Deputat: “Milli Teleradio Şurası öz işinin öhdəsindən gələ bilmir”

20:06 | 24.02.2015
Deputat: “Milli Teleradio Şurası öz işinin öhdəsindən gələ bilmir”

Deputat: “Milli Teleradio Şurası öz işinin öhdəsindən gələ bilmir”

Milli Məclisin bu gün keçirilən iclasında "Televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklər müzakirə olunub.

Modern.az saytının məlumatına görə, layihə barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. O qeyd edib ki, qanuna edilən dəyişiklikdən sonra yayımçıların məsuliyyəti artacaq.

Deputat Elmira Axundova isə deyib ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətlərinin artırılması olduqca önəmlidir: "Amma diqqəti bir məsələyə yönəltmək istəyirəm. Milli, mənəvi dəyərlərin qorunması da Televiziya və Radio Şurasının üzərinə düşür. Lakin Milli Televiziya və Radio Şurası öz işinin öhdəsindən gələ bilmir. Ölkə telekanallarında şou xarakterli verilişlər çoxalıb. Az.TV, İTV-ni və ANS-i çıxmaq şərti ilə digər televiziyalarda daha çox şit, ucuz, bayağı verilişlər verilir. Cəmiyyət də bundan narazıdır”.

Elmira Axundova onu da deyib ki, telekanallarda sosial reklamlar yoxdur. Deputat bildirib ki, yerli serialların çəkilməsi üçün ayrılan pullar təyinatı üzrə xərclənmir: "Milli, vətənpərvər ruhda seriallar, filmlər çəkilmir”.

Onun fikrincə, ölkə kanallarında şadlıq saraylarının reklamları qadağan edilməlidir. Deputatın sözlərinə görə, MTRŞ üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməlidir.

Nizami Cəfərov MTRŞ-lə bağlı iradlarla razılaşmayıb: "Televiziyalar üçün proqram siyasəti müəyyən etmək Televiziya və Radio Şurasının səlahiyyətlərinə aid deyil. Onu demək doğru deyil ki, bu şura heç bir şey etmir. Verilişlər əslində cəmiyyətin səviyyəsindən asılıdır. Tələbat nədirsə, televiziyalar da onu göstərir”.

Deputat Yaqub Mahmudov da MTRŞ-ın tənqidinə etiraz edib: "Televiziya və Radio Şurasında kifayət qədər ziyalı var və iş görülür”.

Layihə qəbul edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM