bazasını 100 faiz işə salmaq həm çətin, həm də vacib bir amildir. Bizim geniş həcmli iqtisadiyyatımız var. Bunun hamısı o hesaba düşür, ya düşmür? Məsələn, 100 faizlik bir obyekt 70 faizlik işinin vergisini verirsə, bunu araşdırıb tapmaq lazımdır. Məhz bunun özü də vergi sahəsində böyük bir problemdir. Vergidən yayınma bir çox sahələrdə var. Adətən istehsal sahələrində daha çox vergidən yayınmaya rast gəlinir. Çünki istehsalın faktiki nə qədər olması ilə əlaqədar xüsusi bir yoxlanış olmalıdır. Vergilər Nazirliyi də bu işlərə o qədər girişmir, çünki bu, mürəkkəb bir məsələdir”. 
 

İqtisadçı ekspert - Vüqar Bayramov

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, vergiyə cəlb edilmədə birinci məqam güclü nəzarət mexanizmləridir: "Digər tərəfdən vergi ödəmə mədəniyyəti də inkişaf etməlidir. Dünyanın elə ölkələri var ki, orada elektron qaydada vergi ödənilməsi prosesi yoxdur. Ancaq vergi ödəmə mədəniyyəti olduğu üçün bu hallarla tez-tez rastlaşmırlar. Apardığımız monitorinqlərin nəticəsinə əsasən, Azərbaycanda vergidən yayınma halları ən çox xidmət sektorundadır. Bu sahədə çalışanlar daha çox vergidən yayınır. Bu, əsasən dövriyyənin gizlədilməsi, qeydiyyata alınması zamanı baş verir. Ümumiyyətlə, bəzi xidmət sahələri qeyri-leqal şəkildə fəaliyyət göstərirlər. Belə xidmət sahələri bilərəkdən dövriyyəsini az göstərir, vergidən yayınırlar. Bu baxımdan xidmət və ictimai iaşədə vergidən yayınma halları daha çoxdur”. 
 
 
İqtisadçı - Fikrət Yusifov

Sabiq maliyyə naziri Fikrət Yusifov Cinayət Məcəlləsinə edilən son dəyişikliklərə diqqət çəkərək bildirib ki, bu addımlar iş adamlarına, sahibkarlara iqtisadi amnistiyanın verilməsi demək idi: "Əgər öncə vergi ödənişindən yayınmaya görə cinayət məsuliyyətini müəyyən edən məbləğ 2000 manat idisə, indi bu rəqəm 10 dəfə artırılaraq 20.000 manata çatdırıldı. Bununla yanaşı yeni qaydalarla vergidən yayınma bu məbləği ötdükdə belə iş adamına büdcəyə onun 2-4 misli qədər ödəniş etməklə cinayət məsuliyyətindən yayınmaq şansı verilir. Bütün bu addımlar bir tərəfdən vergi ödəyicisinin məsuliyyətinin artırılmasına, digər tərəfdən isə onun fəaliyyət meydanının daha da münbitləşməsinə istiqamətlənib. Münbit fəaliyyət mühiti isə daha geniş fəaliyyət meydanında, daha böyük işlər aparmağa və deməli, dövlətin büdcəsinə də daha çox vergilər ödəməyə əsas yaradır. Azərbaycan hökumətinin real sektorun sürətli inkişafını ehtiva edən yeni iqtisadi modelində vergi siyasətinin bu prinsiplərə söykənməsi çox mühüm bir addımdır”.

Fikrət Yusifov ölkədə vergidən yayınma hallarının ən çox super – marketlərdə olduğunu xüsusi vurğulayıb: "Bu günlərdə Vergilər Nazirliyinin apardığı monitorinqlərlə bəzi super-marketlərin vergiyə cəlb edilməli olan dövriyyəni 40 dəfəyə qədər gizlətdikləri bəlli olub. İri vergi ödəyicilərindən kiminsə vergi borcları var, ancaq bu, vergidən yayınma deyil. Super-marketlər isə açıq-aşkar vergini ödəməkdən yayınırlar. Hətta iş o yerə çatıb ki, bu qədər yayınma müqabilində dövlətdən vergi güzəşti də istəyirlər”.

Vergi mədəniyyəti
 

İqtisadçı Nicat Hacızadə
 
İqtisadçı Nicat Hacızadə vergi mədəniyyətinin formalaşmasının qərb ölkələrində uzun bir dövr keçdiyini xatırladıb: "Bu gün qərbdə vergi sistemi yetərincə yüksək səviyyədə inkişaf edib. Vergidən yayınma halları qərb ölkələrində gec-gec baş verir. Vergi mədəniyyəti qərbdə sistemli şəkildə oturuşub. Sahibkarların nəinki vergidən yayınma imkanı, heç buna cəhd şansları yoxdur. Əvvəla, cəmiyyətdə vergi mədəniyyəti tam formalaşıb. İkincisi, sərt qanunlar mövcuddur. Sahibkar ödəyə bilmədiyi halda qanuna əsasən güzəşt ala bilər, amma bilə-bilə yayınma halında ağır cərimələr tətbiq olunur. Bu baxımdan qərb sahibkarları nizam-intizama riayət edirlər. Əsasən MDB ölkələrində vergidən yayınma halları çoxdur, bu da bürokratik əngəllərin və inhisarçılıq virusunun nəticələridir”. 

Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanda vergi mədəniyyətinə köklü dəyişikliklər etmək lazımdır: "İnsanlar başa düşməlidir ki, vergi ödəməlidirlər. Vergi ödənməsə, vətəndaşlar (müəllim, həkim) maaş ala bilməyəcəklər. Çünki bu vətəndaşların əmək haqları birbaşa büdcədən verilir. Buna görə də vergi mədəniyyəti yüksək olmalıdır. Düzdür, Vergilər Nazirliyi bu yöndə çox iş görüb, ancaq vergi mədəniyyəti lazımi səviyyəyə gəlib çatmayıb. Maliyyə sanksiyaları tətbiq edilir, cərimələr artırılır, bu da bir yoldur, ancaq daha çox təbliğata ehtiyac var”. 

Vüqar Bayramovun fikrincə, inzibati metodlar vergidən yayınmanın qarşısını alan faktorlardan biridir: "Ancaq inzibati metodlarla yanaşı Azərbaycan da vergi ödəmə mədəniyyətini də formalaşdırmaq lazımdır”. 

Dünya təcrübəsi 

Deputat Vahid Əhmədov hesab edir ki, Avropanın əksər dövlətləri, ABŞ-ın özü verginin ödənilməsinə daha çox diqqət yetirirlər: "Həmin ölkələrdə vergidən yayınma böyük bir cinayət hesab olunur. Vergi mədəniyyətinə bu ölkələrdə daha çox diqqət yetirilir. Türkiyənin özündə də vergi mədəniyyəti yüksək inkişaf edib”. 

Ekspert Vüqar Bayramov Avropada, ABŞ-da vergi ödəməyə nəinki bir məsuliyyət, həmçinin bir mədəniyyət nümunəsi kimi baxıldığını bildirir: "Onlar düşünürlər ki, vergi ödəməsələr, ölkələrinin iqtisadiyyatı zəifləyə, biznes sahələri tənəzzülə uğraya bilər. O baxımdan vergi ödəmək bir sosial məsuliyyət, daxildən gələn bir mədəniyyət olmalıdır. Bu təcrübə Skandinaviya ölkələrinə daha çox xasdır. Azərbaycan Avropa modelindən istifadə edib vergi mədəniyyətini formalaşdırmağa çalışmalıdır”. 

Hüquqşünas Əkrəm Həsənov vergidən yayınmanın əksər ölkələrdə ağır cinayət hesab olunduğu deyib: "Vergidən yayınma ABŞ-da 5 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Üstəgəl vətəndaş 100.000, hüquqi şəxs isə 500.000 dollaradək cərimələnə bilər. Fransada isə ilk dəfə 5 ilədək azadlıqdan məhrumetmə cəzası ola bilər. Təkrar baş versə, 10 ilədək, cərimə isə 250.000 avroya çata bilər”. 

ABŞ

Dünyanın ən öndə gedən vergi sisteminə malik olan və büdcəsinin əsas gəliri ştatlardan daxil olan vergilər əsasında formalaşmış Amerika Birləşmiş Ştatlarında vergidən yayınmanın formaları qanunla müəyyənləşdirilib. Bura əsasən "vergidən yayınmaya cəhd”, "bilərəkdən təhrif olunmuş bəyannamə, azaldılmış vergi ödənişi və səhv məlumatın təqdim edilməsi”, "vergi yığımı ilə bağlı pozuntular” və s. daxildir. Həmin qanun pozuntularının hər birinə ayrılıqda ABŞ vergi qanunvericiliyi ilə müxtəlif cərimə və həbs cəzaları nəzərdə tutulub. 

Xatırladaq ki, İtalyan əsilli amerikan mafioz Al Kaponeninin silsilə qətllərdə əli olsa da, bunların heç birinə görə həbs olunmayıb. O, vergidən yayındığı üçün tutulub.

İtaliya 

İnkişaf etmiş Avropa ölkəsi hesab edilən İtaliyada vergidən yayınma hallarına görə müxtəlif cəzalar var. İtaliya qanunvericliyini digər ölkələrdən fərqli olaraq vergidən yayınma cinayətini törətmiş şəxslərə tətbiq edilə biləcək cəzaların yuxarı həddini müəyyən edir. Yəni, həmin ölkədə vergidən yayınma əməlini törətmiş şəxsə həbs cəzası maksimum 5 il, cərimə isə maksimum on min dollar təyin edilə bilər.

Ukrayna

Son dövrlər qanunvericiliyində əsaslı dəyişikliklər etmiş Ukraynada da vergidən yayınmaya görə sərt cəzalar tətbiq edirlir. Qeyd olunan ölkənin Cinayət Məcəlləsində vergidən yayınma cinayətini ilk dəfə törədən şəxsin cinayət məsuliyyətinə cəlb olunmadan ödəməli olduğu vergini, o cümlədən faiz dərəcələrini ödəyəcəyi halda cinayət məsuliyyətindən azad olunmasının göstərilməsi ilə yanaşı həmin əməllərin mütəşəkkil dəstə və ya külli miqdarda törədilməsinə görə yüksək miqdarda cərimə və azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. 

Gürcüstan 

Qonşu Gürcüstan Respublikasında da vergidən yayınma cinayət məsuliyyətinin yaranma əsaslarından biri kimi göstərilib. Belə ki, qəsdən xeyli miqdarda vergidən yayınma, vergidən yayınma məqsədi ilə əmlakın özgəninkiləşdirilməsi kimi cinayət əməllərinə görə, həmin ölkənin qanunvericiliyində cərimə və ya azadlıqdan məhrum etmə nəzərdə tutulub. Gürcüstan qanunverciliyinin digər bir spesifik cəhəti də qanunla nəzərdə tutulmuş vergidən yayınma cinayətini törətmiş şəxsin müəyyən olunmuş müddət ərzində öhdəliyini yerinə yetirməsi halında cinayət məsuliyyətindən azad olunmasını nəzərdə tutmasıdır. 

Hüquqi aspekti - Azərbaycanda hansı cəzalar var? 
 
Hüquqşünas Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov ümumən vergidən yayınma halına görə, Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən müvafiq vergi məbləğinin 50 – 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilə bildiyini deyib: "Yəni vergi ödəyicisi ödəmədiyi vergi ilə bərabər büdcəyə sanksiya üzrə məbləği də ödəməlidir. Bu, sırf iqtisadi məsuliyyətdir. Eyni zamanda vergidən yayınma əlavə olaraq inzibati və ya cinayət məsuliyyəti ilə də nəticələnə bilər. Az miqdarda (20.000 manatadək) vergidən yayınmağa görə, İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə məsuliyyət nəzərdə tutulub: Müvafiq məbləğinin 30 faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Amma bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. 20.000 manatdan artıq yayınma Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Belə ki, 20.000 - 100.000 manat arası yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya 100.000 manat miqdardan artıq yayınma olduqda cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma bu əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur”. 

Azərbaycanda vergidən yayınma – 2015/2016-cı illərin statistikası 
 
Vergilər Nazirliyi

Vergilər Nazirliyindən ANN.Az-a verilən məlumata görə, 2015-ci ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq  fəaliyyəti ilə məşğul olma faktları üzrə 1853 cinayət işi başlanıb. Məlumatda qeyd olunur ki, bu işlər üzrə aparılan araşdırmalar zamanı  69,5 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib:
 
"Departamentin İstintaq idarəsində 815 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 57 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 71 iş üzrə 83 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib. 576 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib ki, bu da 2014-cü illə müqayisədə 379 iş çoxdur”.

Eyni hallar 2016-cı ilin 1-ci rübündə də təkrarlanıb. Bu ilin ilk üç ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq  fəaliyyəti ilə məşğul olma faktları üzrə 135 cinayət işi başlanıb: 

"Aparılan araşdırmalar zamanı  4 milyon 618 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Departamentin İstintaq idarəsində 226 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 35 iş üzrə 37 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib. 103 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.

Məqalə Mətbuat Şurasının və Vergilər Nazirliyinin "Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur. 

Orxan Aslanlı



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM